Azərbaycanda şərikli
bizneslə məşğul olan iki iş adamı arasında mübahisə yaranıb.
Teleqraf.com xəbər verir ki, iş adamı Sidqi Abbasovla Elxan
Axundovun mübahisəsi pul üstündədir.
Elxan Axundov dələduzluq əməllərindən istifadə edərək Sidqi
Abbasovun etibarını qazanıb və ondan xeyli miqdarda pul alıb. O,
Sidqi Abbasovdan bir müddət əvvəl bacısı oğlunu işə düzəltmək adı
ilə 30 min ABŞ dolları istəyib. Bildirib ki, həmin pulu faizlə də
götürə bilər.
Amma Sidqinin etibarını qazanmış Elxan pulu faizlə götürəsi
olmayıb. Sidqi Elxana deyib ki, faizlə yox, qohumu Xəqani
Abbasovdan 30 min dollar alıb ona verə bilər. Beləliklə, həmin
məbləğdə pulu Sidqi Xəqanidən alaraq Elxana verib.
Elxan eyni zamanda öz təşəbbüsü ilə anası Marus Axundovaya
məxsus olan, Nəsimi rayonundakı 1 otaqlı mənzili ipoteka müqaviləsi
əsasında girov qoyub, notarius vasitəsi ilə həmin ev 35 min manat
məbləğində qiymətləndirilib.
Xəqani Abbasov 30 min dolları Elxan Axundova çatdırsa da,
sonradan pulunu geri ala bilməyib.
Bir müddət sonra Elxan Axundov Azərbaycanı tərk edərək
Almaniyada yaşamağa başlayıb. Orada olduğu müddətdə Sidqi Abbasovla
biznes qurublar. Sidqi həmin şirkətin qurulması üçün bütün maliyyə
vasitələrini özü ayırıb. Bundan sonra problemlər yaranıb.
Elxan Axundov özünün dələduzluq əməllərinə don geyindirmək
məqsədilə Sıdqı Abbasovun haqqında bəzi saytlarda xoşagəlməz,
təhqir dolu məlumatlar yaymağa başlayıb. O, başqalarını böhtan
xarakterli fikirlərinə inandırmaq məqsədilə Nəsimi rayon
Məhkəməsinin hakim Etibar Hümbətovun və Konstitusiya Məhkəməsinin
işlər müdiri Akif Hümbətovun adlarını hallandırır. Guya həmin
şəxslərin himayəsi ilə Sıdqı Abbasov ona təzyiqlər göstərir.
Teleqraf.com-un əməkdaşı problemləri araşdırmaq üçün
işadamı Sidqi Abbasovla əlavə saxlayıb.
Sıdqı Abbasov deyib ki, Elxan Axundova inandığı üçün onunla
birlikdə biznes qurub: "Elxan Axundov mənə təklif etdi ki,
Almaniyada birgə biznes quraq, avtomobil satışı ilə məşğul olaq.
Birlikdə şirkət açdıq, həmin şirkətin əsasnamə kapitalı 26 min avro
oldu. Mən alman dilini bilmədiyim üçün bütün sənədləşmə işini Elxan
Axundov apardı.
Sənədləşmə zamanı şirkətdə hər birimizə 50 faiz pay ayrılıb.
Kapitalının hamısı mən qoysam da, sonradan öyrəndim ki, şirkətdə
qazanc payımız bərabərdir. Bundan başqa, şirkətdə Elxanın da qərar
qəbul etmək hüququ var.
26 min avronu Almaniyada notarius vasitəsi ilə Elxana vermişəm
ki, birgə biznes quraq. Əvəzində Elxan orada olan biznesi şəxsi
maraqları üçün dağıdaraq mənə ziyan vurub".
Sidqi Abbasovun sözlərinə görə, 26 min avronun qaytarılması ilə
bağlı Elxan Axundova qarşı Almaniya məhkəməsində mülki iddia
qaldırıb. Almaniya məhkəməsinə Elxan Axundova 26 min avro verməsi
ilə bağlı tutarlı faktlar təqdim edib:
"Buna görə də məhkəmə mənim xeyrimə qərar çıxardı. Bir daha
deyirəm ki, Almaniyada biznesə yatırılan pulların hamısı mənə
məxsusdur. Həmin pulların Elxan Axundovun iddia etdiyi kimi
Konstitusiya Məhkəməsinin İşlər müdiri olan Akif Hümbətova aid
olması cəfəngiyatdır. Ümumiyyətlə, mənim Akif Hümbətovla heç bir
əlaqəm yoxdur".
İş adamı xatırladıb ki, Elxan Axundov hələ Bakıda olduğu vaxt
ona 30 min manat pul lazım olduğunu, həmin pulu faizlə də olsa ona
tapılmasını istəyib:
"Mən də ona dedim ki, faizə pul götürmə, qohumum Xəqanidən pul
var, ondan pul alaraq sənə verə bilərəm. Mən Elxana yaxşılıq etmək
istədim. Buna görə Xəqanidən 30 min manat alaraq ona verdim.
Bununla bağlı evi ipoteka etdik ki, gələcəkdə pulun verilməməsi ilə
bağlı problemlər yaranmasın.
2013-cü il iyunun 4-də bağlanan müqavilədə tərəf olaraq Elxan
Axundovun anası Marus Yevda qızı Axundova, pul verən isə Xəqanı
Abbasov oldu. Elxan girov olaraq anasını adına olan Əlövsət Quliyev
küçəsi, ev 133-də yerləşən 53 saylı mənzili girov qoydu. İpoteka
müqaviləsinə əsasən, həmin ev 35 min manat məbləğində
qiymətləndirildi. Sonradan Elxan Axundovla əlaqəmiz kəsildi".
Sidqi Abbasovun sözlərinə görə, Elxan Axundov götürdüyü pulu
qaytarmadığı üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddia
ərizəsinə hakim Etibar Hümbətov baxıb:
"Biz iddiaçı olaraq məhkəməyə sənədlər təqdim etdik və bildirdik
ki, rəsmi sənədlərə əsasən Elxan Axundova 30 min manat borca pul
vermişik. Onun anasının razılığı ilə ev ipoteka müqaviləsi əsasında
girov qoyulub. Məhkəmədə bizim xeyrimizə qətnamə çıxardı.
Elxan Axundov isə iddia edir ki, həmin evin qiyməti 300 min
manatdır. Amma "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC həmin
evi 51 min manat dəyərində qiymətləndirilib. Ev bir neçə dəfə
satılması üçün hərraca çıxarılsa da, baha olduğuna görə heç kim
almayıb.
Mənim Elxan Axundovun evini ələ keçirmək fikrim yoxdur. Məqsədim
ondan pulumu geri almaqdır.
Hüquqi dövlətdə yaşadığım üçün əlimdə olan sənədlərlə birlikdə
məhkəməyə müraciət etmişəm. Məhkəmədə mənim xeyrimə qətnamə
çıxarıb. Elxan Axundov saytlarda iddia edir ki, guya məmur
qohumlarım vasitəsi ilə məhkəməyə təzyiq göstərmişəm, məhkəmə
xeyrimə qətnamə qəbul edib. Amma yadından çıxır ki, Almaniya
məhkəməsində də onu udmuşam.
Onda Elxan Axundovun məntiqindən belə çıxır ki, Almaniyada məmur
qohumlarım var, onların vasitəsi ilə Almaniyada da məhkəmə xeyrimə
qərar çıxardıb. Elxan Axundovun hansısa məmur vasitəsi ilə
məsələnin mənim xeyrimə həll olunması ilə bağlı fikirləri
əsassızdır. Bir daha deyirəm, Etibar Hümbətov və Akif Hümbətovla
qohumluq əlaqələrim yoxdur".
Sidqi Abbasovun sözlərinə görə, Almaniyadan bu günlərdə vətənə
dönüb. O, qeyd edib ki, Almaniyada Elxan Axundovu tapa
bilməyib:
"Elxan Axundov hüquqi ünvanını və mobil telefonunu dəyişib. Buna
görə də onu tapa bilmədim. Bu səbəbdən Almaniyada olan şirkəti
bağlaya bilməmişəm. İşləməyən şirkətə görə hər ay mənə 570 avro
vergi gəlir. Şirkətdə hüquqi səlahiyyətlərin çoxu onun ixtiyarına
verilib. Buna səbəb mənim alman dilini biıməməyim olub. Bundan
istifadə edərək şirkətin 50 faizinə də yiyələnib. İndi tapa
bilmirəm ki, şirkəti bağlayım.
Əslində Elxan Axundov heç vaxt mənsiz, təkbaşına şirkət yarada
bilməzdi. Elxan Axundovun Bakıda və Gəncə şəhərlərində 5 mənzili
var. Bu adam Almaniyada oturum icazəsi alıb və Almaniya hökumətinin
yardımları hesabına Azərbaycan əleyhinə xoşagəlməz ifadələr
işlədir.
Deyir ki, Azərbaycanda insan haqları pozulur, Azərbaycan hüquqi
dövlət deyil. Əgər onun dedikləri doğrudursa, bəs bu qədər mülkə
necə yiyələnib? Elxan Axundovun anası Marus əslən ermənidir. Elxan
Axundov erməni qohumları vasitəsi ilə Almaniyada sığınacaq alıb və
indi də böhtan xarakterli məlumatlar yayır".
Sidqi Abbasov bildirib ki, Elxan Axundov aldığı 30 min manat
borcu guya qaytardığını iddia edir. Bununla bağlı saxta sənədlər
təqdim edir: "Amma həmin sənədlərə nəzər yetirəndə məlum olur ki,
imza Elxan Axundov tərəfindən saxtalaşdırılıb. Mənim imzamla onun
təqdim etdiyi sənəddə olan imzanı müqayisə edəndə bu saxtakarlıq
aydın bilinir".