Arye Qut: Alman generalını əsir götürən və onlarla
yəhudini ölümün pəncəsindən qurtaran Həmzə Sadıqovun qəhrəmanlığı
layiqli qiymətini almalıdır.
AzərTac xəbər
verir ki, bu yaxınlarda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal
Forumunda iştirak etmək üçün Azərbaycana səfər edərək, bir daha
əmin oldum ki, qəhrəmanlarsız tarix olmur. Əgər xalqın qəhrəmanı
yoxdursa, deməli, heç tarixi də yoxdur. Bakıda mən azərbaycanlı
kəşfiyyatçının, "Sadıqaşvili" (Həmzə Cümşüd oğlu Sadıqov)
təxəllüslü qəhrəmanın oğlu ilə tanış oldum. Həmzə Sadıqov sovet
hərbi kəşfiyyatının tərkibində Stalinqrad ətrafında döyüşlərdə
Hitlerin yaxın silahdaşı, qəddarlığı ilə seçilən və yəhudiləri
şəxsən məhv edən general İohann Fon Roddenburqu əsir götürüb.
Bu barədə İsrailin "Zamanın çağırışları" informasiya-analitik
portalında dərc edilən "Yəhudi uşaqları xilas edən Azərbaycan
kəşfiyyatçısı" məqaləsində Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq
münasibətlər üzrə ekspert Arye Qut yazıb.
Məqalə müəllifinin yazdığı kimi, məhz Azərbaycan
kəşfiyyatçısının cəsarət və igidliyi sayəsində onlarla yəhudi
ailəsi labüd ölümdən qurtulub. Bu şücaəti və qəhrəmanlığı ilə
"Həmzə baba" ona minnətdar olan nəsillərin qəlbində cəsarət və
ölümsüzlük abidəsi ucaldıb. Azərbaycan və yəhudi xalqları onun
xatirəsini həmişə böyük minnətdarlıq və hörmətlə yad edəcəklər.
"SMERŞ polkovniki Abram Ratner şəxsi gündəliyində yazır:
"Stalinqrad ətrafında döyüşlər zamanı "Sadıqaşvili" onlarla yəhudi
ailəsini azad edib, onların arasında mənim də qohumum vardı. Bu
barədə "NKVD-nin Xüsusi Hesabat"ında oxumuşam. Onu həmişə yəhudi
uşaqların xilaskarı kimi xatırlayacağam". SSRİ DTK-nın polkovniki
Yakov Serebryanski şəxsi arxivində qeyd edir ki, yəhudi xalqının
qəddar düşməni general-polkovnik fon Roddenburqun əsir alınması və
hərbi tribunala təslim edilməsi mühüm hadisə idi. DTK polkovniki bu
alman generalının əsir alındığını və yəhudi ailələrin isə Həmzə
Sadıqovun cəsarət və qəhrəmanlıq sayəsində azad edildiyini eşidəndə
çox sevinib.
SMERŞ-in yerli şöbəsinə ünvanlandığı məktubunda kapitan Şuvalov
yazır ki, alman generalının əmri ilə xüsusi otaq yaradılmışdı və
orada gücləndirilmiş mühafizə altında çoxlu yəhudi saxlanılırdı.
Nasistlər yəhudiləri təhqir edir, alçaldır və güllələyirdilər.
Yalnız bir məqsəd vardı: bütün yəhudi uşaqları məhv etmək. Lakin
cəsarəti sayəsində Sadıqaşvili (Sadıqov) məhbusları zirzəmidən
çıxardı, sonra ikinci mərtəbəyə qalxıb general fon Roddenburqu əsir
götürdü.
Arxiv sənədlərində Tehran Konfransının təhlükəsizliyinə cavabdeh
olan, kəşfiyyat polkovniki Vladimir Vertiporıxın imzaladığı maraqlı
məlumatlar var. Vertiporıxın qeydlərindən: "1948-ci ildə İsrailə
ezam olunmuşdum. Müharibənin başa çatmasından üç il keçsə də,
İsrail mətbuatı itkin düşən və ya müharibədə həlak olan
həmvətənlərini axtarmaqda davam edirdi. General fon Roddenburqun
yəhudi ailələrə qarşı vəhşilikləri haqqında dəhşətli hekayətlər
dərc olunurdu. Stalinqrad cəbhəsində yəhudi ailələrin azərbaycanlı
xilaskarı kimi Cümşüd Həmzə oğlu Sadıqovun adı böyük hörmət və
minnətdarlıq hissi ilə çəkilirdi".
1943-cü il oktyabrın 4-də yüksək rütbəli zabitlərin iclasında
çıxış edən general-mayor Tavartkiladze bildirmişdi ki, yəhudi
ailələri amansızcasına məhv edən 76-cı diviziyanın komandanı
general fon Roddenburqu şəxsən 25 alman əsgər və zabitini öldürərək
və onlarla yəhudi uşağı labüd ölümdən xilas edərək 51-ci motoatıcı
diviziyanın zabiti Həmzə Sadıqov əsir götürüb.
A.Qutun sözlərinə görə, uzun illər sovet kəşfiyyat və
əks-kəşfiyyatında işləyən Mariya Fortus Həmzə Sadıqovu
xatırlayaraq, onlarla yəhudi ailəni yəhudilərə patoloji nifrəti
olan fon Roddenburqun əlindən qurtaran bu məşhur kəşfiyyatçı
haqqında çox şey eşitdiyini bildirib. Maria Fortus deyib: "Bu
Roddenburq öz qərargahı yanında onlarla əsir ailənin saxlanıldığı
xüsusi "Ölüm sarayı" yaratmışdı. Biz bu cəsur qəhrəmanın - Həmzə
Sadıqovun şərəfinə Volqoqradda abidə ucaldılmalıyıq".
1949-cu il oktyabrın 2-də İsrailin "Maariv" qəzetində dərc
edilən "Borc" məqaləsində jurnalist Yosef Feldman qeyd edir ki,
Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlı Həmzə Sadıqov yəhudi
uşaqları labüd ölümdən xilas edib. Yosef Feldman məqaləsində
yazırdı: "1942-ci il İsrailin yeni tarixində əsas səhifələrdən biri
olacaq və biz tarixçilərimizdən xahiş edirik ki, bu azərbaycanlı,
uşaqlarımızı faşist əsirliyindən xilas edən igid döyüşçü, onun
qəhrəmanlığı, ailələrimizə və uşaqlarımıza təmənnasız yardımı
haqqında yazsınlar. 1942-ci il noyabrın 20-də polkovnik Həmzə
Sadıqov "Yəhudi İttifaqı" yanındakı Əlaqələndirmə Komitəsinin
nümayəndələrinə alman generalı fon Roddenburqun əsirliyindən xilas
etdiyi onlarla yəhudi ailəni təhvil verib. Biz bu tarixi
unutmamalıyıq".
İsrailli ekspert vurğulayır: Ən təəssüfedici məqam budur ki, heç
kim yəhudiləri soyuqqanlı şəkildə məhv edən ən bədnam və qəddar
alman generalını azərbaycanlının əsir götürdüyünə inanmaq
istəmirdi. Əfsus ki, sovet rəhbərliyi də buna inanmadı, Stalin isə
məlumatlara tamamilə laqeyd münasibət nümayiş etdirdi. Ekspert
yazır: "Yəhudi uşaqları xilas edən əfsanəvi azərbaycanlı
kəşfiyyatçısının oğlu ilə görüşərkən, bu günə qədər Həmzə Cümşüd
oğlu Sadıqovun, haqsız unudulan müharibə qəhrəmanının həyatının
lazımi dərəcədə tədqiq edilmədiyi aydın oldu. Çox heyf ki, faşizmə
qarşı vuruşan və yəhudi ailələri xilas edən igid Sadıqov
Azərbaycanda çox az tanınır, halbuki Ermənistanda Dro və Njde kimi
faşist generallar geniş miqyasda, pərəstiş səviyyəsində təbliğ
olunur. Onların şərəfinə xatirə sikkələri zərb olunur, bədii və
sənədli filmlər çəkilir, Ermənistanın paytaxtında isə bir meydana
Qaregin Njdenin adı verilib".
Arye Qutun fikrincə, bu pərəstiş bəzi marginal siyasi
qruplaşmalar tərəfindən həyata keçirilmir, bu fəaliyyətin arxasında
dövlət durur. "Bir halda ki Ermənistan Müdafiə Nazirliyi yanında
Milli Strateji Tədqiqatlar İnstitutu 30 mindən çox yəhudini məhv
edən faşist və antisemitin adını daşıyır, daha nə deyəsən? 1942-ci
ilin dekabrında Dronun Himmlerin qəbulunda olduğunu bildirən
avstriyalı tarixçisi Erik Fayql yazır: "Dronun heç bir vicdan əzabı
çəkmədən qətlə yetirmək səriştəsi və təcrübəsi vardı. Bu, Himmlerdə
çox böyük təəssürat yaradırdı".
Rəsmi Moskva həmişə faşistlər və onların əlaltılarına bəraət
verilməsi cəhdlərinə qarşı sərt çıxış edib. Lakin bu gün bir çox
Rusiya KİV-lərinin və Rusiya mədəni məkanının bu faşistləri milli
qəhrəmanlar kimi təqdim edən kanal olması çox böyük narahatlıq
doğurur. İsrailin "Zamanın çağırışları" informasiya-analitik
portalında Arye Qut yazır: "Literaturnaya qazeta"nın 2014-ci il 17
dekabr tarixli sayında dərc olunan Ermənistan Respublikasının
Rusiyadakı səfiri ilə müsahibəni xatırlamaq kifayətdir. Səfir bu
müsahibədə bildirib: "Xalqımızın görkəmli oğlu Qaregin Njde hesab
edirdi ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin özünü
təkmilləşdirməsi kimi mübarizə həyatın əsas qanunudur. Bu mübarizə
ölkənin və xalqın tərəqqisinə sarsılmaz səydə əks olunur".
İsrailli ekspert vurğulayır ki, Ermənistan prezidenti Serj
Sarkisyan və müdafiə naziri Seyran Ohanyanın simasında erməni
general Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı
şəhərində kütləvi qanlı qırğın törədib. Serj Sarkisyanın yalnız bu
sözlərini xatırlamaq kifayətdir: "Xocalıya qədər azərbaycanlılar
düşünürdü ki, mülki əhaliyə əl qaldırmayacağıq, biz bu stereotipi
sındırdıq". Bu, real şəkildə sübut edir ki, Ermənistanda
hakimiyyətdə olan Serj Sarkisyan və onun klanı Dro və Njdenin
həqiqi və layiqli varisləridir. Xocalıda inanılmaz qəddarlıq və
vəhşiliklə törədilən qanlı soyqırımı aktı XX əsrin sonunda həyata
keçirilən ən dəhşətli faciələrdən biri oldu. Bu kütləvi qırğının
qəddar və amansız səhnələri Azərbaycanın qəlbində sağalmaz yara
kimi qalacaq. Bu artıq tarixi faktdır ki, Ermənistan silahlı
qüvvələri və muzdlu dəstələri şəhəri tərk edə bilməyən Xocalı
sakinlərindən heç birinə rəhm etməyib. Ermənistan hərbi
birləşmələrinin vəhşilikləri nəticəsində 613 nəfər həlak olub, 487
nəfər xəsarət alıb, 1275 dinc sakin - qocalar, uşaqlar, qadınlar
əsir götürülərək misli görünməyən işgəncələrə, təhqir və həqarətə
məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir".
Arye Qut ümid edir ki, bu məsələlərlə məşğul olan alimlər və
mütəxəssislər, gec də olsa, H.Sadıqovun döyüş yolu ilə maraqlanacaq
və ona layiqli qiymət verəcəklər.
İsrailli ekspertin məqaləsində F.Sadıqov və R.Vəlizadənin
"Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı" kitabındakı faktlardan
istifadə edilib.