Almaniyanın Berlin TV kanalı Azərbaycanın AFR-dəki
səfiri Pərviz Şahbazovdan xüsusi buraxılışı üçün müsahibə
alıb.
Axar.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın işğal
edilmiş ərazilərində aprelin əvvəllərində törətdiyi təxribat barədə
məlumat verən diplomat (bax: https://youtu.be/re7Pn0KyNnMteil-b)
deyib ki, Ermənistan iyirmi ildən artıqdır Azərbaycan
Respublikasının ərazisinin 20 faizini işğal altında saxlayır.
Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox
azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu illər ərzində
ATƏT-in Minsk qrupu münaqişənin həllinə çalışıb, lakin təəssüflər
olsun ki, heç bir nəticə əldə edilməyib. Səfir Almaniyanın ATƏT-də
sədrliyinə toxunaraq münaqişənin həlli istiqamətində bu ölkənin
xüsusi rolu olduğunu vurğulayıb. Almaniyanın xarici işlər naziri
Frank-Valter Ştaynmayerin söylədiyi kimi, status-kvonun
saxlanılması çox təhlükəlidir. Ermənistan prezidenti Serj
Sarkisyanın Berlinə səfərinə toxunan səfir bildirib ki, o, kansler
Angela Merkel ilə mətbuat konfransında Ermənistanın sülh
istəmədiyinin və yalnız müharibə ritorikasından danışdığının bir
daha şahidi olduq. Gözlənilirdi ki, cəbhə xəttində baş verən son
hadisələr Ermənistan rəhbərliyini nəhayət ki, sülh haqqında
düşündürər. Amma S.Sarkisyanın çıxışında bunun əksini gördük.
Səfir deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüququ
baza var. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, Avropa
Şurasının, Avropa Parlamentinin münaqişə ilə bağlı qəbul etdikləri
qərarların Ermənistan tərəfindən indiyədək yerinə yetirilməməsi
onun münaqişənin həllində maraqlı olmadığını göstərir. Dağlıq
Qarabağ münaqişəsinin davam etməsi təkcə regionun deyil, eləcə də
Avropanın təhlükəsizliyi üçün böyük bir problemdir. Münaqişə həll
edilərsə regional əməkdaşlığın qurulması və gücləndirilməsi mümkün
olacaq. Azərbaycan Asiya və Avropa arasında bir körpüdür və öz
qonşuları, xüsusilə Türkiyə və Rusiya ilə dostluq münasibətləri
vardır. Təəssüflər olsun ki, Ermənistan status-kvonun qalmasında və
onun möhkəmlənməsində maraqlıdır.
Diplomat deyib: "Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə
barışmayacaq. Çünki Azərbaycanın beynəlxalq birlik tərəfindən
tanınan sərhədləri pozulub, torpaqları işğal edilib. Öz
müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə zidd
ola bilməz. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı
beynəlxalq hüququn əsas prinsipləridir".
"Baş vermiş son hadisələr bir daha göstərdi ki, hazırkı
status-kvo çox təhlükəlidir, işğalçı qüvvələrin Azərbaycan
ərazisində olması hərbi əməliyyatların qızışması üçün zəmin yaradır
və bu böyük fəlakətlərə gətirib çıxara bilər", - deyən P.Şahbazov
bildirib ki, münaqişənin müharibə yolu ilə həlli ən pis çıxış
yoludur. Azərbaycan son illərdə çoxlu sayda irimiqyaslı beynəlxalq
layihələr həyata keçirib. Bu səbəbdən də biz müharibə istəmirik və
Ermənistan ilə mümkün qədər tez sülh prosesinə başlamaq
istəyirik.