Axar.az Rusiyanın bir müddət öncə qoşunlarını Suriyadan
çıxarması ilə bağlı sabiq dövlət müşaviri Qabil Hüseynlidən aldığı
müsahibəni təqdim edir:
- Necə düşünürsüz, Rusiya Suriyada istədiyinə nail ola
bildimi?
- Rusiya imicini müəyyən qədər qoruyub saxlamaq üçün ikinci
Əfqanıstandan tələsik uzaqlaşdı. Putin çıxışında qeyd etdi ki,
istədikləri vaxt yenidən Suriyaya qayıda bilərlər. Ancaq Moskva
üçün geri dönüş çoxdan başlayıb. Proses Amerikanın qurduğu ssenari
üzrə işləməkdədir. Ssenariyə uyğun olaraq, əvvəlcə İran, sonra isə
Rusiya qoşunlarının böyük hissəsini Suriyadan çıxardı. Qərarda
Amerikanın təsiri istisna edilmir. Ancaq Rusiya bu barədə İrana və
yaxın saydığı dövlətlərə belə məlumat vermədi. Ona görə də bu
addımı Rusiya-ABŞ qarşıdurmasında Moskvanın uduzmasının bir əlaməti
kimi də xarakterizə etmək olar. Amerikanın yeni doktrinasında belə
bir əlavə var: dünya üçün bir nömrəli təhlükə Rusiyadır və
Vaşinqton bu qlobal təhlükənin zərərsizləşdirilməsi istiqamətində
səylərini gücləndirir. Bu özünün taktiki fəaliyyətini
göstərməkdədir. Rusiyanın sərhədləri boyunca qurulan hava
hücumundan müdafiə sistemlərinə, nüvə qalxanı deyilən, əsas
komponenti kosmik silahlardan ibarət olan sistem də daxildir.
Bundan sonra Amerika siyasətinin əsas istiqaməti Rusiyanın təsir
dairəsində olan ölkələri Qərbə tərəf yönəltmək olacaq. Bir sözlə,
ABŞ-ın Rusiya ilə bağlı planları indi daha konkret istiqamət
alır.
- Böyük güclərin maraqlarının toqquşduğu Yaxın Şərq
regionunda proseslərin gedişatı bundan sonra necə
dəyişəcək?
- Səudiyyənin rəhbərliyi altında yaradılan müsəlman ittifaqının
fəaliyyəti güclənəcək. Bu kontekstdə Türkiyənin rolu da artacaq.
Rusiyanın Suriyanı yenidən Aralıq dənizi və Xəzərdən vurma məsələsi
əvvəlki qüdrətini itirdi. Hazırda ASO və müxalif qüvvələr xeyli
fəallaşıblar və atəşkəsi rejimi işləmir. Səudiyyənin yaratdığı
ittifaqın Suriya və İŞİD-ə qarşı hərəkətə keçməsi isə Amerikanın
bir sözündən asılıdır. Səudiyyə Rusiyanın təhdidlərinə qarşı əlində
Pakistan kartını saxlayır. Məhz buna görə də bu yaxınlarda Obama
Ər-Riyada səfər edəcək. Məqsəd isə hələ ki, Səudiyyəni dayandırmaq
və bölgədə irimiqyaslı müharibə alovunun başlamasını əngəlləməkdir.
Çünki regiondakı proseslər və plan bundan sonra mərhələli şəkildə
məhz Amerikanın qurduğu ssenari əsasında işləyəcək. Ər-Riyad isə
Vaşinqtonun yolunu gedəcək. Heç kimə sirr deyil ki, Çeçenistan kimi
kiçik bir müsəlman dövləti az qala Rusiyanı diz çökürtdürdü.
Rusiyada onlarla belə müsəlman dövləti var və bu ölkələrdə müsəlman
ittifaqını dəstəkləyən qruplar kifayət qədərdir. Bundan sonra
Suriya ətrafındakı proseslər xaotik deyil, bəlli plan əsasında
gedəcək. Plana isə ABŞ-ın rəhbərlik edəcəyi kifayət qədər real
görünür.
- Rusiyanın Suriyadan çıxması İranın bu bölgədəki
maraqlarına necə təsir edəcək?
- İran hazırda təşviş içindədir. Tehran hesab edir ki, Suriya
rejimi möhkəmlənir. Hətta Rusiyada da belə bir qənaət var ki,
hazırda Əsədin qüvvələri artıq ölkənin böyük hissəsinə nəzarət
edir. Ancaq bu, həqiqəti əks etdirmir. Suriya ordusunun əlində olan
ərazilərə yenidən müxalif qüvvələrin əks hücumu başlayıb. Səudiyyə
tərəfindən təmin edilən xüsusi bir dəstə var ki, bundan sonra o da
fəallaşacaq. Belə görünür ki, Əsədə qarşı olan münasibət xeyli
dəyişib. Rusiya Suriyada 1milyard dollardan çox pul itirib.
Üstəlik, Əsədin 40 milyard dollarlıq borcunun Moskvaya qayıtması
tam sual altındadır. Düzdür, Suriya əzab çəkəcək və yenə
qarşıdurmalar olacaq, ancaq hər halda Cenevrə prosesinin başlaması,
Amerikanın təsirləri, keçid hökumətinin qurulması və uzağı 18 aya
ölkədə seçkilərin keçirilməsi prosesində Əsədin iştirakı sual
altında qalacaq.