Almaniya Bundestaqında
qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə
layihəsi qəbul edilib.
Teleqraf.com
Almaniya parlamentinin bu addımı ilə bağlı Milli Məclisin
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Rövşən Rzayevin müsahibəsini təqdim edir.
– Rövşən bəy, Bundestaqda qəbul olunan qətnaməyə
münasibətinizi bilmək istərdik…
– Təəssüflər olsun ki, belə bir hal baş verdi. Bu, ədalətdən
tamam kənar bir məsələdir. Bu, daha çox siyasi qərardır və çox pis
bir haldır ki, Almaniya kimi dövlətin parlamenti tarixi faktları
araşdırmadan bu cür ədalətsiz mövqe tutdu. Amma düşünmürəm ki,
bunun arxasında yenə də nələrsə olacaq. Bu, sadəcə erməni
lobbisinin fəaliyyəti nəticəsində reallaşdırılan bir məsələdir.
Bundestaqda Cem Özdəmir adlı milliyyətcə çərkəz olan bir millət
vəkili var. O, şəxsi maraqlardan irəli gələrək belə bir qətnamə
layihəsi hazırlayıb. Yəni bu, elə bir iş deyil deyil ki, o bunu
təkbaşına edə biləydi. Əgər bu, ədalətli mövqe olsaydı, təbii ki,
burda nəsə danışmaq olardı. Amma bu ədalətdən kənar olduğu üçün
inanmıram ki, hansısa nəticə doğursun. Bu, siyasi bir qərardır. Mən
düşünürdüm ki, onlar belə bir iş görməzlər. Amma təəssüflər olsun
ki, bunu edə bildilər.
– Həmin deputatı necə xarakterizə etmək
olar?
– Cem Özdəmir çoxdan Ermənistanın xüsusi xidmət orqanlarının
nəzarətinə düşən bir millət vəkilidir. Başqa sözlə desək, erməni
kəşfiyyatının əlaltısıdır və o da bu layihəni onların təkidi ilə
irəli sürüb və ardınca da erməni lobbisi bu işi qura bilib.
Düşünürəm ki, bu qətnamənin qəbulu yaxşı hal olmasa da, heç də
böyük bir problem yaradacaq məsələ deyil.
– Nə mənada problem yaradan məsələ deyil?
– Yəni bu siyasi, tarixə söykənməyən bir qərardır. Burda başqa
nə ola bilər ki? Heç nə olan deyil.
– Bəs, Almaniya ilə Türkiyə arasında münasibətlər necə
olacaq?
– Ölkələr arasındakı münasibətlərə təbii ki, müəyyən qədər
yenidən baxılacaq. Bu, məlum məsələdir. Bu qədər ədalətsiz mövqe
sərgiləmək o qədər də yaxşı hal deyil.
– Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri və üzvləri bu qətnamənin
qəbulunu əngəlləmək üçün hansısa işlər görürdülərmi?
– Təbii ki, görürdük. Bu ilin aprelində Fuad Muradov və Rasim
Musabəyovla birgə Almaniyada ezamiyyətdə olduq. Bundestaqda
görüşlər keçirdik və öz mövqeyimizi səsləndirdik. Təbii ki, biz
bunu etdik. Əgər onlar ədalətin bərpasını istəyirdilərsə, ilk
növbədə Xocalı soyqırımı ilə bağlı danışmaları daha uğurlu olardı.
Amma təəssüflər olsun ki, bu gün Bundestaqda başqa düşüncələr yer
ala bildi.
– Həmin vaxt layihə gündəmdə var idi?
– Gündəmdə yox idi. Amma təbii ki, o barədə danışılırdı.
– Türkiyə Böyük Millət Məclisindəki Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar
Bundestaqın belə addım atacağı təqdirdə Almaniya ilə əlaqələrin
kəsiləcəyini bildirib…
– Təbii ki, Türkiyə bu məsələ ilə bağlı öz mövqeyini bir daha
səsləndirməlidir. Çünki Almaniya sıradan bir dövlət deyil.
– 1915-ci il olaylarının baş verdiyi zaman Osmanlı
dövləti ilə Almaniya müttəfiq olub. İki ölkə arasındakı
münasibətlər də hər zaman yüksək səviyyədə olub. Bu baxımdan belə
bir qətnamənin qəbul olunmasının şok effekti yaratdığını söyləmək
mümkündürmü?
– Mən burda heç bir şok effekti görmürəm. Amma yaxşı hal da
deyil.
– Yəni qətnamənin təsirləri baxımından onun şok effekti
doğurmayacağı düşüncəsindəsiniz?
– Ciddi təsiri olmayacaq. Amma müəyyən qədər mənfi təsirləri
olacaq.
– Almaniya hazırda ATƏT-ə sədrlik edən dövlətdir. Bu
baxımdan məsələ bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
– Bax, görürsüz, böyük problemlər var. Qarabağ və digər 7
rayonumuz işğal altındadır, Azərbaycanın ərazi bütövlüyü təmin
olunmur. Bu problemləri bir kənara qoyub lazım olmayan məsələlərə
diqqət yetirirlər. Yəni, o deputatların iş vaxtları bu cür lazımsız
hərəkətlərə yönəldilir. Ədalətli mövqe olsaydı, onlar məsələyə
təbii ki, başqa cür yanaşardılar. Amma burda ədalətli mövqe
olmadığından təəssüflər olsun ki, bu cür hallar baş verir.
Ədalətdən danışan adamlar bugünki problemlərlə də bağlı mövqeyini
səsləndirməli idilər. Amma biz görürük ki, bu belə deyil.
– Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində
hər zaman Almaniyanın mövqeyini təqdir etmişik…
– Bəli, bu həqiqətdir. Onlar Azərbaycanın ədalətli mövqeyini hər
zaman, hər yerdə səsləndiriblər.
– İndi bu məsələdə də dəyişiklik ola
bilərmi?
– Yox, mənə elə gəlir ki, olmayacaq.