Ana səhifə Gündəm |
Fevralın 3-dən 7-nə kimi Nikol Paşinyan Vaşinqtonda olacaq. Səfərin rəsmi səbəbi Din Azadlığı üzrə Beynəlxalq Sammitdə və Milli Dua Səhərində iştirakdır. Bu tədbirlər hər il Vaşinqtonda keçirilir. Formal olaraq, bu, Paşinyanın Vaşinqton səfərinə əsas verib. Lakin hesab edirəm ki, Paşinyanın əsl gündəliyi bu tədbirlərə qatılmaq deyil.
Axar.az xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Sərkisyan deyib.
Onun sözlərinə görə, Paşinyan üçün bu səfər Trampın xarici siyasətini müəyyən etmək üçün vacibdir:
“Hamıya məlumdur ki, Paşinyan dinə və imana xüsusi maraq göstərən biri deyil. Üstəlik, məni təəccübləndirdi ki, səfərdə Arsen Torosyan da iştirak edir. Bildiyimə görə, o da dindar biri deyil. Bu isə o deməkdir ki, onların səfərinin məqsədi başqadır və dini tədbirlər sadəcə bəhanədir. Hesab edirəm ki, səfərin əsl səbəbləri aşağıdakılardır:
1. Paşinyan üçün həyati vacib məsələ Tramp administrasiyasının xarici siyasət istiqamətini anlamaqdır. O, ABŞ-ın ona dəstək verib-verməyəcəyini və Tramp administrasiyasının Baydenin Ermənistana göstərdiyi iqtisadi, maliyyə və siyasi yardımı davam etdirib-etdirməyəcəyini öyrənmək istəyir;
2. Paşinyan üçün bu administrasiyanın Ermənistan-Azərbaycan danışıqlarına münasibəti də çox vacibdir. O, Trampın komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə vasitəçiliyi davam etdirməyə nə dərəcədə hazır olduğunu öyrənməlidir;
3. O, həmçinin “Sülh qovşağı” konsepsiyasına Tramp administrasiyasının maraq göstərib-göstərmədiyini və ABŞ-ın bu ideyanın reallaşmasına nə qədər dəstək verəcəyini anlamaq istəyir;
4. Paşinyan ABŞ-ın Türkiyə ilə münasibətlərini öyrənməyə çalışır. O, bilmək istəyir ki, ABŞ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dolayı yolla kömək edəcəkmi?
5. O, həmçinin Tramp administrasiyasının İran və Rusiyaya qarşı siyasətini öyrənmək istəyir. Bu, Ermənistanın bu ölkələrlə əlaqələrində nə qədər manevr imkanına sahib olacağını müəyyən edəcək;
6. Paşinyan, ümumiyyətlə, ABŞ-Ermənistan strateji tərəfdaşlığı ilə bağlı Vaşinqtonun maraq səviyyəsini anlamağa çalışacaq;
7. Və nəhayət, o, ABŞ hökumətini, erməni icmasını və lobbi qruplarını inandırmağa çalışacaq ki, Vaşinqton Azərbaycana qarşı təzyiqlər göstərməsin, 907-ci düzəlişi ləğv etsin və Azərbaycana qarşı hər hansı yeni qətnamənin qəbul edilməsindən imtina etsin. Bu, son günlər rəsmi Bakının aktiv müzakirə etdiyi bir məsələdir”.
Politoloq qeyd edir ki, respublikaçıların hakimiyyətə gəlişi Paşinyanı addımlar atmağa məcbur edib:
“Bu suallara ən yaxşı cavabı Tramp, dövlət katibi, milli təhlükəsizlik müşaviri, müdafiə naziri və digər regional məsələlərə cavabdeh ABŞ rəsmiləri verə bilər. Görək, Paşinyan onlardan hansı biri ilə görüşəcək.
Ermənistan hökuməti əmin idi ki, seçkilərdə demokratlar qalib gələcək. Bu səfərin təcili təşkil olunmasının səbəblərindən biri də məhz budur”.
Tarix
2025.02.05 / 11:18
|
Müəllif
Vüsalə İsgəndərova
|