Bu gün AŞPA-nın plenar iclasında Ermənistan nümayəndə
heyətinin növbəti təxribat yaratmaq cəhdləri yenidən iflasa
uğradı.
Bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri
Səməd Seyidov sessiyadan sonra AzərTac-a müsahibəsində bildirib.
S.Seyidov deyib ki, erməni nümayəndə heyəti qoşunların təmas
xəttindəki son hadisələrlə bağlı müzakirələrin birbaşa AŞPA
sessiyasında keçirilməsini istəyirdilər. Onlar bununla əlaqədar
müxtəlif təxribatlar hazırlamışdılar. Həm Büronun, həm də Parlament
Assambleyasının iclaslarında ermənilərin bu hərəkətlərinə olan
reaksiyalar bir daha göstərdi ki, parlamentarilər artıq erməni
yalanlarından təngə gəliblər. Erməni deputatlar müxtəlif üsullardan
istifadə edərək yenidən yalan maşınını işə salmaq istədilər. Ancaq
onların bu planı baş tutmadı. AŞPA deputatlarının çıxışları bir
daha göstərdi ki, onların heç biri erməni təxribatına getmir və
onların yalanlarına inanmırlar. Azərbaycan nümayəndə heyəti isə həm
öz mövqeyini, həm də dövlətimizin başçısının apardığı siyasəti
ortaya qoyaraq ölkəmizin sülh tərəfdarı olduğunu göstərdi. Ancaq
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qalması
ilə heç vaxt razılaşmadığımız və razılaşmayacağımız qeyd
edildi.
Erməni deputatların AŞPA sədrinə ittihamlarına gəldikdə isə
S.Seyidov bildirib ki, AŞPA sədri və ya parlamentin hər hansı bir
üzvü, Avropa İttifaqının nümayəndəsi və ya hansısa dövlət başçısı
ermənilərin yalan və böhtan siyasətinə uyğun gəlmirlərsə, onda
onlar tənqid atəşinə məruz qalırlar. Bu gün bütün Avropa
deputatlarının qarşısında AŞPA-nın beynəlxalq hüquqa riayət etmə
çağırışı Ermənistan tərəfindən sual altına qoyuldu.
AŞPA və digər beynəlxalq təşkilatların beynəlxalq hüquq
normalarına uyğun olaraq erməni silahlı qüvvələrinin Azərbaycanın
işğal altında olan Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı 7
rayondan çıxarılması ilə bağlı qətnamələrini əldə rəhbər tutaraq,
AŞPA sədri öz adından deyil, təşkilat adından beynəlxalq hüquqa
riayət etməklə bağlı bəyanat verib. Bu bəyanat erməni nümayəndə
heyətinin üzvlərini qıcıqlandırıb və onlar Avropa deputatları
qarşısında təkcə AŞPA-nın sədrinə qarşı yox, eyni zamanda, Avropa
Şurasının təməl dəyərlərinə qarşı çıxış ediblər. Məhz buna görə də
onlar iflasa uğradılar və bundan sonra da belə olacaq. Hər hansı
bir insanla mübarizə aparmaq olar. Ancaq dünyanın qəbul olunmuş
qaydaları, qanunları ilə, dünyanın dərk etdiyi həqiqətlərlə
mübarizə aparmaq mümkün deyil.
Bu gün Azərbaycan məhz bu həqiqətlərin tərəfindədir. Həqiqət
həmişə bizimlə olub və Azərbaycan Prezidentinin siyasətinin gücü də
ondadır ki, bu həqiqətləri biz beynəlxalq təşkilatlara çatdırmışıq
və çatdıracağıq. Ermənistan nə qədər tez bu yanlış siyasətindən əl
çəksə, bir o qədər erməni xalqı üçün yaxşı olar. Erməni qoşunları
Azərbaycanın işğal altında olan torpaqlarından nə qədər tez
çıxarsa, Ermənistan beynəlxalq standartlara və AŞPA-nın təməl
dəyərlərinə uyğun ölkə olar. Bu günədək Ermənistan Avropa Şurası
dəyərlərini kobud şəkildə pozub və pozmaqda davam edir. Azərbaycan
nümayəndə heyəti həmişə bunu qeyd edib, edir və edəcək.
S.Seyidov Ermənistanın təxribatının Azərbaycanda aparılan
islahatlar zamanı həyata keçirilməsinin təsadüf olmadığını qeyd
edib. O bildirib ki, Azərbaycan artıq bütün dünyaya erməni
lobbisinin süni yaratdığı mifin boş olduğunu göstərib. Bu mifin
dağıdılması Ermənistanı özündən çıxarıb və bu da qoşunların təmas
xəttində təxribatla nəticələnib. Azərbaycanın uğuru onun dünyada
qəbul olunmuş qaydalara uyğun fəaliyyət göstərməsidir.