Yuxarı

Bu, Əliyevin türk ölkələrinə açıq çağırışıdır - Ərol

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərolun Axar.az-a müsahibəsi:

- Mehmet bəy, Prezident İlham Əliyev andiçmə mərasimində bir sıra mühüm məqamlara toxundu, o cümlədən “türk ailəsi” ifadəsini işlətdi. Bu istiqamətdə nələr olacağını düşünürsünüz?

- Hər şeydən öncə qardaş Azərbaycan xalqını və cənab İlham Əliyevi uğurla keçirilən seçki münasibətilə təbrik edirəm.

Qlobal geosiyasətdə ciddi mənada dəyişikliklərin və bu səbəbdən böhranların yaşandığı mərhələyə şahidlik edirik. Dolayısı ilə beynəlxalq münasibətlərin yenidən inşası prosesində xüsusilə yeni güc mərkəzlərinin gələcəyini təyinetmə potensialı olan bölgələr irəli çıxır. Bu baxımdan Qafqazda və Mərkəzi Asiyada da dəyişikliklərin, transformasiyaların olması qaçılmazdır. Ona görə də cənab Əliyevin öz nitqində türk dünyası barədə vurğuladığı məqamlar qarşımızda bizi gözləyən proseslərin çox açıq şəkildə oxunduğunu göstərir.
Azərbaycanın sahib olduğu geostrateji mövqe onu türk dünyasının çox vacib ölkəsi kimi Qafqazda ön plana çıxarır. Dəyişən geosiyasi vəziyyətdə qardaş Azərbaycanın üzərinə götürdüyü məsuliyyət və oynayacağı rol həyati əhəmiyyət daşıyır. Qarabağda qazanılan qələbədən sonra yeni mərhələ başladı. Cənubi Qafqazda formalaşacaq yeni düzən başlayan mərhələnin də taleyini müəyyənləşdirəcək. Azərbaycan Çindən başlayan, Mərkəzi Asiyadan və Xəzərdən Cənubi Qafqaza, oradan Türkiyə və Avropaya uzanan “Bir kəmər bir yol” layihəsinin gerçəkləşdirilməsi, eyni zamanda qədim İpək Yolunun yenidən canlandırılması istiqamətində yalnız enerji sahəsində deyil, həm də dəhliz siyasəti və marşrutların təhlükəsizliyi məsələsində kritik ölkə mövqeyindədir.

- İlham Əliyevin türk dünyasına inteqrasiyanı prioritet elan etməsini, güclü dövlət və güclü ordu vurğusunu qardaş ölkələrə çağırış, bölgəni qarışdırmaq istəyənlərə mesaj hesab etmək olarmı?

- Hazırda Orta Dəhliz və onun əsas hissəsi olan Zəngəzur dəhlizi beynəlxalq münasibətlərin xüsusi məsələlərindən biri kimi diqqəti cəlb edir. Əlbəttə, Zəngəzur dəhlizindən və ölkələrimizin artan nüfuzundan narahat olan ölkələr var. Hədəfdə burada yerləşən bütün ölkələrdir. Ona görə də indiyədək mövcud olan bütün incikliklər bir kənara qoyulmalı, bölgə ölkələri ümumi təhlükəsizlik maraqları ətrafında və bərabərhüquqlu prinsiplər əsasında “qazan-qazan” düsturu çərçivəsində əlaqələri gücləndirməlidir. İlham Əliyev də artıq yuxarıda təsvir etdiyimiz mənzərəni daha dərindən analiz etdiyi üçün öz nitqində Azərbaycan dövlətinin yeni dövrdə istiqamətinin türk dünyası olduğunu vurğuladı. Ölkə başçısı hələ 2020-ci ildə “3+3” platforması çağırışı əslində regional əməkdaşlığın formulunu ortaya qoymuşdu. Bu formul eyni zamanda problemlərin daxildə həllini nəzərdə tutur, həm də kənar müdaxilələrin qarşısını alır. Böyük güclər Ermənistan da daxil olmaqla, bir sıra ölkələr üzərindən bölgəmizlə bağlı kirli planlar qurmağa, yeni proyeksiyalar formalaşdırmağa çalışırlar. Ancaq Ermənistan və onu himayə edənlər son nəticədə böyük bir məğlubiyyətə uğrayacaqlar. Qarşılaşacaqları nəticə isə onlar üçün “Pandora qutusu”nu açmağa bərabər olacaq. Dövlət başçısı çıxışında Azərbaycanın indi daha güclü olduğunu və Ordunun döyüş meydanında gücünü sübut etdiyini deməklə bölgəni yenə qan gölünə çevirmək istəyənlərə güclü bir mesaj verdi. İlham Əliyev Silahlı Qüvvələr məsələsinin üzərində dayanmaqla türk dünyasında ortaq təhdidlər və təhlükəsizlik baxımından güclü orduya olan ehtiyaca işarə etdi. Azərbaycan güclü dövlət iradəsi və peşəkar ordu ilə müharibəyə girdi və özünü sübut etdi. İlham Əliyev də yeni müharibədən çıxmış ölkənin Ali Baş Komandanı və prosesləri oxuya bilən təcrübəli siyasətçi kimi vacib məqamları qardaş ölkələrimizin də nəzərinə çatdırmağı özünə borc bilib.

- Hazırda Fransa başda olmaqla, bir sıra ölkələr vasitəçi maskası altında Cənubi Qafqaza girmək və Azərbaycana təsir göstərmək üçün cəhdlər edir. Nə etməliyik?

- Ölkə başçısı çıxışında qəti və konkret şəkildə vasitəçilərə ehtiyacın olmadığını bildirdi. Çünki 30 illik işğal dövründə onlar həllsizliyi həll kimi Azərbaycana sırımağa çalışdılar və Ermənistan üçün əllərindən gələni etdilər. Onlar bölgəni rəqabət meydanına çevirməklə buranı təsir dairəsinə salmaq istədilər və öz mənfəətləri ön plana çıxarıb Azərbaycanın haqlı tələblərini qulaqardına vurdular. Əliyev də dolayısı ilə vasitəçilərə yox, qarşılıqlı fəaliyyət göstərə biləcəyi konstruktiv ortaqlara, tərəfdaşlara ehtiyacı olduğunu bildirdi. Bu güclər Mərkəzi Asiyada da fəallaşıb və oranı da təsir dairələrinə salmağa çalışırlar. Dünyada təhlükəsizlik mərkəzli qeyri-müəyyənliklərin dövrün ən yüksək səviyyəsinə çıxdığı bir şəraitdə cənab Əliyev də türk dünyasını əsas götürərək bölgə dövlətlərini çox aydın və konkret şəkildə əməkdaşlığa çağırır. Soyuq müharibədən sonra baş verən prosesləri izləyəndə biz əslində Üçüncü Dünya müharibəsinin getdiyini görürük. Azərbaycan da prosesi dərindən təhlil etdi və hazırlaşdı. Bu lokal şəkildə davam edən müharibə Cənubi Qafqaza sıçradı və Azərbaycan onun qalibi oldu. Qarşıda Üçüncü Dünya müharibəsinin daha ağır və dağıdıcı mərhələyə daxil olma təhlükəsi var. Cənab İlham Əliyev də yeni dövrdə türk dünyasının öz birliyini daha da gücləndirməsi və sürətləndirməsi, ortaq təhdidlər və təhlükəsizlik problemləri qədər dəhlizlər, eyni zamanda enerji sahəsində əməkdaşlığın həyati əhəmiyyət daşıdığının altından xətt çəkdi. Fikrimcə, İlham Əliyevin çıxışı zamanı birlik üçün etdiyi çağırışlar cavabsız qalmamalıdır. Çünki ayaqda qalmağımızın və yeni dövrdə dünyada özümüzə layiq yer tutmağın yeganə yolu birliyimizdən keçir.

Tarix
2024.02.16 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Bu seçki dairələrinin hüdudlarına dəyişiklik edildi

Bakı və İrəvan arasında sülh sazişi... – Gülər

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri...

AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video

“Politiko” dezinformasiya yaymaqda davam edir - Hacıyev

Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti

Duda İrəvanda Azərbaycandan danışdı

Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video

Samirə Ermənistana getdi, Paşinyana mesaj verdi - Foto

Kəşfiyyatçılar Moskvada bir araya gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla