Mən Vətəndən uzaqlarda
ölkəmizdə baş verənləri dərin bir həyəcan və narahatlıqla
izləyirəm. Bu çətin günlərdə özümü xalqımın yanında hiss edirəm,
şəhid ailələrinin acılarını öz ağrım kimi duyuram.
Bu sözlər bəstəkar Cavanşir Quliyevin Axar.az-a göndərdiyi
məktubunda əksini tapıb. Hazırda cəmiyyətimizin milli birliyə,
həmrəyliyə hava və su kimi ehtiyacı olduğunu vurğulayan C.Quliyev
AzTV sədri Arif Alışanovun tanınmış media mütəxəssisi, professor
Qulu Məhərrəmliyə qarşı məhkəmə iddiasından təəssüf hissi
keçirdiyini yazıb:
"Ölkəmizdə nüfuzlu bir ziyalıya qarşı davam edən məhkəmə
olaylarına görə çox üzülürəm. Düşünürəm ki, nə baş verib?
Mahiyyətcə, heç nə! Peşəkar bir televiziya mütəxəssisi büdcədən
maliyyələşən, amma tamaşaçı etimadı qazanmayan bir telekanalı və
onun rəhbərini tənqid edib. Guya ki, dünya dağılıb!"
Q.Məhərrəmliyə qarşı təşkil edilən tənqidləri qəbul etmədiyini
bildirən tanınmış bəstəkar onu uzun illərdir tanıdığını
vurğulayıb:
"Tam əminliklə deyə bilərəm ki, müstəqillik dövründə o,
Azərbaycan teleməkanında ortaya çıxmış azsaylı səviyyəli
jurnalistlərimizdən biridir. Son 25 ildə ölkəmizdə baş verən siyasi
burulğanlar şəraitində AzTV kimi mürəkkəb bir yerdə çalışaraq,
həmışə üzdə olmaq, ekrana çıxan bir adam kimi vicdanını,
tərəfsizliyini və ədalət hissini itirməmək az-az şəxsiyyətlərə
nəsib olur.
Heç kim dana bilməz ki, Q.Məhərrəmli TV tariximizdə iz qoymuş
peşəkarlardan biridir. "7 gün" və "Səhər" kimi veriliş formatlarını
yaradıb, "Təfsilat"la gerçək müəllif proqramının necə olduğunu
göstərib. Dövlət əhəmiyyətli tədbirlərdən, tarixi-siyasi günlərdə
Şəhidlər Xiyabanından apardığı canlı reportajlarda təkrarsız
ustalıq nümayiş etdirib. İllərlə AzTV-də siyasi icmalçı və proqram
rəhbəri kimi çalışıb, peşəkarlığı və dürüstlüyü ilə, obyektiv
təhlilləri və ictimai əxlaqa xidməti ilə insanların rəğbətini
qazanıb. Siyasi məsləkindən asılı olmayaraq, iqtidarda da,
müxalifətdə də Q.Məhərrəmliyə ona görə hörmətlə yanaşırlar ki, bu
adam peşəkardır, ləyaqətlidir, vicdanlıdır, xalqını və dövlətini
sevəndir, cəmiyyətin problemlərini qərəzsiz bir şəkildə dilə
gətirəndir. Mən milli mətbuatımızın banisi Zərdabinin arzuladığı
Azərbaycan jurnalisti obrazını məhz Q.Məhərrəmlinin timsalında
görürəm".
AzTV-də 20 il çalışdığını bildirən bəstəkar Arif Alışanovu da
uzun illərdir tanıdığını, onunla ünsiyyətinin də olduğunu
xatırladıb:
"Heç vaxt A.Alışanovun ictimai məsələlərlə, televiziya
verilişləri və ya bədii sənətlə maraqlandığının, yaxud bunlar haqda
hansısa fikir söyləməsinin şahidi olmamışam. İndi onun tənqidə və
peşəkarlıq söhbətlərinə belə ağrılı yanaşmasını anlaya
bilmirəm".
C.Quliyev bildirib ki, bir məmurun tənqidə dözümsüz yanaşması
hansısa ciddi problemlərin mövcudluğu anlamına gəlir:
"Məncə, məhkəmə prosesi həmin problemləri açıq şəkildə
qabardacaq. Bu mənada mən məhkəmə məsələsinə, büdcədən milyonlarla
vəsait alan, amma tamaşaçı auditoriyası toplaya bilməyən,
auditoriyanın etimadını qazana bilməyən bir televiziyanın
probleminin ictimailəşməsinə yaxşı baxıram".
C.Quliyev sonda tanınmış ziyalıların və ictimai xadimlərin
Q.Məhərrəmliyə dəstək olmasına sevindiyini, medianın bu sınaqdan da
üzüağ çıxacağına inandığını ifadə edib.