Ermənistanda 3-5 adamın
hoppanıb-düşməsi ilə heç nə həll edilməz.
Axar.az xəbər verir ki, bu sözləri sabiq baş prokuror və millət
vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov Teleqraf.com-a müsahibəsində
deyib.
Onun sözlərinə görə, ermənilər ictimaiyyətin gözündə xal
qazanmağa çalışır:
"Ermənilər Dördgünlük müharibədə yaşadıqları məğlubiyyətdən
özlərini itiriblər. İndi çalışırlar ki, ictimaiyyətin gözündə xal
qazansınlar. Bu da boş şeydir. Cəbhədə atəşkəs rejimini pozaraq
bizim tərəfə atacaqlarsa, biz tərəfdən də cavablarını alacaqlar.
Hərbi əməliyyatlar olacaqsa, biz də cavab verib torpağımızı azad
etməliyik. Təbii ki, ermənilər sülh yolu ilə bizə torpaq
verməyəcək".
Rusiya Xarici İşlər naziri Serey Lavrovun Bakı və İrəvanda
apardığı sülh danışıqlarından xeyirli bir şey gözləmədiyini deyən
keçmiş deputat Moskvanın İrəvanla daha yaxın olduğunu bildirib:
"Dünən Rusiya kanallarında türklər əleyhinə çıxışlar oldu.
Ermənilər hər zaman Rusiyanın yanındadır. Bu baxımdan hesab edirəm
ki, Rusiya bizi Ermənistan qədər müdafiə etməz. Təbii ki, Rusiya
addım atanda öz dövlət maraqlarını düşünür. İndiki halda Rusiya
Ermənistan vasitəsilə regionu nüfuz dairəsində saxlamaq istəyir. Bu
zaman Qarabağ münaqişəsində tərəf olan Azərbaycana silah da
satırlar. Lakin bu, həm də Rusiya iqtisadiyyatının inkişafı üçün
edilir, nəticədə ölkəyə böyük pullar daxil olur. Ola bilsin ki,
Rusiyanın Ermənistanla sıcaq münasibətlərini soyudaraq Azərbaycanla
yaxınlaşması istiqamətində işlər aparılır. Ancaq mən bu istiqamətdə
ciddi nəticə əldə edəcəyimizə inanmıram. Bilirsinizmi, bir daha
deyirəm ki, bu münaqişədə iki tərəf var. Onlar heç vaxt erməniləri
buraxıb bizi müdafiə etməzlər. Baxın, dünən saxta soyqırımla bağlı
od püskürürdülər, iddia edirdilər ki, "soyqrım" olub. Ancaq
Rusiyanın baş keşişi Kiril kişi kimi dedi ki, Osmanlı İmperiyasında
erməni soyqrımı olmayıb. Heç olmasa Kirilə qulaq assınlar..."
Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll edilməyəcəyini
deyən partiya sədri Minsk Qrupundan imtina etməyi təklif edib:
"Özümüz aktiv və fəal olmalıyıq. Heç kimdən kömək gözləməyə
ehtiyac yoxdur. Düz 20 ildir ki, kömək gözləyirik, deyirik ki, bu
ölkələrin dəstəyi ilə münaqişəni həll edəcəyik. Görürsünüz ki, bu
müddətdə kömək edən olmadı. Burada hərənin öz marağı var. Odur ki,
biz özümüz işləməli, fəal olmalıyıq.
ATƏT-in Minsk Qrupunun qərar və təklifləri məcburi deyil.
Əksinə, bu, dövlətlər üçün tövsiyyə xarakterlidir. Ermənilər də
tövsiyyə qəbul etmirlər. Ona görə də Minsk Qrupundan imtina etmək
lazımdır. Ermənistanda Rusiya əleyhinə keçirilən mitinq və
etirazlar da boş şeydir, ciddi proses deyil. Rusiyada 3 milyon
erməni yaşayır. Ermənistanda 3-5 adamın hoppanıb-düşməsi ilə heç nə
həll edilməz".