Fransanın "L'Opinion" nəşrinin hərbi məsələlər üzrə
analitiki Pyer Jan- Dominik Merçet (Par Jean-Dominique Merchet)
Qarabağdakı 4 günlük müharibə barədə təhlilində Ermənistanla az
qala 30 ildir davam edən münaqişədə Azərbaycanın qələbə qazandığını
yazıb.
Virtualaz.org
xəbər verir ki, fransalı analitik Azərbaycan silahlı qüvvələrinin
aprelin əvvəllərində apardığı döyüşlərdə əldə etdiyi nəticənin
hərbi baxımdan kiçik olduğunu, ancaq siyasi baxımdan çox
mühümlüyünü vurğulayır. "Çünki Bakı 6 il davam edən münaqişə
ərzində 30 mindən çox insan itkisi və yüz minlərlə məcburi köçkünlə
üzləşərək 1994-cü ildə məğlub olandan sonra ilk dəfə revanş
götürür"-məqalədə deyilir.
Müəllif yazır ki, aprelin əvvəllərində baş verənlər əsl müharibə
idi, ancaq cəmi 4 gün davam etdi. Aprelin 2-dən 5-nə qədər yüksək
intensivlikli hərbi əməliyyatların gedişində tərəflər kütləvi
artilleriya zərbələrindən, raketlərdən və zirehli texnikadan
istifadə etdilər. "Azərbaycan ordusu Ermənistan ordusunun
möhkəmləndirilmiş müdafiə xəttini yarıb keçdi və bir sıra kiçik
əraziləri nəzarət altına ala bildi. Bu, cənubda, Horadiz
istiqamətində və şimalda, Tapqaraqoyunlu istiqamətində bir neçə
kvadrat kilometr ərazidən ibarətdir"-müəllif yazır.
Bildirilir ki, ermənilər bu hücumu dayandıra bilib, ancaq
itirilmiş mövqeləri geri almaq üçün edilən əks-həmlələr nəticəsiz
qalıb. "Aprelin 5-də hərbi əməliyyatların dayandırılmasından sonra
1994-cü il mayın 16-dan bəri bir metr də olsun tərpənməyən təmas
xətti artıq dəyişmişdi"-məqalədə deyilir.
Müəllif yazır ki, müstəqil mənbələr aprelin 2-də hərbi
əməliyyatları birinci kimin başladığını hələ də dəqiqləşdirə
bilməyiblər. Ancaq burası dəqiqdir ki, həmin döyüşlərə qədər də
təmas xəttində vəziyyət olduqca gərgin idi, müntəzəm olaraq hər iki
tərəfdən itkilərlə müşayiət olunan atışmalar qeydə alınırdı.
"Başqa məsələdir ki, Azərbaycan əvvəlcə şimalda (Talış, Ağdərə)
və mərkəzdə (Martuni), cənubda (Horadiz) etdiyi kimi irimiqyaslı
hücum həyata keçirməyə hazırdır. Və erməni qüvvələrinin təmas
xəttini yarıb onları geri oturduqları üçün hərbi baxımdan bu
hücumları daha iri miqyasda təkrar etməyə stimul yaranıb"-Pyer Jan-
Dominik Merçet bildirir.
Müəllifə görə iki ölkə ordularının dayandıqları mövqey baxanda
bunu başa düşmək asandır: Azərbaycan status-kvonu şübhə altına alır
və beynəlxalq hüquqa görə ona məxsus olan ərazilərini (20 faiz)
geri qaytarmaq istəyir. "Onun ordusu hücum üçün təşkil olunub.
Əksinə, Ermənistan ələ keçirdiyi ərazilərdə möhkəmlənmək və əldə
saxlamaq istəyir. Onun ordusu Birinci dünya müharibəsi dövrünü
xatırladan səngərlər boyu müdafiə mövqelərində möhkəmlənib,
strateji əhəmiyyətli yüksəkliklərə nəzarət edir. Aprelin 2-də
başlayan müharibənin ilk saatlarında azərbaycanlılar bəzi
istiqamətlərdən bir neçə kilometr irəliləyib və birtərəfli atəşkəs
təklif edib. Ermənistan bu təklifi rədd edib və itirdiyi mövqeləri
geri qaytarmağa çalışıb. Azərbaycan bu döyüşlərdə İsraildən aldığı
"Harop" kamikadze-dronlarını tətbiq edib. Döyüşlər aprelin 5-nə
qədər davam edib və beynəlxalq birliyin çağırışlarından sonra
dayandırılıb".
Müəllifə görə müəmmalı qalan məqamlardan biri də budur ki,
rusların hərbi əməliyyatların başlamasından xəbəri olubmu, yoxsa
vəziyyət qəfil nəzarətdən çıxıb? Çünki hərbi əməliyyatlar
Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda olduğu vaxtda
başlamışdı.
Məqalədə xatırladılır ki, ABŞ, Fransa və Rusiya Minsk Qrupu
çərçivəsində bu münaqişənin nizamlanması üçün fəal əməkdaşlıq edir.
Danışıqlar masasında isə "Madrid prinsipləri"inə əsaslanan sənəd
var. Bu sənəd ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağın
Ermənistana birləşdirilməsi üçün referendumun keçirlməsini nəzərdə
tutur.