ABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən "LA Talk
Live" radiosunda Azərbaycana həsr olunan geniş veriliş
yayımlanıb.
Axar.az Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadən
xəbər verir ki, proqramda baş konsul Nəsimi Ağayev qonaq qismində
çıxış edib.
Diplomat Azərbaycanın milli musiqi sənətinin tarixindən bəhs
edərək, xüsusilə Azərbaycanın klassik musiqi janrı haqqında məlumat
verib. Dünya musiqi tarixində Azərbaycanın bir sıra yeniliklərə
imza atdığını vurğulayan diplomat, bu səpkidə müsəlman dünyasında
ilk opera, operetta və baletin məhz Azərbaycanda yarandığını qeyd
edib.
Azərbaycanın Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi
dahi bəstəkarlarının olduğunu bildirən baş konsul, klassik musiqi
sənətimizin inkişafında bu incəsənət xadimlərimizin əvəzolunmaz
rolundan bəhs edib, onların dünyanın mədəniyyət yaddaşına həkk
olunmuş əsərlərindən söz açıb.
Eyni zamanda, diplomat, qədim tarixə malik Azərbaycan muğam
məktəbi barədə də danışıb. Muğam məktəbimizin dünya musiqisinə
verdiyi töhfələrin önəmindən bəhs edən baş konsul, 1977-ci ildə
Azərbaycan muğamının NASA tərəfindən dünyanın 27 nadir musiqi
əsərləri sırasına daxil edilərək, Voyager uçuş aparatları
vasitəsilə kosmosa göndərildiyini diqqətə çatdırıb.
Baş konsul, həmçinin Azərbaycan caz musiqi sənəti və onun
qurucularından olan Vaqif Mustafazadənin qeyri-adi istedadından da
söz açıb. Diplomat bildirib ki, Azərbaycan caz məktəbinin bu gün
artıq böyük sayda yetirmələri milli musiqimizə rəngarəng töhfələr
verməkdədir. Baş konsul, həmçinin Azərbaycanın multikulturalizm və
dinlərarası tolerantlıq ənənələri, Qarabağın əzəli Azərbaycan
torpağı olması və Nizami Gəncəvi yaradıcılığı barədə də
dinləyicilərə məlumat verib.
Qeyd edək ki, proqram zamanı Üzeyir Hacıbəyli, Qara Qarayev,
Fikrət Əmirov, Firəngiz Əlizadənin əsərlərindən, eyni zamanda Rəşid
Behbudov, Müslüm Maqomayev və Vaqif Mustafazadənin unudulmaz
ifalarından və Azərbaycan muğamından nümunələr səsləndirilib.
Əsərlərin tam şəkildə 26 mayda efirə veriləcəyi nəzərdə
tutulub.