Xəbər verildiyi kimi, 11-15 may tarixlərində London
yaxınlığındakı Vindzor qəsrinin ərazisində Kraliça II Yelizavetanın
90 illik yubileyinə həsr olunmuş Kral Vindzor At Şousunda
Azərbaycanı "Qarabağ" cinsindən olan 15 atdan ibarət çaparlar
komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblınln kollektivi təmsil edib. Tədbir günlərində Azərbaycanın
mədəniyyət pavilyonu da fəaliyyət göstərib.
APA-nın məlumatına
görə, ölkəmizin Kral Vindzor At Şousunda uğurla təmsil olunması
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası
Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Vidzor Atçılıq
tədbirində yüksək səviyyədə təmsil olunması, süvarilərimizin
müxtəlif ekstremal hərəkətlərdən istifadə edərək nümayiş etdirdiyi
möhtəşəm şou, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ
atlarının məharətli çıxışı Britaniyanın nüfuzlu "The Times", "Horse
& Hound" və "Equestrian Life kimi böyük oxucu auditoriyası olan
nəşrlərin diqqət mərkəzində olub. Həmçinin ITV, BBC televiziya
kanallarının səhər verilişlərində və BBC News proqramlarında
reportajlar yayımlanıb .
"The Times" qəzetinin 13 may tarixli nömrəsində dərc olunan
məqalədə 1956-cı ildə Kraliçaya hədiyyə olunan Qarabağ atı barədə
məlumat verilir. Atlar tədbir üçün ən uzaq məsafədən Azərbaycandan
Rusiya, Latviya və Polşa da daxil olmaqla quru ilə on ölkədən
keçərək 4660 mil (7500 km) yol qət ediblər. Bu da iki ay vaxt tələb
edib. Vindzora gətirilən atların məhz Azərbaycanın milli cinsləri
olduğu vurğulanır. "Equestrian Life" nəşrinin 11 may tarixli
sayında dərc olunmuş "Azərbaycanın Qarabağ atları" başlıqlı
məqalədə dağlıq ərazilərdə dözümlü, yumşaq temperamentli və gözəl
şabalıdı rəngdə olduqlarına görə qiymətli olan Qarabağ atları
Azərbaycanın milli cins heyvanları olduğu vurğulanır. Bu atlar
türkmən cinsi olan Axaltəki, İran və ərəb atlarının qarışığıdır və
Orta Asiya ilə əlaqəsi var. Qarabağ regionu uzun müddət öz
atlarının şöhrəti ilə tanınırdı.
Məqalədə Qarabağ atlarının tarixi keçmişinə ekskurs edilir, bu
cinsin öz hazırkı xüsusiyyətlərini 18-19- cu əsrlərdə
formalaşdırdığı vurğulanır. O zaman Qarabağ xanı İbrahim-Xəlilin
(1763-1806) ilxılarında 3 000 – 4 000 at var idi. 19-cu əsrdən
sonra bu at cinsinin şöhrəti Avropaya gedib çıxdı. 1823-cü ildə
böyük satış yarmarkalarının birində İngiltərə şirkəti Qarabağ
xanlığının son hökmdarı olan Mehdi-Qulu xandan 60 Qarabağ atı aldı.
Mehdi-Qulu xandan sonra atların qayğısına onun qızı Xurşidbanu
Natəvan qalırdı. Bir sıra uğurlardan sonra onun atları 19-cu ərsdə
müxtəlif sərgilərdə ən yüksək mükafatlara layiq görülmüşdü. Təəssüf
ki, elə 19-cu əsrdə də Qarabağ atlarının sayında azalmalar başladı.
1826-cı ildə Rusiya-İran müharibəsi zamanı çoxlu sayda Qarabağ atı
həlak oldu. Lakin, bu cinsi qoruyub saxlamaq mümkün oldu.
"Equestrian Life" nəşri daha sonra yazır ki, 1993-cü ildə hazırda
erməni işğalı altında olan Ağdam şəhərindəki atçılıq fermasından
yüzlərlə Qarabağ atları xilas edilməsəydi, çox güman ki, bu milli
sərvət tarixə qərq olunacaqdı. 2007-ci ildə Azərbaycanın Kənd
Təsərrüfatı Nazirliyi bu cinsin qorunması və təbliğatı üçün 15
illik plan hazırlayıb.
İxtisaslaşdırılmış "Horse & Hound" nəşrinin 15 may
buraxılışında isə Kral Vindzor At Şousunda çıxış edən azərbaycanlı
çaparların akrobatik şousundan və Qarabağ atlarının mükəmməl
bacarıq nümayiş etdirməsindən bəhs edilir.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter sözügedən
nəşrə verdiyi müsahibədə bildirib ki, biz Ülyahəzrət Kraliçanın
qarşısında çıxış etmək imkanı əldə etdiyimizə görə qürur duyuruq.
Bu tədbir hər iki xalqın atlara olan sevgisini göstərir və əzəmətli
Qarabağ cinsindən olan atların Britaniya ictimaiyyətinə göstərmək
üçün gözəl bir imkandır.
L. Zetter qeyd edib ki, bu, onların Kraliça qarşısında ilk çıxışı
deyildi. 2012-ci ildə onlar büllur yubiley tədbirində iştirak etmək
üçün Vindzora gəlmişdilər. Məqalədə Qarabağ atlarının çoxunun
hazırda çovqan oyunu üçün istifadə olunduğu qeyd edilir. Bu,
polonun qədim forması və Azərbaycanın milli idman növüdür. Bu
oyunun tarixi əski zamanlara gedib çıxır və türk süvari
bölmələrinin məşq proqramlarında istifadə edilirdi. Britaniyanın
nüfuzlu televiziya kanalı ITV-nin "Good Morning London" verilişində
Qarabağ atları, eyni zamanda, süvarilərimiz və rəqs ansamblının
üzvləri ilə canlı yayım təşkil edilib. BBC kanalının səhər
proqramında və BBS News-da eyni mövzuda reportaj yayımlanaraq efirə
verilib.