Məhkəmə sistemində inqilabi elektron islahat mərhələsi
başlayır.
"Axar.az"ın Ali Məhkəmənin rəsmi saytına
istinadən verdiyi xəbərə görə, bunu Ali Məhkəmənin sədri Ramiz
Rzayev deyib.
Onun sözlərinə görə, "Elektron məhkəmə" informasiya sisteminin
yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin
Sərəncamını məhkəmə sistemində inqilabi islahat adlandırmaq olar:
"Mən bu sənədlə nəzərdə tutulan dəyişiklikləri əhəmiyyətinə görə
1990-cı illərin sonu, 2000-ci illərin əvvəlindəki məhkəmə-hüquq
islahatları ilə müqayisə edərdim. Yaxın illərdə biz ədalət
mühakiməsinin keyfiyyəti və texniki imkanlar baxımından tamamilə
yeni məhkəmələrin şahidi olacağıq. Nəzərdə tutlan yeniliklər, ideya
və prinsiplər məhkəmələrin fəaliyyətinin yeni standartlarını
yaradacaq. Ümumilikdə, elektron məhkəmə sisteminin yaradılması
"ASAN Xidmət"in fəaliyyət prinsiplərinin məhkəmələrin işində də
tətbiqinə imkan verəcək. İnformasiya texnologiyalarının tətbiqi
insanların məhkəməyə yeni və daha rahat üsullarla müraciət etmək
imkanını yaratmaqla yanaşı, həm də məhkəmələrdə süründürməçilik,
sui-istifadə və digər neqativ halları, vaxt itkisini tamamilə
aradan qaldırılacaq, ən başlıcası isə məhkəmələrin fəaliyyətini tam
şəffaf edəcək".
Ali Məhkəməsnin sədri qeyd edib ki, yaradılmış telekommunikasiya
infrastrukturunun, müxtəlif dövlət xidmətlərinin həyata
keçirilməsində informasiya texnologiyalarının tətbiqi təcrübəsinin
təhlili göstərir ki, məhkəmə sistemində yeni texnologiyalardan
istifadə edilməsi üçün ilkin şərtlər artıq mövcuddur və bu prosesi
daha da genişləndirmək lazımdır.
R.Rzayev bildirib ki, Prezidentin Sərəncamı ilə məhkəmələrin
fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının
tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi
yaradılması nəzərdə tutulur: "Vaxtilə üçpilləli məhkəmə sisteminin
yaradılması üçün yeni Cinayət Prosessual, Mülki-Prosessual
Məcəllələr və digər fundamental hüquqi sənədlər qəbul edilmişdi.
Yeni elektron məhkəmə sisteminin qurulması da prosessual
qanunvericiliyə mühüm dəyişikliklərin edilməsini və normativ-hüquqi
bazanın informasiya texnologiyalarının tətbiqinə
uyğunlaşdırılmasını şərtləndirir. İnformasiya sistemi fiziki və
hüquqi şəxslərin məhkəmələrə müraciətlərinin, iddia ərizələrinin,
müxtəlif məhkəmə instansiyalarına şikayətlərin elektron formada
qəbul edilməsinə şərait yaradacaq. Yəni müraciət edənlərin şəxsən
məhkəməyə gəlmək və ya zaman itkisinə səbəb olan poçt
xidmətlərindən istifadə etmək zərurəti aradan qalxacaq. Istənilən
şəxs kompüter arxasında ərizəni tərtib edərək düyməni sıxdığı anda
sənəd ünvanına çatdırılmış olacaq. Bu insan hüquqlarının müdafiəsi
mexanizmlərinin əhaliyə daha da yaxınlaşması deməkdir".
Məhkəmənin sədri xüsusilə vurğulayıb ki, sistem məhkəmələrdə
baxılan bütün işlər üzrə icraatın elektron qaydada aparılmasını
təmin etməlidir: "Bunu mülki iş üzrə nümunə əsasında izah etmək
istərdim. Belə ki, ilkin mərhələdən, yəni məhkəməyə iddia ərizəsi
təqdim olunduğu andan bütün sənədlər elektron qaydada tərtib
olunur, bütün prosessual sənədlər elektron formatda yazılır,
ifadələr elektron daşıyıcılara qeyd olunur, tərəflər vəsatətləri və
şikayətləri informasiya texnologiyalarından istifadə etməklə,
elektron poçt vasitəsilə göndərir və qəbul edir. Bu isə məhkəmə
prosesləri zamanı etibarlı və sürətli məlumat mübadiləsi sisteminin
fəaliyyət göstərməsini, iştirakçıların ifadələrinin və digər
sübutların şəffaf şəkildə qeydə alınmasını təmin edəcək. İstənilən
halda həmin sənədlər elektron daşıyıcılardan kağıza köçürülə
biləcək.
Məhkəmə proseslərinin audio, video və digər texniki vasitələrdən
istifadə etməklə qeydə alınması və prosesi onlayn rejimdə müşahidə
etmək imkanının yaradılmasının nə olduğunu təsəvvür edin.
Hal-hazıradək prosesin sənədləşdirilməsi onun kağız daşıyıcıda
protokolun tərtib olunması vasitəsilə həyata keçirilidi. Yeni
sistem bizə imkan verəcək ki, proses elektron qaydada qeydə alınsın
və proses iştirakçıları tərəfindən onlayn rejimdə, yaxud daha sonra
izlənilsin. Bu isə, proses iştirakçılarına məhkəmə baxışının
elektron yazısına istinad etmək imkanı verəcək, baxışın heç bir
hissəsinin diqqətdən kənarda qalmasına imkan verməyəcək. Məhkəmə
işçiləri tərəfindən protokolun bilərəkdən və ya ehtiyatsızlıqdan
yanlış tərtib olunmasını qeyri-mümkün edəcəkdir. Vətəndaşların
hüquqlarının səmərəli müdafiə edilməsi üçün effektiv vasitə
qismində çıxış edəcəkdir".
Onun sözlərinə görə, məhkəmə çağırışlarının və bildirişlərin,
habelə qəbul olunmuş qərarların və digər sənədlərin elektron
qaydada, yəni elektron poçt, mobil telefonlara göndərilən SMS
məlumatlar, digər üsullarla göndərilməsi imkanı qərarların və digər
prosessual sənədlərin vaxtında çatdırılmaması, bununla da şikayət
etmək hüququnun pozulması iddialarını birdəfəlik aradan qaldırmış
olacaq. Nə bəzi proses iştirakçıların qərarın onlara
çatdırılmadığını bəhanə gətirə bilməyəcək, nə də bəzi hakimlər
sənədlərin göndərilməsində süründürməçiliyə yol verə bilməyəcəkdir:
"Sözsüz ki, bütün yeni texnoloji imkanların məhkəmələrdə təmin
edilməsi mürəkkəb və uzunmüddətli prosesdir, müvafiq proqram
təminatı hazırlanmalı, məhkəmələr müvafiq texnologiya ilə təmin
edilməlidir, mütəmadi treyninqlər təşkil olunmalıdır və s.
Qarşımızda olan iş həcmi böyükdür, lakin cənab Prezidentin bu
sahədə göstərdiyi iradə bizə əlavə güc verəcək və işlərin
sürətləndirilməsinə təkan olacaqdır".
R.Rzayev əlavə edib ki, informasiya sistemi məhkəmədə işlərin
təyin olunduğu vaxtlar, proseslərin aparılacağı yer (məhkəmə
zalları) və müvafiq hakimlər barədə məlumatların hər bir proses
iştirakçısının sərbəst şəkildə əldə edə biləcəyi aşkar və sistemli
şəkildə çatdırılması üçün elektron cədvəllərin tərtib olunmasına
şərait yaradacaq. Proses iştirakçılarının vaxtlarını səmərəli
təşkil etməyə və prosesin vaxtı barədə məlumatlandırılmama ilə
əlaqədar yaranan mübahisələrin qarşısını almağa imkan verəcək.
Qanunvericilik məhkəmələrdə işlərin hakimlər arasında obyektiv
əsaslarla və bərabər şəkildə bölünməsini nəzərdə tutsa da, bəzi
hallarda insanlar işlərin hakimlərə verilməsində qərəzliliyin
olduğundan şikayət edirlər. Yeni sistem məhkəməyə daxil olan
işlərin hakimlər arasında insan faktorunu istisna edən şəraitdə,
avtomatlaşdırılmış bölgüsünün aparılmasını təmin edəcək: "Sistem
xüsusi şəkildə proqramlaşdırılaraq prosessual müddətləri
hesablayacaq və müddətlərin bitməsi ilə bağlı xəbərdaredici
məlumatlar verməklə müddətlərə riayət olunmasına nəzarət etməyə
imkan verəcək. İnformasiya sistemində hər bir proses iştirakçısı
üçün "şəxsi kabineti"in yaradılması imkanı nəzərdə tutulmuşdur.
Informasiya sistemi daxilində yaradılmış "şəxsi kabinet"lər
vasitəsilə həm şəxsin iştirakçısı olduğu məhkəmə prosesinin gedişi
və çıxarılan qərarlar barədə olduğu məkandan asılı olmayaraq
operativ məlumat almaq imkanı təmin ediləcək, həm də
konfidensiallıq qorunacaq, yəni şəxsi xarakterli məlumatların
yayılmasının qarşısı alınacaqdır".
Onun fikrincə, Prezident İlham Əliyev "Elektron məhkəmə"
informasiya sisteminin digər dövlət qurumlarında formalaşdırılan
informasiya sistemləri ilə və "Elektron hökumət" portalı ilə
inteqrasiya edilməli olduğunu qeyd etməklə özünün Azərbaycanda olan
bütün dövlət orqanlarının fəaliyyətinə dair strateji baxışını
göstərir. Məqsəd bütün dövlət qurumlarının vahid informasiya
cəmiyyətində tam şəffaf, obyektiv və səmərəli şəkildə xalqa xidmət
edən bir sistemin yaradılmasıdır.