Fransanın bir qrup senator və deputatının Prezident
Fransua Ollanda ünvanladığı Ermənistanın təcavüzkar siyasətinə son
qoymağı tələb edən müraciətinin mətninə ölkə mediasında geniş yer
verilib.
Axar.az xəbər verir ki, həmin müraciət Fransanın aparıcı "Le
Figaro" qəzetində də dərc olunub. Ermənistanın təcavüzünə son
qoymağı tələb edən belə bir mətnin ölkənin nüfuzlu qəzet və
internet portallarında dərc olunması artıq Azərbaycanın mövqeyinin
və haqq səsinin eşidilməsindən xəbər verir. Bu, erməni lobbisinin
yaratdığı süni mifin sonunu göstərir, Fransa mediasının həqiqətə
yön tutduğunu bildirir.
"Le Figaro" qəzetində və onun internet portalında Azərbaycana
dost fransız parlamentarilərinin Fransua Ollanda ünvanladıqları
müraciətin dərc edilməsi erməni təxribatlarının fransız dilli
ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
təcili həllində beynəlxalq hüquqa riayət olunmasına çağırılır.
Fransalı senatorlar artıq çeynənmiş mühakimə və fikirləri
təkrarlamağa son qoymağın və vəziyyətə obyektiv yanaşmağın vaxtının
çatdığını diqqətə çatdırırlar.
Senatorlar münaqişənin həlli üçün erməni işğalçı qoşunlarının
Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının və digər
beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət edilməsini
tələb edirlər.
Prezident Fransua Ollanda ünvanlanan müraciətdə Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun
Ermənistan tərəfindən işğalına göz yummağın yolverilməz olduğu
bildirilərək, ondan Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik
Şurasındakı daimi üzvü səlahiyyətlərinə müvafiq olaraq dərhal
tədbir görmək xahiş olunur.
Müraciəti Fransanın Yuxarı Reyn Departamentinin senatoru, sabiq
nazir Jan-Mari Bokel, Avropa deputatı, sabiq nazir Raşida Dati, Orn
Departamentinin senatoru, Senatın beynəlxalq əlaqələr komitəsinin
müdafiə və silahlı qüvvələr üzrə sədr müavini Natali Qule, Aşağı
Reyn Departamentinin senatoru, Avropa işləri üzrə komitənin sədr
müavini, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə müavini
Andre Rişar, Yuxarı Reyn Departamentinin deputatı,
Fransa-Azərbaycan Dostluq Qrupu sədrinin müavini Jan-Luk Reytzer,
En Departamentinin senatoru Silvi Qo-Şavan, Şarant Departamentinin
deputatı, Avropa işləri üzrə komitə sədrinin müavini Jerom Lamber,
Som Departamentinin senatoru Jerom Binyon, Uaz Departamentinin
deputatı Jan-Fransua Mansel, Möz Departamentinin senatoru Kristian
Nami imzalayıblar.