Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhid olan Silahlı Qüvvələrin zabiti, 40 yaşlı polkovnik
Vüqar Yusifovun cənazəsi Şəmkir rayonuna gətirilib.
Report-un
məlumatına görə, şəhid rayonun Şiştəpə kəndində dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik
və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) nümayəndələri,
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri, rayon
ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin hərbçiləri və döyüş
yoldaşları iştirak edib.
Qeyd edək ki, şəhid Vüqar Yusifov ailə olub, iki qızı və bir
yaşlı oğlu var. Vüqar Yusifov Şəmkirdən olan ikinci şəhiddir. Ötən
gün rayonun Tatar kənd sakini 19 yaşlı əsgər Nurlan Qasımov öz
doğma kəndində torpağa tapşırılıb.
***
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan zabitinin dəfn
mərasimində böyük izdiham yaşanıb.
Cəbhə xəttinin Füzuli rayonu istiqamətində erməni hərbi
birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak
olan Ağdam rayonundan məcburi köçkün, 26 yaşlı Ziya Niyazi oğlu
Həsənovun cənazəsi "Vətən sağ olsun!", "Şəhidlər ölməz Vətən
bölünməz!", "Vətən sənə canım fəda!", "Şəhidlər ölmür!", "Qələbə
naminə!" şüarları ilə Bərdə rayon Şəhidlər Xiyabanına
gətirilib.
Azərbaycan ordusunun şəhidi alqış sədaları altında dəfn
olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)
nümayəndələri, hüquq-mühafizə orqanlarının rəsmiləri, rayon
ictimaiyyəti, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit
heyəti iştirak edib.
Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb,
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
***
Azərbaycan ordusunun şəhid olan zabiti, 1992-ci il təvəllüdlü
Şirinov Sahil Həsrət oğlu aprelin 6-da doğulduğu Qəbələ rayonunda
dəfn edilib.
APA-nın xəbərinə
görə, şəhid Sahil Şirinov Qəbələ rayonunun Bum qəsəbəsindəki
məzarlıqda torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qəbələ Rayon
İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının, idarə və
təşkilatların kollektivi, minlərlə rayon sakini ilə yanaşı şəhidin
qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər
an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının
yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin
ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini
bildiriblər.
Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı
səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola
salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atasına
təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid
leytenant Sahil Şirinov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbin məzunu olub.
Sahil Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
Mərasimdə Zaman Şirinov şəhid qardaşı Sahil ilə fəxr etdiyini
bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərə
Allahdan rəhmət diləyib.