Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti
iclası keçirilib.
Şuranın mətbuat xidmətindən "Axar.az"a verilən
məlumata görə, iclası açan Şura sədri Azay Quliyev maliyyə yardımı
müsabiqəsinin yekunları ilə əlaqədar bir neçə gün davam edən
müzakirələrə yekun vurub.
Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr,
Şuranın 2014-cü il fəaliyyət planı, QHT-lərin fəaliyyətinə aid olan
qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı
maarifləndirmə və məlumatlandırma tədbirlərinin həyata keçirilməsi
və Şuranın maliyyələşdirdiyi xarici QHT-lərin layihələrinin monitorinqinin
təşkili geniş müzakirə edilib.
Şura Katibliyinin icraçı direktoru F.Qurbanov Şuranın elektron
məlumat bazasına QHT-lər tərəfindən 484 daxilolmanın qeydə
alındığını, onlardan 83-nün təqdim etdiyi sənədlərdə çatışmazlıqlar
aşkarlandığından seleksiyadan keçmədiyini qeyd edib. Elektron
bazada müxtəlif QHT-lərdən 61 təkrar daxilolma faktı da qeydə
alınıb. 340 təşkilatın layihəsi isə qiymətləndirilmə üçün
ekspertizaya göndərilib. Ekspertiza mərhələsində hər layihə iki
müstəqil mütəxəssis tərəfindən qiymətləndirilib.
Şura əvvəlki iclaslarda dəstəklənməsi qərara alınmış layihələr
barədə büdcə komissiyasının təqdimatlarını, ekspert
qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını
nəzərə alaraq, 217 QHT layihəsinin maliyyələşdirilməsi haqqında
yekun qərar qəbul edib. Siyahı Şuranın
www.qhtxeber.az və
www.cssn.gov.az saytlarında yerləşdiriləcək.
İclasda apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilərək
ərizələrə baxılması proseduru nəzərdən keçirilib. Apelyasiya
komissiyasında ərizələr 15 fevral 2014-cü il saat 17.00-dək qəbul
ediləcək.
Toplantıda xarici QHT-lərdən Şuraya daxil olan layihələr
müzakirə edilib. A.Quliyev Belçika və Gürcüstan QHT-ləri tərəfindən
Şuraya iki layihə təqdim olunduğunu bildirərək onlar haqqında
ətraflı məlumat verib. Gürcüstan QHT-sinin layihəsi işğal edilmiş
ərazilərə qanunsuz səfərlərin qarşısının alınması, Belçika
təşkilatının layihəsi isə Azərbaycanda qadınların hüquq
bərabərliyinin Avropada tanıdılmasından bəhs edir. Müzakirələrdən
sonra Şura üzvləri hər iki layihənin maliyyələşməsi haqqında qərar
qəbul ediblər.
İclasda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə aid olan
qanunvericilik aktlarında edilən dəyişikliklərlə bağlı
maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili geniş
müzakirə edilərək Şuranın hüquq və monitorinq komissiyasının
yaradılması barədə də qərar qəbul edilib.
Toplantıda Şuranın 2014-cü il fəaliyyət planı və dəstəklədiyi
xarici QHT-lərin layihələri çərçivəsində keçiriləcək tədbirlərdə
iştirak üçün Şura əməkdaşlarının səfərlərinin maliyyələşdirilməsi
ilə də bağlı qərar qəbul olunub.
Cari məsələlərin müzakirəsində Şura ilə müqavilə öhdəliklərini
pozan 19 təşkilatın qurumun Əsasnaməsinin 2.3.10-cu bəndinə uyğun
olaraq 2 il müddətinədək layihələrinin maliyələşdirilməsindən
imtina edilməsi, 10 QHT-yə isə xəbərdarlıq edilməsi qərara
alınıb.
Toplantının sonunda Əlil Təşkilatları İttifaqının əlilliyi olan
şəxslərin cəmiyyətə inteqrasiya olunmasında göstərdiyi xidmətlərə
görə Şura sədri A.Quliyevə "Əlilliyi olan şəxslərin dostu" mükafatı
təqdim edilib.