Azərbaycan genişmiqyaslı müharibəyə başlasa, nəticəsi
Ermənistan üçün uğurlu olmayacaq. Əksinə, Müdafiə Nazirliyi ilə
Xarici İşlər Nazirliyi də bərbad işlədiklərini göstərdilər. Çox pis
vəziyyətdəyik.
Ermənistanın sabiq baş naziri, Azadlıq Partiyasının sədri,
Erməni Milli Konqresinin parlament fraksiyasının liderlərindən biri
Hrant Baqratyan "1in.am"ın əməkdaşı Arevik Saakyana verdiyi
müsahibəsində belə deyib.
Axar.az Milli.Az-a istinadla müsahibəni müəyyən
ixtisarlarla təqdim edir:
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı
yaxın günlərdə intensiv danışıqlar prosesi başlanacaq. Prosesin
təşəbbüskarı Rusiya prezidenti Vladimir Putindir. "İzvestiya"
qəzeti də yazmışdı ki, V.Putin Ermənistanla Azərbaycanı qarşılıqlı
güzəştlərə sövq etmək istəyir. Sizcə, Rusiyanın bu prosesdə
aktivləşməsi Ermənistana nə vəd edir?
- Demək olmaz ki, bu proses yalnız Rusiyanın iştirakı və ya
təşəbbüsü ilədir. Ola bilər ki, hər şey ABŞ və ya Fransa ilə də
razılaşdırılsın. Unutmayın ki, bu günlərdə Fransanın xarici işlər
naziri Moskvada səfərdə olacaq. Məncə, səfər əsasən Dağlıq Qarabağ
məsələsinin müzakirəsinə həsr olunub. Vladimir Putinin iştirakına
gəldikdə isə yayılan xəbərlər göstərir ki, Dağlıq Qarabağ məsələsi
yeni, daha üst səviyyəyə qalxıb. Baş verənlər "Roma
nəzəriyyəsi"dir. Rusiya Avrasiya İqtisadi Birliyini ona görə
yaradıb ki, Avrasiya materikinin şimalından tutmuş Fars
körfəzinədək, Ərəb dənizinədək ərazilərə nəzarət etsin. 7-8 ölkənin
yardımı ilə buna nail olmaq istəyir.
Problemin həlli üçün Azərbaycan, Türkiyə və İranla bağlı
məsələlər həll olunmalıdır. Rusiya artıq anlayır ki, Ukrayna,
Moldova və ya Gürcüstan strateji baxımdan əhəmiyyət kəsb etmir.
Əsas məqsəd Avropadan mal və məhsulların Çin, Yaponiya, Cənubi
Koreyaya, Hindistana məhz Avrasiya İqtisadi Birliyinə üzv olan
ölkələrin ərazisindən daşınmasıdır. Bu, Dostoyevskinin bir zamanlar
"Üçüncü Roma nəzəriyyəsi" adlandırdığı məsələdir. Həmin nəzəriyyəyə
görə, rusların "Konstantinopol" dedikləri İstanbul Rusiyanın
paytaxtı olmalıdır.
19-cu əsrdən etibarən Rusiya həmişə Türkiyəyə qarşı Qafqaz və
Balkan cəbhəsində müharibələrə başlayıb. Balkanlarda uduzanda
Qafqazda güzəştlər edib. Əfsuslar olsun ki, həmişə ermənilərin
hesabına. Amma o da doğrudur ki, dünya dəyişib. Nəhəng geosiyasi
proqramlar asanlıqla dağılır.
- Dediklərinizdən belə çıxır ki, Azərbaycan da Avrasiya
İqtisadi Birliyinə daxil ola bilər. Amma təşkilatın bütün
üzvlərinin razılığı olmadan belə üzvlük mümkün deyil. Ermənistan
razı olmasa, necə?
- Ermənistan razı olacaq.
- Hətta Azərbaycanın üzvlüyünə?
- Bəli. Bizim rəhbərlər kordur, Azərbaycan bizi əzdi.
Hakimiyyətimizin zəifliyi və bivecliyi sayəsində başqa çıxış
yolumuz qalmayıb. Rusiya Azərbaycanla münasibətlərdə bizi heç
vecinə də almır.
- Axı necə yəni?! Avrasiya İqtisadi Birliyinin
nizamnaməsi var və Ermənistan qərara veto qoyarsa... Yəni demək
istəyirsiniz ki, Ermənistan rəhbərliyi artıq özünü məğlub
sayır?
- Sizə deyirəm ki, Rusiya bizi növbəti dəfə aşağılamaq, əzmək
üçün yeni yol tapacaq. Rusiyanın "Ermənistan vetosu" problemini
həll etmək üçün ən azı 10-15 çıxış yolu var.
- Belədirsə, Ermənistan nə etməlidir?
- Nə etsək də, mənası yoxdur. Ermənistan hakimiyyəti indi elə
bir vəziyyətdədir ki, nə Qərbə, nə də Rusiyaya qarşı çıxa bilir.
Rusiyaya qarşı çıxmaq Serj Sərkisyanın devrilməsi deməkdir. Qərbin
şərtlərinin qəbul olunmaması da Serj Sərkisyanın "siyasi ölümü"
olacaq. Bu adam hələ də dərk etməyib ki, iki ağaya qulluq edən
nökərin vəziyyəti acınacaqlı olur.
- Çıxış yolumuz nədir?
- Ermənistan rəhbərliyi ölkəni bu vəziyyətə salıb. Avrasiya
İqtisadi Birliyinə qoşulmaqla bağlı məsələ müzakirə olunanda bu
qərarın bizə heç nə verməyəcəyini demişdim. Amma mənə qulaq
asmadılar. Dedilər ki, daha da güclənəcəyik. Bəs nə oldu, niyə
güclənmədik?
- "Dördgünlük müharibə"dən sonra...
- Bilirsiniz, gəlin aldanmayaq. Bizə deyirlər ki, Azərbaycana
Türkiyə dəstək verir. İnanmıram. Azərbaycana dəstək verən ölkələr
çoxdur. Məqsəd də bizi danışıqlara vadar etmək, güzəştlərə
sürükləmək idi. Məqsədlərinə də çatdılar.
- Yəni Rusiya Ermənistanı bu günə qoydu?
- Bunu demək üçün konkret faktlarım yoxdur. Amma onu da deyə
bilmərəm ki, Rusiya, ABŞ və Fransa bizə qarşı belə oyun
oynamadılar. Rusiyanın böyük təsir rıçaqları var. Hər halda
Rusiyanın Baş naziri Dmitri Medvedyev döyüş günlərində "qoşunların
hərəkətini görürük" bəyanatı verdi. Fikir versəniz, ABŞ-ın dövlət
katibi və prezidenti belə açıqlama vermədi.
- Bu, ABŞ-ın məlumatı olmadığı anlamına
gəlmir.
- Bu o deməkdir ki, ABŞ başqa peyk vasitəsilə hər şeyi
izləyirdi.
- Belə vəziyyətdə nə etməliyik?
- Qarabağlı ermənilərin müstəqilliyini tanımalıyıq. Bütün
dünyadan bunu istəyirik, amma özümüz etmirik. İndi Qarabağda guya
könüllü vuruşuruq.
- Hə, Ermənistan əsgərləri oradadır.
- Anlamalyıq ki, qarabağlı ermənilərin döyüşü Ermənistanın
müharibəsidir. Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara
başlasa, bizim nə dediyimizə, hansı mövqe tutduğumuza baxmayacaq.
"Dördgünlük müharibə"nin nəticələri bizim üçün çox ağır oldu.
- Yəni Ermənistanı sülh müqaviləsinə vadar edəcəklər,
Deyton anlaşmasının yeni variantı olacaq?
- Yəqin, Kemp-Devid və ya Deyton anlaşmalarındakı təki,
Ermənistanı güzəştlərə vadar edəcəklər. Kemp-Devid variantı daha
yaxşıdır. Deyton anlaşması pis qərardır.
- Madrid və Kazan variantları barədə nə
düşünürsünüz?
- Bu variantların heç biri tam açıqlanmayıb. Yalnız qısa
şərhlər, açıqlamalar var. Belə şəraitdə konkret nə isə demək
istəməzdim. Son iki xarici işlər nazirimiz Madrid variantını
tərifləyir. Bilmirəm, elə sənəd olsaydı, görərdim. Amma həll
mərhələlidirsə, uduzduq. Mərhələli həll variantlarına nifrət
edirəm.
- Bizdən 7 rayonu azad etmək tələb olunur.
- Yenə təkrar edirəm: Madrid sənədləri tam açıqlanmayıb. Bizə
sadəcə deyilib ki, 7 rayonu azad edək, əvəzində Dağlıq Qarabağda
referendum keçirmək imkanı əldə edirik. Sənədlər açıqlansın,
fikirləşərik. İstənilən halda qərarı Serj Sərkisyan verməməlidir.
O, səhv edə bilər. Məsələ Ermənistanda referendumda həll
olunmalıdır.
- Ermənistanda Konstitusiyaya əlavələr və
dəyişikliklərlə bağlı referendum keçirildi.
- Gördük o referendumun nəticələrini. Sözün açığı, hakimiyyət
referendumla bağlı istənilən fırıldağı, saxtakarlığı edə bilər.