Hamı gəlir əlimdən
üzümdən-öpür, deyirlər, oğlun şəhid oldu, amma burdakı bütün
gənclər sənin oğlundur.
Bu sözləri Axar.az-a Ermənistan silahlı bölmələri tərəfindən
açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri,
1996-ci il təvəllüdlü İmran Xudaverdi oğlu Mirzəyevin anası Sevinc
xanım deyib. Övladının dəfnində iştirak edə bilməyən ana dövlət
rəsmilərindən ona ölkəyə gəlməkdə köməklik göstərmələrini xahiş
edib:
- Oğlumun ölümünü saytlardan izləyirəm, axı mən onun yanında
olmalı idim. Sarıla bilmədim oğlumun cənazəsinə, vidalaşa bilmədim.
Mən oğul vermişəm Vətənimə. İmran istəsə, Türkiyədən heç gəlməzdi,
amma o, könüllü olaraq Vətən qarşısında borcunu yerinə yetirmək
üçün ölkəmizə qayıtdı. Şəhid düşdüyü gün mənə zəng etmişdi, dedi,
ana, 55 günüm qaldı, xidməti başa vurum, yanına qayıdacam. Dedim
anana öpücük göndər, o öpücük sonuncu oldu.
Şəhid anası Türkiyəyə köçməsinin səbəbini danışıb:
- O vaxt vəziyyət pis idi, fabrikdə 3 növbə işləyirdim, amma
övladlarımı dolandıra bilmirdim. İmranın 5 yaşı olanda atası bizi
atıb getdi, harda olduğunu heç indi də bilmirəm. Ona görə də
övladlarımı uşaq evinə qoydum. Bir il orda qaldılar. Sonra
Türkiyəyə köçdük, burda ailə qurdum. Övladlarımın hamısı burda
oxudu. 8-ci sinifdən sonra oxumadı İmran, dedi, ana, işləyib sənə
baxmalıyam. Hər yerdə işləyirdi, bizim üçün narahat idi.
"Burda məni tək qoymadılar..."
- Burda hər kəs İmranin şəklini yaxasına sancıb. Bələdiyyə 3
molla tutub. Oğlum burda anılır, məni tək qoymurlar...
Qeyd edək ki, şəhid İmran Mirzəyevin anası Türkiyənin Bursa
şəhərində yaşayır. Ölkədə oturum izni almadığından, 7-8 aylıq
cəriməsi yaranıb. Bu cəriməni ödəmək imkanı olmadığından, Sevinc
xanım Vətənə gəlib, övladının dəfnində və yas mərasimində iştirak
edə bilməyib.
Yevlax rayon Aran qəsəbəsi bələdiyyəsindən Axar.az-a bildirilib
ki, şəhidin atasının hansı bölgədə yaşaması barədə dəqiq məlumat
olmadığından, onun baş verənlərdən xəbəri yoxdur.