Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 18-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud
Çavuşoğlunu qəbul edib.
Axar.az xəbər verir ki, fevralın 17-də Ankarada törədilmiş
terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud
Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlət başçısı bu
terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin
ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib.
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də
Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd edib:
"Fevralın 17-də qardaşım, hörmətli Prezident Rəcəb Tayyib
Ərdoğan axşam saatlarında mənə telefonla zəng etdi və bildirdi ki,
bu hadisə ilə əlaqədar Bakıya gələ bilməyəcək. Təbii ki, biz bunu
anlayırıq. Mən ona da Azərbaycan xalqının başsağlığını ifadə etdim,
şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və yaralı
qardaşlarımıza şəfa dilədim".
Prezident İlham Əliyev Türkiyə Prezidenti üçün münasib olan bir
vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti
iclasının ölkəmizdə keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd
edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da
genişləndirilməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının
əhəmiyyətindən danışan dövlət başçısı bunu birliyimizin ifadəsi
kimi dəyərləndirib. Şuranın iclasının gündəliyinin geniş olduğunu
və burada bir çox məsələlərin müzakirə ediləcəyini deyən dövlət
başçısı iclasın yaxın vaxtlarda keçiriləcəyinə əminliyini ifadə
edib.
Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu
fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində
insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş
Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman
olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının
yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını
bildirib. Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini
vurğulayan Mövlud Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra
da davam etdiriləcəyini qeyd edib. O, Türkiyə-Azərbaycan Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın
vaxtlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə
ölkələrimiz arasında münasibətlərin daha da irəliyə aparılacağına
əminliyini ifadə edib.
Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən
ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan
qərarların ölkəsində rəğbətlə qarşılandığını deyib və qardaş
Azərbaycanın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin liderliyi
ilə görülən bütün işlərdə uğurlar arzulayıb.