Ermənistanla Azərbaycan
arasında hərbi əməliyyatların gərginləşməsi nəinki on illərlə
erməni ordusunun mövqelərinin möhkəmlətdiyi ərazilərin alınmaz
olduğu haqda yayılan fikirlərin yanlışlığını göstərdi, həm də
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi ilə bağlı
ekspansionist erməni "təhlükəsizlik kəməri" anlayışının mahiyyətini
üz çıxardı.
Axar.az "Vestnik Kavkaza"ya istinadən xəbər verir ki, bu
fikirləri politoloq Mixail Belyayev səsləndirib.
Onun sözlərinə görə, bu "kəmərə" Ermənistanın deyil, mülki
əhalisi erməni ordusunun artilleriya atəşi altında qalan
Azərbaycanın ehtiyacı var:
"Aprelin 2-dən 5-dək 6 dinc sakin həlak oldu, 26 nəfər
yaralandı. Aprelin sonunda ermənilərin silahlı hücumu nəticəsində
daha iki dinc sakin dünyasını dəyişdi, 8 nəfər yaralandı. Vəziyyət
yalnız erməni ordusu cəbhədə ağır itkilər verməyə başladıqdan sonra
nisbətən sabitləşməyə başladı. Aydın məsələdir ki, Ermənistan ciddi
şəkildə atəşkəsə ehtiyac duyurdu. Bu baxımdan aprelin 5-də
Azərbaycan və Ermənistan Baş Qərargah rəhbərlərinin Moskva
görüşündə əldə olunmuş atəşkəs Moskvanın effektiv vasitəçiliyi
sayəsində mümkün oldu.
Bu zaman, bütün beynəlxalq vasitəçilərin münaqişənin sülh yolu
ilə nizamlanmasını tələb etdiyi bir vaxtda Azərbaycan ordusu cəbhə
bölgələrində mülki əhalisi qətlə yetirildiyi üçün ciddi tədbirlərə
əl ata bilərdi".
Politoloq Ermənistan Milli Məclisinin vitse-spikeri Ermine
Naqdalyanın açıqlamasını xatırladır:
"Əgər dünya Dağlıq Qarabağın bağımsızlığını tanısa, onda bizə
aid olmayan ərazinizi və ya ərazilərinizi qaytara bilərik. Onlar
bizə lazım deyil, sadəcə, bufer zonası və təhlükəsizliyimizin
qarantıdır". Naqdalyan yeni heç nə demədi, o, Serj Sərkisyanın
həmişəki tezisini – "Ağdam erməni torpağı deyil" fikrini
təkrarladı. Bu həqiqət Ermənistanın fəaliyyəti ilə heç cürə
üst-üstə düşmür. Əgər Ağdam erməni torpağı deyilsə, onda niyə adı
dəyişdirilərək "Akna" qoyulur və işğal olunmuş ərazilərdə
məskunlaşma prosesi davam etdirilir?
Paradoksal bir vəziyyət yaranıb: Ermənistan tərəfi öz fəaliyyəti
ilə beynəlxalq hüquq normalarını pozduğunu etiraf edir, hətta
gizlətmədən "işğal olunmuş əraziləri Dağlıq Qarabağın müstəqilliyi
müqabilində boşaltmağı" təklif edir. Həm də Ermənistan işğal
olunmuş 7 rayondan yalnız 5-ni geri qaytarmağa hazır olduğunu
deyir. Kəlbəcər və Laçının Ermənistanla Dağlıq Qarabağı birləşdirən
ərazilərdə nəzarəti əldə saxlamaq üçün qaytarılmaması
planlaşdırılır.
Və burda, əlbəttə ki, beynəlxalq hüquq normaları haqda
diskussiya aparmağın mənası yoxdur, çünki Ermənistan rəhbərliyi özü
də ən azından Azərbaycan ərazilərinin bir hissəsini işğal etdiyini
etiraf edir".
Politoloq bu məsələnin başqa bir aspektinə də diqqət
yetirir:
"Burda daha vacib bir məsələ var: Ermənistanın qaytarmaq
istəmədiyi iki rayon, əslində, heç bir təhlükəsizlik qarantı üçün
deyil, onun ətrafında işğal olunmuş rayonlara və Dağlıq Qarabağa
heç bir aidiyyəti olmayan ərazilərdə yaşayan Azərbaycan mülki
əhalisini hədələmək məqsədilə saxlanılır.
Sual çıxır: Tərtər və Ağdam istiqamətindəki son hadisələr zamanı
niyə bir nəfər də olsa hərbçi ölmədi? Ola bilərmi ki, bu, erməni
ordusunun bacarıqsızlığından irəli gəlsin? Ola bilərmi ki, erməni
ordusu o qədər bacarıqsızdır ki, lazım olan hədəflərin heç birini
nişan ala bilməyib? Bunun yerinə səhvən mülki əhaliyə və yaşayış
evlərinə atəş açıb?
Mülki əhalinin qətlə yetirilməsi Azərbaycana öz təhlükəsizlik
zonası yaratmaq haqqını verir. Özü də işğal olunmuş torpaqlarının
qaytarılması hesabına. Necə ki, Dördgünlük müharibə zamanı
Azərbaycan strateji əhəmiyyətli yüksəkliklərini qaytardı".
Politoloq güman edir ki, mülki əhalini atəşə tutan erməni tərəfi
cəbhə insidentlərinin araşdırılması mexanizmlərinin tətbiqi üçün
əlverişli şərait yaradaraq rəsmi Bakını razı salmaq istəyir:
"Ermənistanın mülki əhalini qətlə yetirməklə rəsmi Bakını razı
salmaq cəhdləri terrorçu məntiqinə əsaslanır – siyasi qərarların
qəbulu və ya dəyişdirilməsi üçün mülki əhalini girov götürmək.
Terrorçularla isə, məlum olduğu kimi, danışıqlar aparılmır və
Ermənistanın tələblərinin qəbul olunması indiki şəraitdə mağara
siyasi təfəkkürünün təşviqinə yol açacaq.
Cəbhə insidentlərinin araşdırılması mexanizmlərinin tətbiqi üçün
atılacaq addımlardan ilki Ermənistan tərəfinin mülki əhalini qətlə
yetirmək siyasətindən əl çəkməsi, hərbi cinayətkarlığını boynuna
alması olmalıdır.
Azərbaycan mahiyyət etibarilə bu mexanizmin yaradılmasının
əleyhinə deyil. Lakin bu, davamlı sülh prosesində başlıca deyil,
köməkçi rol oynaya bilər. Çünki həyatını itirən mülki sakin və ya
hərbçinin həyatını qaytarmaq mümkün deyil; çünki mexanizmin
yaradıldığı təqdirdə bu mexanizm erməni əhalisinin təhlükəsizliyini
təmin etdiyi halda, Azərbaycan əhalisi üçün təhlükə yaradır; çünki
hazırki təmas xəttində dinc əhali daha çox təhlükəyə məruz
qalır.
Müvafiq olaraq cəbhə xəttində baş verən insidentləri araşdırma
effektlərini artırmaq üçün erməni silahlı qüvvələrinin Qarabağ
ətrafında işğal olunmuş ərazilərdən çıxarılması daha
məqsədəuyğundur. Bu halda tərəflər arasında yaranacaq qarşılıqlı
məsuliyyət hər iki tərəfin mülki əhalisinin təhlükəsizliyi üçün
zəmin formalaşdıracaq.
Hazırda Azərbaycan tərəfi mülki əhalisinin qətlə yetirilməsinin
qarşısını adekvat addımlar atmaqla – erməni hərbçilərini məhv
etməklə ala bilir. Hazırki vəziyyət və təcrübə göstərir ki, bu, ən
effektiv cavabdır".