Bakı Şəhər Baş Polis İdarəsi
tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının
ölüm işi ilə bağlı cərrahiyyə əməliyyatında assistent kimi iştirak
edən İdrisov Fərəcullah Sədullah oğlu barəsində apardığı istintaqı
yekunlaşdırıb.
Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Səməd
Vəkilov məlumat verib. S.Vəkilovun sözlərinə görə, qərara əsasən,
toplanmış sübutlarla Fərəcullah İdrisovun cinayəti törətdiyi
təsdiqini tapıb:
"Bakı Şəhər Baş Polis İdarəsinin mühüm işlər üzrə müstəntiqi,
polis polkovnik-leytenantı Vüqar İsmayılovun apardığı istintaq işi
başa çatıb və ötən gün qərarı bizə təqdim etdilər. Bakı BPİ və Baş
Prokurorluq əməliyyatçılarının apardığı araşdırmalardan sonra
Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunun ümumi
cərrahiyyə şöbəsinin əməkdaşı Fərəcullah İdrisovun əməliyyatın
keçirilməsində şəxsi tamah məqsədi ilə dələduzluğa cəhd əməlini
törətməsi sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 29.178.1
maddəsi ilə məsuliyyətə cəlb edilib.
Ancaq qanunvericiliyə görə, az ağır cinayət əməli törədən şəxs
hadisədən iki il keçdikdən sonra CM-də nəzərdə tutulan maddənin
cəza hissəsindən azad edilir. Buna görə də CM-in 75.1.1 maddəsinə
əsaslanan istintaq CM-in 29.178.1-ci maddəsi ilə cinayəti sübuta
yetirilən F.İdrisovun cəzadan azad olunması və işin xətmi barədə
qərar çıxarıb".
Vəkil həmçinin qeyd edib ki, qanunvericiliyə uyğun olaraq,
cəzadan azad edilməsinə baxmayaraq, F.İdrisov cinayət əməlini
törədən şəxs olaraq məhkum sayılır.
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də
"Medi Sina" klinikasında süd vəzi kanalının popilloması əməliyyatı
zamanı həkim səhlənkarlığından dünyasını dəyişib.
Bakı Prokurorluğu əməliyyatda iştirak edən həkimlərdən biri –
anestezioloq Firuz İbrahimov barəsində CM-in 124.1
(ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri
bilə-bilə saxtalaşdırma) maddələri ilə cinayət işi açıb. Bakı
Apelyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə
sözügedən maddələrlə təqsirli bilinən F.İbrahimov 2,5 il müddətinə
həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.
İstintaqı aparan Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin
mühüm işlər üzrə müstəntiqi, ədliyyə müşaviri Vaqif Süleymanov
paralel olaraq F.İdrisova CM-in 29.178.1-ci maddəsi ilə cinayət işi
açaraq, araşdırılması üçün 2014-cü ildə Daxili İşlər Nazirliyinin
müvafiq idarəsinə göndərmişdi.