Ana səhifə Gündəm |
Ötən gün Tiflisdə keçirilmiş aksiyada bir qrup etirazçının qaldırdığı plakatlar Gürcüstanın azərbaycanlı icmasının hiddətinə səbəb olub.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, plakatlarda Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Prezidenti Mixail Kavelaşvili və hakim Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvilinin şəkilləri karikatura formasında başlarında əmmamə ilə göstərilib.
Bayraq formasındakı plakatlara İran və Hizbullah terror təşkilatının bayraqları, “Təbriklər, qul!” sözləri da yerləşdirilib.
Gürcüstanın müsəlman icmasını qəzəbləndirən detal plakatlarda “La ilahə illallah, Muhəmmədən rəsulallah” ifadəsinin yer almasıdır. İcmanın fikrincə, islam dininin başlıca ehkamlarından biri olan təkbirin qısa ifadəsi karikatura obyekti ola bilməz. İcma üzvləri bu halı islama qarşı hörmətsizlik kimi qiymətləndirirlər.
Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri plakatları hazırlayan və aksiyada istifadəsinə yol verənlərin üzr istəməsini tələb edirlər.
Qeyd edək ki, ötəngünkü aksiyada Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasiminə etiraz ifadə olunub.
Tarix
2024.12.30 / 23:52
|
Müəllif
Axar.az
|