Sizinlə birlikdə danışıqlar apardıq, ikitərəfli
münasibətlərin bir çox mühüm, o cümlədən regional məsələlərini
müzakirə etdik. Əlaqələrimizin gələcək inkişafı üzrə fikir
mübadiləsi apardıq. Deyə bilərəm ki, müzakirə olunan bütün
məsələlərdə fikirlərimiz üst-üstə düşür.
Bunu fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi
Marqvelaşvilinin şərəfinə rəsmi ziyafətdə çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, ən başlıcası odur ki, Azərbaycan və
Gürcüstan ikitərəfli əlaqələri bütün istiqamətlərdə fəal inkişaf
etdirmək niyyətindədir: "Bu gün biz bir növ görülən işləri təhlil
etdik və gələcək üçün əlaqələrin inkişaf yollarını
müəyyənləşdirdik. Birinci növbədə qarşılıqlı siyasi fəaliyyətin
möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək,
mühüm qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına
sadiqlik - bunlar çox vacib məsələlərdir. Çünki Gürcüstan və
Azərbaycan bu məsələlərdə - onun əlaqələndirilməsində, qarşılıqlı
fəaliyyətində və qarşılıqlı dəstəkdə çox mühüm rol oynayırlar.
Artıq regional çərçivədən kənara çıxan layihələrin
reallaşdırılmasında bütün bunlar çox vacibdir".
Dövlət başçısı əmindir ki, energetika sahəsində, nəqliyyat,
kommunikasiya infrastrukturlarında Azərbaycan və Gürcüstan
qarşıdakı illərdə daha böyük uğurlara nail olacaq: "Biz, həmçinin
iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Hesab
edirəm ki, əmtəə dövriyyəsinin artırılması üçün yaxşı imkanlar
vardır. Ölkələrimizin potensialından daha geniş istifadə etmək və
sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın
tələblərinə uyğun olaraq istehsal edilən məhsulların ixracını
artırsınlar. Artıq investisiya layihələri həyata keçirilir. Gələcək
üçün də perspektivlər vardır".
İlham Əliyev hesab edir ki, qarşıdakı illərdə Azərbaycan və
Gürcüstan daha böyük həcmdə investisiyalar yatıracaq:
"Bununla da
iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan
verəcəyik. Bütövlükdə humanitar əməkdaşlıq da daxil olmaqla
müzakirə edilən bütün məsələlərdə bizdə qarşılıqlı anlaşma,
münasibətlərimizin perspektivinə dəqiq nöqteyi-nəzər
mövcuddur".
Prezidentin fikrincə, əsas odur ki, Gürcüstan və Azərbaycan bu
gün iki müstəqil dövlət kimi regional və kontinental məsələlərdə
mühüm rol oynayır: "Bu qarşılıqlı fəaliyyətin bünövrəsi isə əlbəttə
ki, xalqlarımızın arasındakı münasibətdir. Əsrlər boyu xalqlarımız
qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini
dəstəkləyiblər və gələcəkdə də belə dostluq və anlaşma şəraitində
yaşayacaqlar. Bu, bizim qoruya bildiyimiz əsas sərvətdir və biz
bunu gələcəkdə daha da zənginləşdirəcəyik.
Əlbəttə xalqlarımız görəndə ki, dövlət rəhbərləri oxşar, eyni
mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər bu da, həmçinin
onlar üçün qarşılıqlı fəaliyyətin bütün səviyyələrində
münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yeni imkanlar
yaratmaq baxımından yaxşı işarədir. Bizim uğurlu gələcəyimiz yalnız
sıx qarşılıqlı fəaliyyət sayəsində mümkündür. Bu məsələlərdə
baxışlarımız tam vəhdət təşkil edir. Əminəm ki, ölkələrimiz inkişaf
etmiş dövlətə çevrilmək üçün qarşıya qoyulan məqsədlərə nail
olacaqdır.
Bilirəm ki, hazırda Gürcüstanda dövlət rəhbərliyi həyatın bütün
sahələrində yaxşı nəticələr verən fəal islahatlara başlayıb. Bu
islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə
tutulanların hamısı gerçəkləşəcəkdir. Biz də öz tərəfimizdən sizin
nailiyyətlərinizə, qələbələrinizə yalnız sevinəcəyik və dost,
qardaş kimi həmişə yanınızda olacağıq. Tarixin hökmü belədir.
Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş
münasibətidir ki, biz qonşu olmuşuq.
Bizim münasibətlərin nümunəsi fikrimcə öyrənilməyə layiqdir. Heç
də həmişə, hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri və
xalqları kimi mehriban dostluq, anlaşma və sülh şəraitində
yaşamırlar və iki dövlət kimi qarşılıqlı fəaliyyət göstərmirlər.
Bu, elə bir sərvətdir ki, biz bunu qorumalı və saxlamalıyıq, belə
də edəcəyik. Bizim insanlarımızın, vətəndaşlarımızın güzəranını
daha da yaxşılaşdırmaq, ölkələrimizin isə daha güclü olması üçün
birgə işləyəcəyik. Gürcüstana uğurlar, qələbələr və gürcü xalqına
tərəqqi arzulayırıq".
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili isə çıxış edərək deyib
ki, ilk növbədə Azərbaycanın paytaxtı Bakıda gördüklərindən
heyrətlənib:
"Əlbəttə, səfərimiz bizim ilk görüşümüzün təəssüratları ilə
başladı. Biz görüşərək regionun və ölkələrimizin gələcəyi haqqında
söhbət açdıq. Amma mən qeyd etmək istərdim ki, gələcək layihələr,
problemlər və onların həlli yollarına baxışlarımız üst-üstə düşür.
Düşünürəm ki, bu da regionun və bu layihələrin gələcək inkişafına
müsbət təsir göstərəcəkdir".
Onun sözlərinə görə, təbii ki, Azərbaycanda gerçəkləşən
layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün
deyildir:
"Biz bu gün yeniləşən və müasirləşən Bakını görmək imkanı əldə
etdik. Biz bütün gördüklərimizin xoş təsiri altında olduq. Təbii
ki, Azərbaycan və hökumətiniz bu inkişafı Heydər Əliyevin
rəhbərliyi altında gedən keçmiş proseslərdən alır və çox şadıq ki,
bu proseslər bu gün də davam edir, dərinləşir və öz bəhrələrini
verir.
Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasındakı əməkdaşlıq
nəinki region, həm də bir çox xalqlar üçün nümunədir.
Biz Sovet İttifaqı dağılandan sonra həm öz dövlətçiliyimizi, həm
də bir-birimiz arasında münasibətləri qardaşlıq, qarşılıqlı anlaşma
və hörmət əsasında formalaşdıra bildik. Təbii ki, biz gələcəyə
böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi, enerji və nəqliyyat
layihələri təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də digər
dövlətlərin inkişafına real təminat verir.
İnanıram ki, müasir dünyanın əksər dövlətləri bizim əməkdaşlığa
baxır və əmin olurlar ki, bu əməkdaşlıq gələcəkdə öz bəhrələrini
verəcəkdir. Müvafiq olaraq bu layihələrin inkişafı istiqamətində
işləyən tərəfdaş və tranzit ölkə kimi biz əsası qoyulmuş
prinsiplərə sadiqik və bu layihələrin gələcəkdə daha da inkişafına
ümid edirik. Bir daha qeyd etmək istərdim ki, biz siyasi sahədə də
səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığın artıq öz tarixi
vardır".
Georgi Marqvelaşvili bildirib ki, Gürcüstan Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir: "Azərbaycan da Gürcüstanın ərazi
bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda
mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə
bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq
normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır.
Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır.
Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər
yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır.
O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və
qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında
münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli
Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan
vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz.
Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür.
Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır.
Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban
qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real
gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına
yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir. Çünki iqtisadi
layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil,
elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik.
Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf
edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq. Qəbula görə
Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm".