Nüfuzlu İordaniya nəşri "Orobanyus" AzərTac-ın xüsusi
müxbiri Asya Hacızadənin Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bəyanatı
haqqında məqaləsini dərc edib. Xatırladaq ki, həmin bəyanatda
erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun
mövqelərini və qoşunların təmas xətti yaxınlığında yerləşən
Azərbaycan yaşayış məntəqələrinin intensiv surətdə atəşə
tutulmasının davam etdirilməsinə ölkəmizin mövqeyi ifadə
olunub.
Axar.az xəbər verir ki, məqalədə qeyd olunur: Azərbaycanla
Ermənistan arasında əldə edilən atəşkəs rejiminə baxmayaraq,
aprelin 26-da, gecə saatlarından başlayaraq Ermənistan silahlı
birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas
xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı
silahlardan – "Qrad" qurğularından, toplardan intensiv atəşə
tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır
olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində
100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün
yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına,
habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan
vurulub.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov yaranmış vəziyyətlə bağlı bildirib ki,
"bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə
münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, bu quruma
daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin
Azərbaycanın işğal altında olan ərazilərindən yaşayış məntəqələrini
ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun
nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət
bildirməyiblər. Halbuki aprelin əvvəlində Azərbaycan Silahlı
Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli
cavabı və bunun nəticəsi olaraq işğal altındakı bəzi əraziləri azad
etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik
reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi
əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı
fikirlər səsləndirildi".
"Orobanyus" qeyd edir: Ə.Həsənovun xüsusi vurğuladığı kimi,
hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə
gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in
Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və
ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin
edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər.
Ə.Həsənov deyib: "Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili
standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına,
beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş
etdirilir".
Əli Həsənov həmçinin bildirib ki, beynəlxalq birlik, ATƏT və
digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə
qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli
tədbirlər görməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi fikrini belə tamamlayıb: "Azərbaycan Ermənistan
rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti
təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc
sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq
ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə,
Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq
üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra
yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun
təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcək".