Ana səhifə Gündəm |
Prezident Əliyev AzTV-yə müsahibəsində AZAL-ın təyyarəsinin vurulması ilə bağlı bütün məsələlərə, xüsusilə “Bakı Moskva qarşısında geri çəkilir” tipli yanaşmalara aydınlıq gətirdi. Əliyevin açıqlamaları və verdiyi mesajları bir neçə kontekstdə qiymətləndirmək olar.
Birincisi, Azərbaycan Rusiya təyyarənin vurulmasına görə məsuliyyətdən yayınmaq cəhdlərini qəbul etməyəcək.
Moskvanın məsuliyyəti PUA hücumu edən Ukraynanın üzərinə qoymaq, yaxud ən azı bölüşdürmək cəhdləri var. Putinin Əliyevə zəngində qeyd etdiyi məqamlar da bunu deməyə əsas verir. Əliyev isə təyyarəyə yerdən atəş açıldığını xüsusi vurğulamaqla məsuliyyətin birbaşa Rusiyanın üzərində olduğu mesajını verdi.
- “Təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir”;
- “...Heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın”;
- “...Füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu”.
İkincisi, Prezident Rusiyanın təyyarənin vurulma faktını ört-basdır etmək istədiyini açıq şəkildə dilə gətirdi.
Rusiyanın hadisəni gizlətmək və istintaqa təsir etmək cəhdlərinin olduğu haqda yazmışdıq: “duman”, “qaz balonun partlaması”, təyyarə ekipajının özünün Aktauya uçmaq seçimini etməsi kimi iddialar irəli sürülür, eləcə də araşdırmanı MDB müstəvisinə daxil etməyə çalışırdılar.
Əliyev Rusiyanın cəfəng versiyalarla baş verənləri gizlətməyə çalışdığını açıq şəkildə bəyan etdi. Lakin rəsmi Bakı Moskvanın hadisəni ört-basdır etmək cəhdinə imkan verməyib. Beynəlxalq ekspertlərdən ibarət yaradılan işçi qrupuna təyyarənin istehsalçı şirkəti – “Embraer”in, Braziliyanın müvafiq qurumlarının, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin (MDB) nümayəndələri də daxildir. Əliyev əlavə etdi ki, Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri aparıcı rollarda yox, işçi qrupun tərkibində olan üzvlər kimi prosesdə iştirak edir.
Beləliklə, Rusiyanın araşdırmanın nəticələrinə təsir etmək imkanları sıradan çıxarılıb.
Üçüncüsü, Bakının aydınlıq gətirilməsini tələb etdiyi suallar var. Bu, ictimai rəydə də müzakirə edilən məsələlərdir.
- Nə üçün təyyarə enə bilməyib?
- Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb?
- Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi?
Prezident “yerdən atəşin açılması” detalını dəfələrlə vurğulamaqla “təyyarənin Rusiya tərəfindən vurulduğunu bilirik” mesajını verir. Eyni zamanda, təyyarənin Aktauya niyə göndərilməsi üzərində xüsusilə dayanır və bunun bilərəkdən, izin itiriməsi məqsədilə edilməsi versiyasının olduğuna diqqət çəkir. Əks versiyanı – Aktaunun açıq məkan olduğu üçün ekipaj tərəfindən seçildiyi ehtimalını da xatırladır, lakin “yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi” qeydi ilə Bakının birinci versiyanın üzərində dayanacağı, araşdırmanın bu istiqamətdə aparılacağı mesajını verir.
Prezidentin vurğuladığı əsas məsələlərdən biri də Qroznı hava limanında “kavyor əməliyyatı”nın (Xalça əməliyyatı) nə vaxt elan edilməsidir. “Kavyor əməliyyatı” təyyarənin vurulmasından öncə elan edilməsi məsuliyyətdən yayınmaq imkanı yaradır. Əliyev isə bəyan etdi ki, “...bizdə olan məlumata görə, artıq təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra “kavyor əməliyyatı” elan edilmişdi. Yəni, əgər bu belədirsə, bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər”.
Bu, günahkarların Qroznıda olduğunun mesajı və Bakının Moskvadan “günahkarların cəzalandırılması” tələbində israr etdiyi deməkdir.
Və nəhayət, dördüncü məqam: Bakı təyyarənin vurulmasına görə öz tələblərini Moskvaya rəsmi şəkildə təqdim edib.
1. Rusiya Azərbaycandan üzr istəməlidir: bu tələb yerinə yetirildi;
2. Rusiya öz günahını etiraf etməlidir;
3. Günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir;
Əliyev açıq mesaj verdi: məsələ Putinin üzrxahlığı ilə bitmir, Moskva Bakının daha iki tələbini yerinə yetirməlidir.
Tarix
2024.12.30 / 08:00
|
Müəllif
Asif Nərimanlı
|