Ana səhifə Gündəm |
Dekabrın 24-də Azərbaycan Dillər Universitetində xalq yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi olduqları “Qeyri-səlis məntiq və nitq-dil” kitabının müzakirəsi keçirilib.
Axar.az xəbər verir ki, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq, həmmüəllifi olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının elmi əhəmiyyətindən söz açıb.
Tədbirin aparıcısı, professor Qorxmaz İmanov bildirib ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyev dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin dərinliklərinə enərək, bu nəzəriyyəni ictimai elm sahələrinə uğurla tətbiq etməkdədirlər. Müəlliflərin “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabından sonra qeyri-səlis məntiq nəzəriyyəsini sosial elmlərə tətbiq edən yeni nəşri – “Qeyri-səlis məntiq və nitq-dil” kitabı elmi ictimaiyyət və ziyalılar tərəfindən böyük maraqla qarşılanıb. Müəlliflər kitabda qeyri-səlis məntiqi dil və nitqə tətbiq edərək, müxtəlif fərqli yanaşmaları irəli sürərək intellektual bir araşdırma ortaya qoyublar.
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə tətbiqinin əhəmiyyətindən söz açıb, bu nəzəriyyənin dilin çoxqatlı məzmununu daha dəqiq ifadə etməyə imkan verdiyini bildirib. Qeyd olunub ki, “Qeyri-səlis məntiq və nitq-dil” kitabı qeyri-səlis məntiqin klassik məntiq çərçivəsindən çıxaraq, dilin təbii axarında necə təzahür etdiyini göstərir. Tədqiqatda dilin çoxmənalılığını araşdırılarkən, onun yalnız tək anlamlı deyil, həm də geniş perspektivlər yaratdığı göstərilir ki, bu yanaşma Azərbaycan elmi üçün yenilikdir.
Kitabın yazılma prosesindən bəhs edən akademik Kamal Abdulla son illər professor Rafiq Əliyevlə birlikdə qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan ədəbi və elmi sahələrinə uğurla tətbiq etdiklərindən danışıb. Bildirilib ki, onlar dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə edib, hər iki alimin birgə yazdıqları “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı Azərbaycan (üç dəfə), Almaniya və Türkiyədə çap olunaraq, oxucular tərəfindən rəğbətlə qarşılanıb.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabının yazılma məramından bəhs edən Kamal Abdulla bildirilib ki, qeyri-səlis məntiqin dil-nitq müstəvisində özünü göstərməsi indiyə qədər hərtərəfli şəkildə öyrənilməmişdir. Mövzunun indiyə qədər sistemli öyrənilməməsi isə onun bu günümüz üçün kifayət dərəcədə perspektivli və dərin olmasından xəbər verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin özünəməxsus çoxmənalılıq və qeyri-xətti xüsusiyyətləri ilə uzlaşdırılması müasir dilçilik elmi üçün yeni üfüqlər açır: “Biz bu kitabda qeyri-səlis məntiq nəzəriyyəsini dilə tətbiqi ilə onun qeyri-xətti məqamlarını, çoxmənalılıq xüsusiyyətlərini əhatəli şəkildə izah etməyə çalışmışıq. Bu kitab sosial elmlərdə yeni bir dövr açmaq potensialına malikdir”.
Qeyd olunub ki, “Sim-Sim” nəşriyyatında işıq üzü görən yeni kitabda qeyri-səlis məntiq nəzəriyyəsi, ilk dəfə olaraq, dilçilik obyekti olan dilə-nitqə tətbiq edilir. Kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları – professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Tədbirdə çıxış edən akademik Əli Abbasov bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin dilə tətbiqi Azərbaycan elmi tarixində unikal bir hadisədir.
“Qeyri-səlis məntiq və nitq-dil” kitabının aktual məzmunu və novatorluğu ilə diqqət çəkdiyini bildirən akademik Nizami Cəfərov çıxışında qeyd edib ki, təqdim olunan yeni kitab həm Azərbaycan dilçiliyi, həm də digər elm sahələri üçün mühüm töhfədir. Hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olan bu unikal əsər Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlərə yol açır. Kitabın müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini ön plana çıxarır. “Qeyri-səlis məntiq və nitq-dil” kitabı Azərbaycanın elm tarixində bir çox intellektual başlanğıcların mənbəyi ola bilər.
Tədbirdə akademik Muxtar İmanov, professor İsmayıl Məmmədov, dosent Fəridə Hüseynova, professor Adil Babayev çıxış edərək bildiriblər ki, “Qeyri-səlis məntiq və dil-nitq” kitabı müəlliflərin dərin fəlsəfi düşüncələrinin və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarının bəhrəsidir.
Tarix
2024.12.25 / 00:26
|
Müəllif
Axar.az
|