Ölkəmizdə səfərdə olan İspaniya parlamentinin
üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun
rəhbəri Xose Maria Çikoyonun "Publika.az"a eksklüziv
müsahibəsi:
- Azərbaycanda olmaq sizin üçün necədir?
- Mən Azərbaycanda artıq 7-ci dəfədir ki, oluram. Azərbaycana
ilk səfərimdən bəri ölkəniz çox dəyişib və inkişaf edib. Mən
Azərbaycanda, paytaxt Bakıda böyük inkişafı görürəm. Bu səfər mənə
çox xoş təsir bağışladı və maraqlı oldu.
- Səfərinizin əsas məqsədi nədir?
- Biz Azərbaycan nümayəndələri ilə keçirdiyimiz bütün görüşlərdə
qeyd etmişik ki, səfərimiz tanışlıq məqsədi daşıyır. Azərbaycan
haqqında məlumatları İspaniya ictimaiyyətinə, parlamentinə və
hökumətinə çatdıracağıq.
- Səfər zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə
etdiniz. Bu münaqişə ilə bağlı ölkənizin mövqeyi nədən
ibarətdir?
- 2012-ci ildə Madriddə də bizim görüşümüz olmuşdu. O vaxt
Azərbaycan parlamentinin bir qrup deputatı Madridə səfər etmişdi. O
zaman da keçirdiyimiz görüşdə biz Dağlıq Qarabağ münaqişəsini
müzakirə etmişdik. Bu səfərimizin də əsas məqsədi odur ki,
Azərbaycanın sosial, iqtisadi, siyasi və mədəni vəziyyəti haqqında
ətraflı məlumata malik olaq, ölkənizi daha yaxşı tanıyaq.
Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur ki, həll olunmayıb. Bu
illər ərzində haqq-ədalət bərpa olunmayıb. BMT-nin qəbul etdiyi 4
qətnamə hələ də icra olunmamış qalır. Biz bu qətnamələrin icrasına
və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq. Bu
münaqişə nəticəsində Azərbaycan əhalisinin xeyli hissəsi qaçqın
vəziyyətinə düşüb. Bu dözülməzdir. Unutmayaq, İspaniya dünyada
insan hüquqlarını ən fəal müdafiə edən dövlətlərdən birirdir. Biz
öz yurdlarından didərgin düşən və bir çox sahələrdə hüquqları
pozulan Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına qayıtması
üçün əlimizdən gələni əsirgəməyəcəyik. Biz bu işğala son
qoyulmasını, insan hüquqlarının təmin olunmasını və regionda, o
cümlədən Azərbaycanda sülhün təmin olunmasını arzu edirik.
Əgər BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilərsə, o zaman
müharibəyə ehtiyac qalmaz. Hesab edirəm ki, münaqişənin həlli üçün
də ən yaxşı çıxış yolu məhz odur ki, BMT-nin qəbul etdiyi
qətnamələr icra olunsun. Biz bu münaqişə haqqında ətraflı məlumatı
öyrənirik. Azərbaycandan qayıdandan sonra isə ölkəniz haqqında, o
cümlədən, işğal olunmuş torpaqlarınızla bağlı həqiqətləri ispan
xalqına və hökumətinə çatdırılacaq.
- Azərbaycanda da İspaniyaya maraq var. Xüsusilə də
İspaniya futbol klubları Azərbaycanda maraqla izlənilir. Bizim üçün
maraqlıdır, siz hansı kluba azarkeşlik edirsiniz?
- Təbii ki, İspaniyanın futbol klubları olan "Real Madrid",
"Barselona", "Valensiya" və digərləri dünyada olduğu kimi,
Azərbaycanda da sevilə bilər. Bu, təbii haldır. Bizim keçirdiyimiz
görüşlərin də əsas məqsədi odur ki, İspaniya-Azərbaycan arasında
həm idman, həm siyasi, həm mədəni, həm də digər sahələrdə
münasibətlər yüksəlsin. Əlaqələrimizin genişlənməsi gələcəkdə
futbol sahəsində də əməkdaşlığa yeni imkanlar açacaq.
Ümumiyyətlə, biz Azərbaycandan yeni layihələr və təkliflər
gözləyirik.
- Bəs siz hansı klubun azarkeşisiniz?
- Mənim sevimli futbol klubum var və bu, "Valensiya"dır.
"Valensiya"nın azarkeşiyəm.
- Fevralın 26-da ermənilərin azərbaycanlılara qarşı
törətdikləri Xocalı soyqırımının növbəti ildönümü anılacaq.
Ümumiyyətlə, Xocalı soyqırımı haqqında siz və ispan xalqı nə qədər
məlumatlıdır?
- Əlbəttə ki, Xocalı haqqında məlumatım var. Mən katolikəm və
dünyanın istənilən yerində günahsız insanlara, ən əsası da körpə
uşaqlara, qocalara və qadınlara qarşı törədilən bu cür vəhşiliklərə
heç cür haqq qazandıra bilmərəm. Bu soyqırımı törədənlər mütləq
qanunlar qarşısında cəzalandırılmalıdır.