Bakıda qətlə yetirilərək yandırılan İmişli Rayon Polis
Şöbəsinin əməkdaşı - 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu
Kazımovun yaxınları Yeni Müsavat-a müraciət ediblər.
Axar.az xəbər verir ki, onlar M.Kazımovu qətlə yetirən iş
yoldaşı Ravil İbayevə verilmiş cəzanın yüngül olmasına etirazlarını
bildiriblər:
"Ravil İbayev 2 övlad atası olan Muxtarı xüsusi amansızlıqla,
özünün dediyinə görə, pulunu ələ keçirmək üçün öldürüb. Sonra isə
aparıb yandırıb. Bu adam pula, öz tamahına görə belə bir ağır
cinayətə əl atıb. Məhkəmə ona ömürlük həbs cəzası verməli idi. Bakı
Ağır Cinayətlər Məhkəməsində ona 19 il cəza verdilər. Bakı
Apelyasiya Məhkəməsi bu müddəti 20 ilə qaldırdı. Bu cəza onun
törətdiyi əmələ adekvat deyil. Biz Muxtarın ailəsi olaraq cəzanın
sərtləşdirilməsini istəyirik".
M.Kazımovun ailə üzvləri deyirlər ki, Ravil İbayev həbsdə
ola-ola kimə istəyirsə zəng edir, saxladığı qadınla tez-tez
görüşür:
"Bütün bunları gəlib bizə deyirlər. Bu adam hamıya deyir ki,
məndən narahat olmayın, 2-3 ilə gələcəyəm. Burada yeyirəm, içirəm,
idman edirəm".
Kazımovlar R.İbayevin qətli tək törətmədiyi
qənaətindədirlər:
"Müstəntiq Kamran Məmmədov bizə istintaq çəkilişlərini
göstərmir. Ravil deyir ki, 95 kiloqram çəkisi olan Muxtarı öldürüb,
sandığa qoyub və sandığı tək götürüb liftə qoyub aşağı düşürüb,
liftdən çıxarıb maşına yerləşdirib. Sonra da aparıb dəniz kənarına,
sandığın üstünə benzin töküb yandırıb. İstintaq onun dediklərini
yoxlamayıb? Yoxlama apararkən videosunu çəkməyib? Ravil özü tək 95
kiloqram çəkisi olan Muxtarı, çəkisi 10-15 kiloqram olan sandığa
yerləşdiribsə, avtomatik 110 kiloqram çəki alınır. Bəs özünün 75
kiloqram çəkisi olan şəxs özündən ağır sandığı necə qaldırıb? Bizə
həmin videonu göstərsinlər. Ravilə kömək edənlər olub. Özü deyir
ki, hadisə bizim evdə baş verməyib, yaxınlıqdakı əmim qızının
evində olub. Sonradan evdə qanı yerə sürtməklə hadisənin onun
evində baş verməsi görüntüsünü yaradıblar. Biz ailə olaraq
cinayətin hərtərəfli araşdırlmasını, Ravilə kömək edənlərin də
cəzalandırılmasını tələb edirik".
Yada salaq ki, Muxtar Kazımovla Ravil İbayev hər ikisi İmişli
Rayon Polis Şöbəsinin əməkdaşları olub. Onlar Bakıya qiyabi təhsil
aldıqları Polis Akademiyasında keçirilən imtahan sessiyasına
gəliblər. Sessiya günlərində M.Kazımov Xətai rayonundakı özünə
məxsus mənzildə, R.İbayev isə həmin rayonun ərazisində kirayələdiyi
mənzildə yaşayıb.
"Qardaşım Xudu Məmmədov küçəsi ev 14 ünvanında ailəsi ilə
yaşayırdı. 2011-ci il aprelin 17-də ailə qurmuşdu, 2015-ci il
aprelin 17-də öldürüldü. Bir övladı var, biri də onun ölümündən
sonra dünyaya gəlib. Biz onun uşaqlarına nə deyəcəyik?" -
M.Kazımovun bacısı Əfsanə Məmmədli sual edir. Onun sözlərinə görə,
R.İbayev bildiklərini gizlədir, cinayəti birgə törətdiyi şəxslərin
adını çəkmir. Ə.Məmmədli baş prokuror Zakir Qaralova müraciət
edərək iş üzrə obyektiv araşdırma aparılmasını və iş materialları
ilə M.Kazımovun ailə üzvləri olaraq onların tanış olmalarına şərait
yaradılmasını istəyib.