Əslində, ANS-in arxivində
1991-ci ildən deyil, 1990-cı ildə də çəkilmiş və böyük maraq
doğuracaq kadrlar var.
Axar.az xəbər verir ki, bu sözləri ANS Şirkətlər Qrupunun
vitse-prezidenti Mir Şahin Ağayev Eldəniz Elgünün ərsəyə gətirdiyi
"anstv.ws" saytının təqdimat mərasimində deyib. O, ANS-in
tarixindən danışarkən, Milli Qəhrəman Salatın Əsgərovanın dəfn
mərasimində başına gələn və kadr arxasında qalan qəribə olaydan da
söz açıb:
"Milli Qəhrəman Salatın Əsgərova həlak olanda meyiti gətirməyə
getmişdik. O zaman "Dalğa" proqramında bizim 2 dəqiqəlik
reportajımız təqdim ediləcəkdi. Rəhmətlik Salatın Əsgərovanın nəşi
helikopterə qoyulub Bakıya gətiriləcəkdi. Qarşıda molla, sakinlər,
əsgərlər – təxminən 50-60 nəfərlik mərasim iştirakçısı nəşi
yaxınlıqdakı helikopterə doğru gətirirdi. Fikirləşdim ki, bu
mərasimdə öndə gəlim və bir neçə cümləlik çıxış edim. Salatın
Əsgərova haqda çıxışım belə başlayırdı: "Akademik Aqanbetyan hələ
"Yumanite" qəzetinə müsahibə verərkən bilmirdi ki, bu qəzetin
formalaşmasında istifadə olunacaq qurğuşunun başqa bir adaşı da
güllələrin gilizlərindədir və onun verdiyi müsahibənin nə vaxtsa
Salatın Əsgərova adlı Azərbaycan jurnalistinə dəyəcək güllə ilə
birbaşa əlaqəsi var..." Mən öz aləmimdə çox akademik, maraqlı bir
şey demişdim. Amma çox təəssüf ki, bunu birinci dublla deyə
bilmədim, ikinci dublla da deyə bilmədim, üçüncü, dördüncü dublla
da deyə bilmədim. Nə qədər çalışdımsa da, alınmadı. Narahatlıq o
deyildi ki, bu cümləni deyə bilmirdim və çəkiliş yenidən
təkrarlanırdı. Narahatlıq o idi ki, hər dəfə mən bu sözləri deyə
bilməyəndə və çəkiliş təkrarlananda camaat tabutla birlikdə yenidən
20-30 metr arxaya gedirdi və hər şey yenidən başlayırdı. Axırda
Vahid Mustafayev kameranı qoyub mənə yaxınlaşdı və ehtiyatla -
çünki həmin vaxt ulduz xəstəliyinə tutulmuşdum, mənə söz demək
olmurdu, o dəqiqə inciyirdim - dedi ki, Şahin, olarmı sən bunu
Bakıda deyəsən? Mən də baxıb dedim, əlbəttə, olar. Bu dediklərimi
siz arxivdə tapa bilməzsiniz, çünki bunlar kadr arxasında qalıb və
montaj olunub... Bax, ən qəmli günlərimiz belə bəzən bu cür gülüş
doğuran hadisələrlə yaddaşımıza köçüb və bunlar ANS-in
arxivindədir".
Qeyd edək ki, jurnalist, Milli Qəhrəman Salatın Əsgərova 16
dekabr 1961-ci ildə Bakıda anadan olub. O, 9 yanvar 1991-ci ildə
Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni
quldurlarının maşını yaxın məsafədən atəşə tutması nəticəsində
şəhid olub.