Dünənki mətbuat konfransında
Bako Saakyanın davranışı, görünüşü çox pis təsir bağışladı.
Suallara asta-asta cavab verirdi, başını yelləyirdi. Onun cavabları
anlaşılmaz, qeyri-adekvatdı. Sanki sualları anlamırdı. Bako
Saakyanın cavablarında nə siyasi ritorika vardı, nə də siyasi
məzmun. Sanki onun simasında qorxu vardı o gün.
Axar.az Mir.az-a
istinadla xəbər verir ki, bu fikirlər İrəvanda çıxan "Lragir"
qəzeti və "Noyan Tapan" agentliyində Dağlıq Qarabağ
separatçılarının lideri Bako Saakyanın Xankəndidə keçirdiyi mətbuat
konfransı barədə yaydıqları məqalələrdə yer alıb. Müəlliflər
separatçı liderin təşviş içində, qorxmuş, hətta mağmın təsir
bağışladığını vurğulayıblar.
"Lragir"in baş redaktoru Haykazn Kahriyan "Bako Saakyanı nə
narahat edir?" başlıqlı köşəsində yazır:
"Bako Saakyanın görkəmi çox ciddi narahatlıq yaradır. O, nədənsə
qorxmuş, amma bu qorxusunu dilə gətirməkdən çəkinən insan təsir
bağışlayır. Ola bilər ki, mən yanılıram, Bako Saakyan həmin mətbuat
konfransında yorğun olub. Aprelin 1-dən 5-dək olan döyüşlər ona pis
təsir edib, üstəlik, ön cəbhədə olub və s. Amma Bako Saakyan əsgər
yox, siyasətçidir və anlamalıdır ki, mətbuat konfransında
jurnalistlərin qarşısına çıxırsa, ona həmin jurnalistlərdən savayı
milyonlarla erməni baxır.
Mənə belə gəlir ki, deyəsən, Bako Saakyan üzərinə düşən
məsuliyyətdən qorxur. Yaxud da bəzi siyasi hadisələrin məzmununu,
səbəbini anlamır, nəticələri proqnozlaşdıra bilmir. Yaxud da o, son
günlərdəki hadisələrin konkretliyinin məngənəsinə düşdüyündən artıq
dərk edir ki, qarabağlı ermənilərin taleyini onlar yox, başqaları
həll edirlər. Axı Ermənistan prezidentindən, daha sonra erməni
diasporundan, daha sonra "xeyriyyə yardımları" adı altında kömək
edib əvəzində konkret tələblər irəli sürən erməni iş adamlarından
asılı ola-ola "müstəqil siyasətçi, lider" kimi danışmaq asan
deyil".
Müəllifin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı son
hadisələr Bako Saakyanın "hakimiyyət dəstəsi"nin zəifliyini, onun
daim vurğuladığı "istənilən hücuma cavab verməyə hazırıq"
bəyanatlarının mif olduğunu göstərdi.
"Torpaqlarımızı müdafiə edəcəyik" deyən Bako Saakyan İrəvan
mediasını və erməni diasporunu qəzəbləndirib.
"Noyan Tapan" agentliyi yazır: "Bako Saakyan hələ də dərk etmir
ki, belə primitiv bəyanatları ilə İrəvan restoranlarında "rabis"
(Ermənistanda ara mahnılarına verilən ad - red.) oxuyan, sonra da
televiziya ekranlarına hərbi paltarda çıxıb "Vətəni qoruyacağıq"
deyən müğənnilər təki bambılı, yüngül adam təsiri bağışlayır.
Saakyan müdafiəçi deyil, siyasətçidir. Di gəl, hələ də siyasətçi
kimi danışmağı, siyasətçi kimi davranmağı öyrənə bilməyib. Bako
Saakyan elə hey "dünya birliyinin laqeydliyi"ndən gileylənir,
erməni diasporundan aşkar şəkildə pul dilənir, lakin çətin anlarda
mağmın təsir bağışlayır. Belə getsə, Dağlıq Qarabağ indi nəzarət
etdiyi Azərbaycan rayonlarını itirəcək".