Cəbhədə son hərbi
əməliyyatlarda şəhid olan pilotlar – Urfan Vəlizadənin, Təbriz
Mustafazadənin və Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı
Murad Mirzəyevin son mənzilə yola salınmasında "Şəhidlər ölməz,
Vətən bölünməz!" şuarları ilə insan selinin necə hayqırdığı hələ də
qulaqlarda səslənməkdədir.
Bu insan seli Vətənin bağrına qəhrəmanları elə möhtəşəmliklə
yolladı ki, dost da, düşmən də buna şahid oldu. Bu insan seli Ali
Baş Komandanımız İlham Əliyevin şəhidin cənazəsi önündə baş
əydiyinin, ailə üzvləri ilə ayrı-ayrılıqda görüşərək onların
dərdlərinə şərik olduğunun da şahidi oldu. Ali Baş Komandan bir
daha öz zabitinə, əsgərinə necə sayğı ilə yanaşdığını nümayiş
etdirdi. Onun bu addımının bütün dövlət məmurlarına bir nümunə
olduğunu hansısa məmur görmək istəməzsə, deməli, o məmur
vətənsizdir və onun üçün vətən-torpaq anlayışı yoxdur...
Mən əsgər olmaq istəyirəm!
Biz xalq olaraq bir yumruq kimi birləşə bilirik. Xalqımızdakı
birlik, həmrəylik o qədər yüksəkdir ki, insanlar Vətən üçün, torpaq
üçün Ali Baş Komandanımızın əmrini gözləyir.
Elə Nizami rayon 10 saylı orta məkdəbin 10-cu "B" sinif şagirdi
Günel Rəhimovanın "Mən əsgər olmaq istəyirəm" deyimi və səsindəki
hayqırtı kimi...
Mən 1992-ci ildə Qarabağ müharibəsinin həm şahidi, həm
qazisiyəm. O dövrdə Vətən oğulları ilə yanaşı, qəhrəman bacılarımız
da bizimlə çiyin-çiyinə döyüşürdülər. Günelin "Mən əsgər olmaq
istəyirəm" deyimindəki o səs məni yenidən 1992-ci ilə qaytardı.
Radaların, Bəstilərin və Vətənimizin neçə-neçə qəhrəman qızının
hayqıraraq "Bizə silah verin!" deyimi qədər qanımı damarlarımda
dondurdu Günelin bu deyimidir...
İkinci Fəxri Xiyabanda cəbhədə son hərbi əməliyyatlarda şəhid
olan pilotlar – Urfan Vəlizadənin, Təbriz Mustafazadənin və Xüsusi
Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin Vətən
övladlarının çiyinlərdə son mənzilə yola saldığı mərasimdə əsgər
libasında balaca Günelin yaxınlaşaraq "Mən əsgər olmaq istəyirəm!"
deməsi bir anlığa gözlərimdən axan yaşı selə döndərdi. Bu məsum
qızcığazın qarşısnda sanki daşa döndüm...
Millətimin ərlərində olan qeyrətin onun qızlarında da olduğu heç
kimə sirr deyil. Düşmənlə vuruşaraq qana-qan, cana-can deyə biləcək
qeyrətli qızlarımız, qadınlarımız var. Elə Günel kimi...
Günelin gözlərindəki intiqamı görməmək, düşmənə olan nifrəti
duymamaq mümkün deyil. Düşmənə qarşı intiqamın aşıb-daşdığını,
nifrətin belə kükrədiyini gördükcə, ermənilərin bundan sonra
Qarabağda yaşadığı hər günün onlar üçün cəhənnəm olacağına əmin
olursan!
Görüb duyduqlarımdan az qala yıxılacağım bir anda Günelin sinif
yoldaşları hayıma çatdı. Onların Günelə yaxınlaşaraq, "Günel,
ölmüşük ki, biz dura-dura, sən əsgər gedəsən? Biz qardaşlar
döyüşəcəyik, siz bacılar isə bizm qəhrəmanlığımızla qürur
duyacaqsınız!" – dedikdə bu mərd, comərd balaların hər birini
ayrı-ayrılıqda öpmək istədim.
Onların cəsarəti qarşısında baş əyməmək mümkün deyildi. Ancaq
özümü toparlayıb üzümü Günelə və onun sinif yoldaşlarına tutdum:
"Sizin hər birinizin içindəki Vətən eşqi, torpaq sevgisi,
qəhrəmanlıq dəyanəti qarşısında baş əyirəm! Amma bizim güclü
ordumuz var, əmin olun ki, bu ordu tezliklə zalım düşmənin yuvasına
od vuracaq. Bu gün şəhid olan Vətən oğulları da düşmənin
səngərlərini dağıdaraq, onları işğal etdikləri torpaqlarımızdan
qovan zaman şəhid oldular. Bu gün sizlərin qarşısında təkcə bir
vəzifə var. Oxumaq, mükəmməl təhsil almaq! Zəka ilə, elm ilə
düşmənə qalib gəlmək! Ordumuzun əldə etdiyi uğurların da sirri
elmi, hərbi biliklərdədir. Kor-koranə döyüşlər artıq geridə qaldı.
Ali Baş Komandanımız İlham Əliyevin müdrik siyasəti, Müdafiə
nazirimiz Zakir Həsənovun ağılla, düşüncə ilə ordumuza rəhbərliyi
tezliklə bizə xoş qələblələrin müjdəsini verəcəkdir. Buna əmin olun
və təhsildə əldə etdiyiniz biliklərlə, qazandığınız uğurlarla
qələbələrimizə dəstək olun!..
…Günel balamızın "Mən Əsgər olmaq istəyirəm!" hayqırması bir
qızcığazın deyəcəyi adi bir söz deyildi. Bu söz millətimin
günellərinin qəlbindəki qorxmazlığın, Vətən torpaqlarına olan
sevginin təcəssümü idi.
Bu qorxmazlığın, bu sevginin qarşısında baş əyirəm!
Nahid Canbaxışlı
Veteninfo.az