İsraildə çıxan populyar "The Jerusalem Post" nəşrində
İsrail Tədqiqat İnstitutunun beynəlxalq kommunikasiyalar üzrə
direktoru Mayana Yaffe-Hoffmanın məqaləsində Ermənistan
parlamentinin deputatı, bu ölkənin keçmiş baş naziri Qrant
Baqratyanın gələcəkdə qonşu Türkiyə və Azərbaycandan "hücum və
təcavüzün"ün qarşısını almaq üçün Ermənistanın nüvə silahı
yaratması barədə çağırışını şərh edib.
AzərTac xəbər verir ki, "isp-ngo.com" saytına
istinadla xəbər verir ki, məqalə müəllifinin fikrincə, belə
bəyanatları diqqətsiz qoymaq olmaz. Baqratyanın bəyanatından bir
neçə gün əvvəl Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti silah
uranı-238-i təqribən 200 milyon dollara qanunsuz satmaq cəhdinə
görə 3 Ermənistan və 3 Gürcüstan vətəndaşını həbs edib. Özü də bu,
ilk həbs deyil. Qonşu Gürcüstana uran keçirərkən həbs olunan
ermənilərin sayı son 2 ildə artıb. Bu da ABŞ-ın və digər ölkələrin
nüvə silahının yayılmaması sahəsində ekspertlərinin narahatlığına
səbəb olur. Dənizə çıxışı olmayan ermənilər nüvə materiallarını
Yaxın Şərqə və digər ərazilərə ötürmək üçün Qara dəniz limanlarına
yol tapmaqdan ötrü Gürcüstandan istifadə edirlər.
Məqalə müəllifi xatırladır ki, Azərbaycan ilə Ermənistan
arasında münaqişə 1980-ci illərin sonunda başlayıb, 1991-ci ildə
Sovet İttifaqı dağılan kimi irimiqyaslı müharibəyə çevrilib.
1994-cü ildə atəşkəs haqqında saziş imzalanana qədər 30 mindən çox
adam qətlə yetirilib.
O vaxtdan etibarən ATƏT-in Minsk qrupu arabir münaqişənin
dayandırılmasına dair həvəssiz və səmərəsiz addımlar atır.
Qrupun həmsədrləri Fransa, Rusiya və Birləşmiş Ştatlardır. Onlar
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə
həll etmək niyyətindədirlər. İki tərəf arasında vaxtaşırı döyüşlər
qızışır. Lap bu yaxınlarda - aprelin əvvəllərində Azərbaycanın
mövqeləri və yaşayış məntəqələri Ermənistan mövqelərindən
artilleriya silahlarından atəşə tutulub.
BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı birləşmələrinin
Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını
tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib.