Avropanın nüfuzlu analitik portallarından biri olan
"Moderndiplomacy.eu"da Ermənistanda fəaliyyət göstərən Metsamor
Atom Elektrik Stansiyasının (AES) təhlükələrindən bəhs edən məqalə
yayılıb.
Axar.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə ekspert
Petra Poseganın müəllifi olduğu məqalədə bəşəriyyətin
təhlükəsizliyi üçün bir çox risklərin mövcud olduğu müasir dövrdə
nüvə silahı istehsal etmək üçün müvafiq materiallara sahib
ölkələrin qarşısını almağın vacibliyi vurğulanır. Qeyd olunur ki,
bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə
daha çox mühümdür. On illərdir ki, davam edən və həll edilə
bilməyən münaqişəyə nüvə silahı amilinin əlavə edilməsi regiondakı
sülh və sabitliyi tamamilə poza bilər. Buna görə də Ermənistanın
nüvə gücünə malik olmasına qarşı daha ciddi addımlar
atılmalıdır.
Yazıda, həmçinin Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi
Agentliyinin (İAEA) hesabatına istinad edilərək bildirilir ki,
Ermənistan nüvə və digər radioaktiv materialların qanunsuz
ticarətinə görə ilk yerlərdədir. 1999-cu ildən bəri bu ölkədə bir
neçə ciddi hadisə baş verib. Son vaxtlar baş verən hadisələr isə
birbaşa Ermənistandan keçən nüvə qaçaqmalçılığı marşrutunun
olduğunu deməyə əsas verir. Ermənistan vətəndaşları Gürcüstanda
nüvə qaçaqmalçılığına görə saxlanılıb. Dəlillər göstərir ki,
qaçaqmalçılıq zamanı daşınan nüvə maddələri nüvə silahının
hazırlanmasında istifadə olunur. Nüvə silahlarının həddindən artıq
təhlükəli olması bu faktlara ciddi yanaşma tələb edir.
Müəllif yazır ki, aprel ayında Ermənistanın keçmiş baş naziri
Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu və bunu daha
da inkişaf etdirməyə qadir olduğunu deməklə dünya ictimaiyyətini
xeyli təəccübləndirdi. Ekspertin fikrincə, Ermənistanın bu silaha
malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri
təhdid etməkdir.
Müəllif son dövrlərdə Cənubi Qafqazda yüksək dərəcədə radioaktiv
maddə olan Uran 238-in qaçaqmalçılıq yolu ilə satılması kimi
halların aşkarlandığını qeyd edir. O, bu halların daha çox
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Gürcüstanın
Cənubi Osetiya ərazisində baş verməsinin daha böyük təhlükə
yaratdığını vurğulayır.
Yazıda, həmçinin Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in
istifadə müddətinin bitdiyi, stansiyanın işinə nəzarət edə və
sistemdə baş verə biləcək nöqsanları aradan qaldıracaq
təhlükəsizlik mexanizminin mövcud olmadığı diqqətə çatdırılır. Bu
yaxınlarda 30 illiyi qeyd edilən Çernobıl faciəsinin nümunə
göstərildiyi məqalədə Metsamor AES-in də region üçün eyni təhlükəni
yaratdığı qeyd olunur. Müəllif yazır ki, istifadə müddəti bitmiş
Metsamor kimi sistemlər ya təmir edilənə və müvafiq təhlükəsizlik
standartları tətbiq olunana qədər bağlanmalı, ya da lazımi hüquqi
tələblərə cavab vermirsə tamamilə ləğv edilməlidir.
Qeyd edilir ki, Metsamor AES-in yerləşdiyi ərazi olduqca seysmik
zonadır. Yəni, təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm
də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yara bilər. Erməni
rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait
yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada
biləcək stansiyanın işini davam etdirirlər. Metsamor AES Asiya,
Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün
ciddi təhdid hesab edilməli və ləğv edilməlidir.