2016-cı ilin 28 may tarixində Azərbaycan Respublikasının
Kanadadakı Səfirliyi tərəfindən 28 May – Respublika Günü
münasibətilə Kanadanın paytaxtı Ottava şəhərinin meriyası önündə
Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi
keçirilib.
Səfirlikdən Report-a verilən məlumata görə, tədbirdə
Ottavada yaşayan Azərbaycan icmasının nümayəndələri və Azərbaycanın
Kanadadakı səfirliyinin əməkdaşları iştirak edib.
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli
iştirakçılar önündə çıxış edərək, Respublika gününün əhəmiyyətindən
danışıb və Azərbaycanın dövlətçilik ənənələrini bərpa edən
Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk parlamentli
respublika olduğunu və bütün vətəndaşlarına dinindən, cinsindən və
etnik mənsubiyyətindən asılı olmayaraq səsvermə hüququ tanıtdığını
vurğulayıb. R. Hüseynli bildirib ki, birinci Respublikamızın ömrü
çox qısa olsa da, demokratik institutlar və dövlət simvolları
yaratmaqla Azərbaycanın dövlətçilik ənənələrini bərpa edib və
bugünkü müstəqil və müasir Azərbaycanın inkişaf platformasının
əsasını qoyub. R.Hüseynli Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan 70 il sonra ölkəmizin 1991-ci ildə müstəqilliyini bərpa
etdiyini və bu müstəqilliyin qorunub saxlanılmasında ümummilli
lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu xüsusi ilə
qeyd edib.
Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları altında
Azərbaycan Respublikasının dövlət bayrağı meriya önündə
ucaldılıb.
Həmin gün "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi
tərəfindən də 28 May – Respublika Günü münasibətilə Kanadanın
Toronto şəhərinin meriyası önündə Azərbaycan Respublikasının Dövlət
Bayrağının qaldırılması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı
qonaqlar, Azərbaycanlı və xarici tələbələr, o cümlədən Türkiyə
Respublikasının Torontodakı Baş Konsulu Erdeniz Şen iştirak
ediblər.
"Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin direktoru
və tədbirin təşkilatçısı Lalin Həsənova açılış nitqi söylədikdən
sonra sözü Azərbaycan Respublikasının Kanadadakı səfirliyin konsulu
Faiq Babayevə verib. F.Babayev tədbir iştirakçılarını bayram
münasibətilə təbrik edib, 28 May – Respublika Gününün Azərbaycan
xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu,
Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan etməklə
xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini qeyd edib.
F.Babayev vurğulayıb ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan
müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm
qoyub və ümummilli liderin siyasi xəttinin layiqli davamçısı
Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün inamla
irəliləyir.
Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları altında
Azərbaycan Respublikasının dövlət bayrağı Torontonun mərkəzində
ucaldılıb.
Həmçinin, Ontario Əyalətinin London şəhərində yaşayan 12 yaşlı
soydaşımız Cəvahir Əl-Şakir "Azərbaycan" şeirini söyləmiş və
"Təbriz" rəqs qrupu tərəfindən Azərbaycan milli rəqsləri nümayiş
etdirilib. Milli rəqsimiz və çıxış edən rəqqasların milli geyimləri
yaxınlıqdakı çoxsaylı turistin diqqətini cəlb edib.
28 May – Respublika Günü münasibətilə analoji tədbirlər Kalqari
şəhərində Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta
Azerbaijani Cultural Society) və Vankuver şəhərində Azərbaycan
diasporunun təmsilçiləri tərəfindən də həyata keçirilib.