Prezident İlham Əliyev Azərbaycan Respublikası
Auditorlar Palatasının kollektivinə və üzvlərinə təbrik məktubu
göndərib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
"Azərbaycan Respublikasının bazar infrastrukturu sistemində
özünəməxsus yeri olan və şəffaflığın təmin edilməsində əvəzsiz rol
oynayan Auditorlar Palatasının 20-ci ildönümü münasibətilə sizi
səmimi qəlbdən təbrik edir, ölkəmizin iqtisadi qüdrətinin və
potensialının artması naminə səmərəli fəaliyyətinizdə uğurlar
arzulayıram.
Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan
müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ
hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə
nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına imkan
yaratmışdır. Ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsi
Auditorlar Palatası tərəfindən həyata keçirilir. Auditorlar
Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit
standartlarının tətbiqi reallaşdırılmış, daxili audit xidmətinin
korporativ idarəetmə sisteminin ayrılmaz elementinə çevrilməsi,
auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində
xeyli iş görülmüşdür. Palata beynəlxalq və regional peşə
qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası kimi
çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir.
Büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək,
gəlirlərdən səmərəli istifadəni təmin etmək cəmiyyəti daim
qayğılandıran məsələlərdəndir. Şəffaflıq olmadan qazanılan iqtisadi
uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün
deyildir. Əldə olunan iqtisadi nailiyyətlər və sosial tərəqqi
müdrik Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda uğurla
davam etdirilən strategiya nəticəsində mümkün olmuşdur. Çox xoşdur
ki, Azərbaycanın indiyə kimi qazandığı iqtisadi uğurlar və hazırda
həyata keçirdiyimiz islahatlar dünyanın nüfuzlu maliyyə qurumları
tərəfindən lazımınca qiymətləndirilir. Bu isə öz növbəsində, bizim
hər birimizdən daha şəffaf və səmərəli işləməyi tələb edir.
Şəffaflıq, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə nəzarət
orqanlarının işini asanlaşdırır.
Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai
nəzarətin, o cümlədən müstəqil auditin rolu getdikcə artır.
Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində,
vəsaitlərin təyinatına uyğun və qənaətlə xərclənməsində aşkarlığı
təmin edən əsas vasitələrdən biridir. Eyni zamanda, yeni dövrün
çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki
mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini
artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində
çox iş görülməlidir.
Əminəm ki, Auditorlar Palatası bundan sonra da özünün səmərəli
fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin inkişaf və tərəqqisinə,
şəffaflığın təmin edilməsinə və daha da artırılmasına öz töhfəsini
verəcəkdir", - təbrikdə qeyd edilir.