Lavrovun İrəvanda
verdiyi
açıqlamalar
Ermənistanda artan anti-Rusiya ovqatını yumşaltmaq üçündür. Bu
açıqlamaların böyük bir qismini təbii saymaq və ciddiyə almamaq
lazımdır.
Bu sözləri Axar.az-a açıqlamasında Taleh Şahsuvarlı deyib. Onun
fikrincə, məsələnin kökünə varmaq üçün Ermənistanda anti-Rusiya
ovqatının niyə güclənməsi, Lavrovun İrəvana gəldiyi günlərdə Kreml
əleyhinə nədən aksiyalar keçirilməsi kimi suallara cavab tapmaq
gərəkdir:
"İş ondadır ki, yaxın aylarda Ukrayna və Gürcüstan NATO ilə
asossiativ saziş imzalayacaq. O da bəllidir ki, NATO dövləti olan
Türkiyə ilə də Rusiyanın münasibətləri gərgindir. Bu sazişdən sonra
NATO faktiki olaraq Qara dənizdə hakim mövqe əldə edəcək və
Rusiyanı sıxışdıracaq. Vəziyyət bu şəkil aldığından Rusiyanın
Azərbaycana marağı istər-istəməz artıb. Çünki Azərbaycan həm
Türkiyə ilə yaxın müttəfiqdir, həm də GUAM formatında açar
dövlətdir. İqtisadi, siyasi, hərbi gücümüzə görə heç bir halda
Ermənistanla müqayisə oluna bilmərik, qat-qat üstünük. Azərbaycanın
yerləşdiyi geopolitik bölgənin əhəmiyyətini də nəzərə alanda
Rusiyada Ermənistanı qurban verməyə meyl yaranır".
Taleh Şahsuvarlının sözlərinə görə, hazırda həm Ermənistanın
siyasi elitası, həm də ekspert dairələri çox ciddi depressiya
içindədir və Lavrovun bağlı qapılar arxasındakı danışıqları bu
depressiyasını daha da gücləndirəcək kimi görünür: "Azərbaycan
ordusu aprelin əvvəlində çox peşəkar səviyyədə dörd günlük
əks-həmlə əməliyyatları apardı. Bu əməliyyatlar Ermənistandakı
"patriotik pafosu" darmadağın etdi, Sərkisyan rejiminin, obrazlı
desək, dişini çəkdi. Ermənistan başa düşdü ki, Azərbaycan təkcə
iqtisadi yox, həmçinin diplomatik baxımdan onu təcrid edib, hərbi
bazalarına güvəndiyi, for-postu olduqları Rusiya üçün də
əhəmiyyətlərini itiriblər. İndi "dördgünlük savaş" informasiya
müstəvisində və diplomatik masalarda davam edir, Ermənistan hər
baxımdan nokaut vəziyyətdədir".
Sosioloqun sözlərinə görə, Rusiya Ermənistanla istədiyi an,
istədiyi şəkildə danışa, hara istəsə yönləndirə bilir. Ermənistanın
siyasi elitasında bu günə qədər heç bir qüvvə Rusiyanın qorxusundan
Qarabağla bağlı "güzəştsiz" mövqe tutacağını bəyan edə
bilməyib:
"Bunun qarşılığında Paruyr Ayrikyan Rusiyanı "əclaf" adlandırıb.
Bu həmin Ayrikyandır ki, dəfələrlə prezidentliyə namizəd olub və
2013-cü ildə çiynindən güllələnib. Əgər Ayrikyan və ya başqa
biriləri prosesləri fərqli yönə çəkmək istəyərsə, keçən dəfə
çiyninə dəyən güllənin bu dəfə alnına açılacağı istisna deyil. Eyni
zamanda Ayrikyan İrəvan ermənilərinin təmsilçisidir və onunla
"Qarabağ klanı" arasında, belə demək olarsa, zümrəvi düşmənçilik
var".
Taleh Şahsuvarlı diqqəti Sərkisyanın Xankəndinə səfərinə çəkib:
"Bu səfər əvvəlkilərdən çox fərqlənirdi. Depressiyaya uğramış
Sərkisyanın aprelin əvvəlində məğlub edilmiş hərbi birləşmənin
zabitlərinə və əsgərlərinə təsəlli medalları verməsi effektsiz
gedişlər idi. Sərkisyan Xankəndinə hərbi xuntanın müdafiə gücünü
hesablamağa gəlmişdi və Qarabağdan son dərəcə məyus qayıtdı. Çünki
əsl gerçəkliyi başa düşmək zorunda qaldı. Gerçəklik isə budur ki,
ermənilərin istehkam-müdafiə səngərləri ilə bağlı inandığı miflər
apreldə dağıldı. Azərbaycan ordusunun peşəkar şəxsi heyətinin,
müasir silahlarının və qələbə əzminin qarşısında yesir, qida və
texniki vasitələr baxımından qıtlıq çəkən erməni əsgərləri
səngərlərdən qaçmağa məhkumdur. Təsəvvür edin ki, erməni əsgərləri
Qarabağda adi binokllarla belə təmin oluna bilmir. Fikir verin,
Ermənistanda 2015-ci ilə qədər hərbi xərclər 4,2 dəfə, polisin
xərcləri 13.7 dəfə artıb. Bu o deməkdir ki, son zamanlar Sərkisyan
polisə etimad göstərir, ordu arxa plana keçib. Bu həm də o deməkdir
ki, Ermənistanda Qarabağ erməniləri ilə yerlilər arasında
qarşıdurma hər an kütləvi iğtişaşlara səbəb ola bilər. Çünki
polisdə daha çox "Qarabağ klanı"nın nümayəndələri təmsil olunur ki,
onlara daha çox vəsait ayırmaqla yerli ermənilərin ağzı-burnu
əzilir".
"Apreldəki əks-əməliyyat göstərdi ki, əgər Ermənistan
danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa davam edərsə və
Azərbaycanın suverenliyi Qarabağda hərbi əməliyyatlar vasitəsi ilə
bərpa olunarsa, o zaman Zəngəzurun da məsələsi gündəmə gələcək.
Odur ki, Rusiyanın ən azı neytral qalacağı təqdirdə, Ermənistanın
Azərbaycana qarşı ata biləcəyi heç bir addım yoxdur", - sosioloq
proqnozlarını açıqlayıb.
Taleh Şahsuvarlı həmçinin qeyd edib ki, indi Ermənistan Rusiya
kimi, Qərb üçün də lazımsız yükə çevrilib: "Ermənistan təcrid
vəziyyətdədir, Azərbaycan isə bütün regional və geopolitik
layihələrdə Qafqazın əsas təmsilçisidir. Praqmatik Qərb bizim
mövqeyimizlə hesablaşmağa daha çox həvəslidir, nəinki dilənçi
Ermənistanın ah-zarına qulaq asmağa. Odur ki, istər diplomatik
danışıqlarda, istərsə də hərbi əməliyyatlarda Qərbdən Ermənistana
ciddi dəstək verilməsi məntiqli olmayacaq. Ancaq heç bir güc -
istər ABŞ olsun, istər Rusiya, istər Fransa və başqaları - xarici
siyasətini səmimiyyət və ədalət anlayışı üzərində qurmur. Bir
müddət Ermənistanın başını sığallamaqla öz maraqlarını maksimum
təmin etməyə çalışacaqlar. Ancaq zaman faktoru da artıq öz sözünü
deyir. Qarabağla bağlı mövcud status-kvo çox davam etməyəcək".