Ana səhifə Gündəm |
ABŞ-ın iştirak etdiyi son hərbi kampaniyalar nümunəsindən də göründüyü kimi, Vaşinqtonun özü əsgər və zabitlərinin birbaşa iştirakını minimuma endirməyə çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-İran münasibətlərini şərh edərkən deyib.
“Amerikalı seçicilər Ağ Evdən və Pentaqondan qələbələr, eləcə də ölkələrinin əzəmətinin artmasını gözləyir, lakin minlərlə, hətta yüzlərlə tabutu yox. Buna görə də ABŞ öz iştirakını kəşfiyyat, silah tədarükü, hava və dəniz raketlərinin zərbələri ilə məhdudlaşdırmağı üstün tutub, “ət maşınının yemi”nin tədarükünü təmin etmək məqsədilə yeni NATO üzvlərini və Alyansa qəbul olunmaq ümidi ilə onun qapısında dayananları cəlb edər. İndi, məsələn, Ermənistan bu rolu oynayır, bu yaxınlarda ABŞ-la xartiya imzalayıb və bura “NATO-nun himayəsi altında sülhməramlı missiyalarda iştirak” da daxildir”, - o bildirib.
Arkovun sözlərinə görə, Vaşinqton Tramp rəsmən vəzifəsinə başlamazdan əvvəl, İsrail və HƏMAS-ın hərbi əməliyyatların intensivliyini azaltdığı və əsir mübadiləsinə başladığı Yaxın Şərqdən başlayaraq, “təhdidlərin” tətbiqini aparır:
“Respublikaçı Vaşinqtonla Təl-Əviv, eləcə də Ər-Riyad arasında demokratlardan daha yaxın münasibətlərin olduğu çoxdan məlumdur. Hər iki tərəfin isə Tehrana qarşı öz ciddi iddiaları var. Ona görə də Vaşinqtonla Tehran arasında dostluğa çevriləcək bir mülayimlik gözləmək qəribə olardı. Ən azından İran molla rejimi olduğu müddətdə. Tramp və onun ətrafı yerli “İran kampaniyasının” Böyük Şərqdə hamının hamıya qarşı müharibəsinə – əslində III Dünya müharibəsinə çevrilməsi riskinin yüksək olduğunu başa düşür. Rusiya və Çin dolayı və ya birbaşa olaraq İranın tərəfində hərəkət edəcək və radikal islamçıların (təkcə şiələr deyil!) qisas terroru ABŞ və onun müttəfiqlərinin şəhərlərini qana boğacaq. Bu cür nəticələrin fonunda Trampdan cizgi filmi qəhrəmanı ruhunda “uşaqlar, gəlin, sülh içində yaşayaq” nəsihətlərini gözləmək çətindir. Bəli, o, belə bir şeylər deyə bilər, lakin yalnız MKİ-nin məlumatına əsasən nüvə silahlarının yaradılması proqramı çərçivəsində işlərin aparıldığı İran ərazisindəki obyektlərə bir neçə dəqiq raket zərbəsi endirildikdən, həmçinin İsrail zərbələrindən salamat qalan hərbi-sənaye kompleksinin strateji hərbi bazaları və müəssisələrinə hücumlardan sonra. Trampın çevrəsindən “sızan” məlumatlara görə, bu ehtimal müzakirə olunur. İran hakimiyyəti, xüsusən də Yəməndəki husilərə və Fələstindəki HƏMAS-a pul və silahla dəstək verməyi dayandırmasa, Hizbullahın Livandakı qanadını yenidən yaratmaq təşəbbüsündən əl çəkməsə, bu “sızmalar” real ola bilər”.
Tarix
2025.01.22 / 12:09
|
Müəllif
Ruslan, Zeynəb
|