Aprelin 29-da Xarici İşlər Nazirliyinin (XİN)
təşkilatçılığı ilə yerli və xarici KİV-lərin təmsilçiləri ötən gün
Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqələrinə
şiddətli artilleriya atəşləri nəticəsində mülki əhaliyə dəyən
ziyanın nəticələri ilə yerində tanış olmaq üçün cəbhəboyu zonaya
səfər ediblər.
AzərTac xəbər verir ki, XİN-in mətbuat
xidmətinin rəhbəri Hikmət Hacıyevin müşayiət etdiyi Əl-Cəzirə,
Reuters, Associated Press, Frans-Press, Anadolu Agentliyi, TRT
World, BBC kimi dünyanın nüfuzlu media orqanlarının nümayəndələri,
həmçinin yerli jurnalistlər əvvəlcə Bərdə rayonuna gəliblər.
Yerli və xarici jurnalistlər ermənilərin yaşayış məntəqələrini
atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə
olunduğu Bərdə Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə
maraqlanıblar. Yaralıların vəziyyətinin sabit olduğu,
müalicələrinin davam etdirildiyi, həyati təhlükələrinin olmadığı
bildirilib.
Ağdam rayonuna gələn media nümayəndələri Ermənistan silahlı
qüvvələrinin Çəmənli kəndini atəşə tutması nəticəsində şəhid olan
sakinlər Əli Hüseynovun və Famil Mustafayevin ailə üzvləri və
qohumları ilə görüşüblər.
Hər iki şəhidin yaxın qohumu Əhməd Əhmədov media təmsilçilərinə
müsahibəsində deyib: "Erməni hərbi birləşmələri gecə saat 12
radələrində kəndimizi şiddətli artilleriya atəşinə tutmağa başladı.
Həm Əli Hüseynov, həm də Famil Mustafayev kəndə düşən mərmilər
nəticəsində ağır yaralanaraq həlak olublar. Onların heç biri kəndi
tərk etməmişdi. Biz Ermənistan ordusunun mülki əhalini ağır
artilleriyadan atəşə tutacağını gözləmirdik. Bizim artıq səbrimiz
tükənib. Daha nə qədər belə yaşamaq olar? Belə də atəşkəs olar? Biz
torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini
gözləyirik".
Media təmsilçiləri Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə
olunan yaralılarla da görüşüblər. Jurnalistlərə məlumat verilib ki,
hazırda xəstəxanada üç sakin müalicə olunur. Xəsarət alan digər
sakinlər isə ambulator nəzarət altındadır.
Yaralı Şəbnəm Qaraşova kəndin qəfildən atəşə məruz qaldığını
bildirərək deyib: "Şiddətli artilleriya atəşi qəfil başladığı üçün
təhlükəsiz əraziyə getməyə imkan tapa bilmədik. Avtomobilə minib
uzaqlaşmağa çalışdıq. Lakin həmin vaxt avtomobili vurdular və mən
bir neçə metr məsafədəki arxa düşdüm. Mərminin partlaması
nəticəsində ayağımdan yaralandım".
Çəmənli kəndinin digər sakini, yaralı Arif Məmmədov əvvəllər
belə şiddətli artilleriya atəşinə məruz qalmadıqlarını bildirib. O
da mərminin partlaması nəticəsində ayağından qəlpə yarası aldığını
qeyd edib.
Jurnalistlər sonra Sarıcalı kəndində tam orta məktəbin düşmənin
artilleriya atəşləri nəticəsində ziyan dəymiş binasına baxıblar.
Məktəbin direktoru Aybəniz Məhərrəmova aprelin 2-də Ermənistan
silahlı qüvvələri bölmələrinin şiddətli artilleriya atəşi
nəticəsində binaya ciddi ziyan dəydiyini bildirib. Qeyd edib ki,
mərmilər şənbə günü günortadan sonra binaya düşdüyündən müəllim və
şagirdlərdən xəsarət alan olmayıb. Məktəbin binasının dam örtüyü
tamamilə sıradan çıxıb, dörd sinif otağı yararsız hala düşüb.
Hazırda məktəbdə təmir-bərpa işləri aparılır.
Sonra media nümayəndələri Mahrızlı kəndində vətəndaşa məxsus
dağılmış evə baxış keçiriblər. Kənd sakini Şahmalı Qəhrəmanov
bildirib ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin artilleriya
atəşləri nəticəsində kəndin ərazisinə təxminən 100-ə yaxın mərmi
düşüb. Kənddə 29 evə ziyan dəyib, 3 ev tamamilə dağılıb. Ayın
1-5-də isə 57 evə ziyan dəymişdi. Ş.Qəhrəmanov vəziyyətlə əlaqədar
kənd sakinlərinin təsərrüfat işləri görə bilmədiyini də qeyd
edib.
Rayonun Qaradağlı kəndinə gələn KİV nümayəndələri ermənilərin
ağır artilleriyadan açdığı atəş nəticəsində Elməddin Həsənovun
dağılan evinə baş çəkiblər. Mərminin evə düşdüyü vaxt qonşuda
olduğunu deyən E.Həsənov jurnalistlərə bildirib: "Qəfildən eşidilən
güclü partlayış səsindən qorxduq. Bayıra çıxanda gördük ki, evimiz
artıq dağılıb. Şükür ki, mərmi düşən zaman evdə olmamışıq".
Jurnalistlər Qaradağlı kəndində Sabir Haqverdiyevin dağılmış
evinə və Habil Muradovun həyətyanı sahəsinə də baxıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif
Dərgahlı media təmsilçilərinə müsahibəsində deyib: Son üç gecə
ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən
təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə
tutub. Atəş əsasən minaatanlardan, haubitsalardan, "BM-21" tipli
yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin
rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən
hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması
üçün qətiyyətli cavab tədbirləri görür. Bu tədbirlər mütəmadi
olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş
nöqtələri məhv ediləcək".
Rayonun Evoğlu kəndində düşmən atəşi nəticəsində zərər çəkmiş
evlərə də baxış keçirdikdən sonra media nümayəndələri Əfətli
kəndindəki dağıntılarla və "Qara inək" fermer təsərrüfatına dəymiş
ziyanla maraqlanıblar.
Fermer təsərrüfatının rəhbəri Fuad Əyyubzadə aprelin 27-dən
28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə
ciddi ziyan dəydiyini deyib. Bildirib ki, təsərrüfatın ərazisinə
çoxlu sayda mərminin düşməsi cins inəklərdən 12-sinin tələf olması,
25 baş iribuynuzlunun yaralanması ilə nəticələnib. Fermadakı sağım
avadanlığına və tikililərə də ziddi ziyan dəyib.
Məlumat verilib ki, ümumiyyətlə Əfətli kəndinə 60-dək mərmi
düşüb. Kənddə üç ev dağılıb, 20 ev ciddi zərər çəkib, bir mülki
şəxs yaralanıb. Həmin sakin hazırda Ağdam Mərkəzi Rayon
Xəstəxanasında müalicə olunur.
Yerli və xarici KİV-lərin təmsilçiləri daha sonra Ermənistan
silahlı birləşmələrinin artilleriya atəşləri nəticəsində Ağcabədi
rayonunun Qaraxanlı kəndində yanan evə baxış keçiriblər. Ev sahibi
Ələkbər Ələkbərov deyib ki, düşmənin atdığı mərmi evə aprelin 27-də
saat 23-24 radələrində düşüb. O bildirib: "Ermənilər atəşə
başlayanda biz dərhal evi tərk etdik. On beş dəqiqə sonra mərminin
partlaması nəticəsində evimiz tamamilə dağıldı. Əgər bir az gec
çıxsaydıq, hamımız həlak olacaqdıq".
Kənd sakinləri media nümayəndələrindən haqq səslərinin dünya
ictimaiyyətinə çatdırılmasını xahiş ediblər. Artıq 23 ildən çoxdur
bu şəraitdə yaşadıqlarını deyən sakinlər müharibənin tezliklə başa
çatmasını, işğal altındakı torpaqlarımızın azad olunmasını tələb
ediblər.
Jurnalistlərə müsahibəsində Ağcabədi Rayon İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədov bildirib ki, Ermənistan silahlı
birləşmələrinin aprelin 27-dən 28-nə keçən gecə artilleriya atəşi
zamanı rayonunun Qaraxanlı, Boyat, Hacılar, Yuxarı Qiyaməddinli və
Mirzəhaqverdili kəndlərinə 100-ə yaxın mərmi düşüb. Təkcə Qaraxanlı
kəndinə 50 mərmi atılıb. Kənddəki evlərdən biri tamamilə yanıb, 2
evin dam örtüyünə, 30-a yaxın evə, yardımçı binalara, orta məktəbin
binasına, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan
dəyib.
Xarici İşlər Nazirliyini mətbuat xidmətinin rəhbəri Hikmət
Hacıyev bildirib ki, xarici jurnalistlərin cəbhəboyu zonaya səfəri
qoşunların təmas xəttinə yaxın kəndlərdə yaşayan mülki əhaliyə
qarşı Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən
vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq
məqsədilə təşkil olunub. O, belə səfərlərin mütəmadi qaydada təşkil
olunacağını qeyd edib.