Azərbaycanda dövlət büdcəsi
vəsaitlərindən qənaətlə istifadə edilməsinin vacibliyini nəzərə
alaraq, Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli qərarı
ilə təsdiq edilmiş "Universal poçt rabitəsi xidmətlərinin
göstərilməsi ilə bağlı zərərin kompensasiyası Qaydaları və
mənbələri"nə əlavə və dəyişikliklər təklif edilir.
Report-un verdiyi
xəbərə görə, bu barədə Hesablama Palatası tərəfindən 2016-cı ildə
Nazirlər Kabinetinə təqdim edilmiş təkliflərdə bildirilib.
"Əlavə və dəyişiklikliklər edilməklə universal poçt rabitəsi
xidmətləri üzrə əldə olunan gəlirlərin və xidmətlərə çəkilən
xərclərin xidmət növləri üzrə ayrı-ayrılıqda uçotunun aparılması
tələbinin müəyyənləşdirilməsini, universal poçt rabitəsi
xidmətlərinin tərkibinə daxil olan bütün xidmətlərin göstərilməsi
ilə bağlı deyil, yalnız əsgər məktubları və əsgər bağlamalarına
görə yaranan zərərin dövlət büdcəsinin vəsaiti hesabına
kompensasiya edilməsini məqsədəuyğun hesab edirik", - deyə
təkliflərdə qeyd olunub.
Həmçinin, digər təklifə əsasən, milli poçt operatoru tərəfindən
universal poçt rabitəsi xidmətlərindən dəyən zərərin hesablanması
metodikasının hazırlanaraq müvafiq nazirliklərlə razılaşdırılmaqla
tətbiqi zəruri hesab edilir.
ƏDV-yə cəlb olunan malların (işlərin və xidmətlərin) təqdim
edilməsindən yaranan zərərin bağlanması üçün ayrılan subsidiya,
dotasiya və s. bu kimi əvəzsiz daxilolmalar üzrə ƏDV məbləğinin
birbaşa qanunvericiliklə müəyyən edilmiş depozit hesabına
köçürülməsi dövlət büdcəsi ilə hesablaşmaların həyata
keçirilməsində vergidən yayınma hallarına səbəb ola biləcək
şəraitin qabaqcadan aradan qaldırılmasını təmin etmiş olar.
Bildirilir ki, Hesablama Palatası tərəfindən kənar dövlət
maliyyə nəzarəti çərçivəsində ƏDV qeydiyyatında olan və təqdim
etdikləri xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənən
dövlət müəssisələrində keçirilən audit tədbirləri zamanı
maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə yaranan zərərin
bağlanması üçün kompensasiya xarakterli əvəzsiz daxilolmaların
(dövlət büdcəsindən ayrılan subsidiyalar, dotasiyalar və s. əvəzsiz
daxilolmalar, ƏDV ilə birlikdə) gəlir kimi mənfəət vergisinin
bəyannaməsinə daxil edilsə də, ƏDV bəyannamələrində nəzərə
alınmamasına yol verilməsi halları aşkar olunub.
Göstərilənləri nəzərə alaraq, Nazirlər Kabinetinin 2007-ci il 30
dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə
verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların
(işlərin və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi,
ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu
hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və
dövlət büdcəsinə köçürülməsi Qaydaları"nın 1.4-cü maddəsinə
aşağıdakı məzmunda bəndin əlavə olunması məqsədəmüvafiq hesab
edilir:
"Zərərin bağlanması üçün əlavə dəyər vergisi qeydiyyatında olan
vergi ödəyicisinə kompensasiya xarakterli əvəzsiz ödənişlər
(subsidiya, dotasiya və s.) üzrə ƏDV-siz məbləğ həmin şəxsin
hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına
köçürülməlidir".