İtaliyalı jurnalist Domeniko Letisiya "L`Opinione"
qəzetində digər italyan jurnalist Can Mikalessinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair "Il
Giornale" qəzetində dərc olunmuş qərəzli məqaləsinə cavab
verib.
Axar.az xəbər verir ki, C.Mikalessi məqaləsində münaqişə,
xüsusilə də cari il aprelin 2-də qoşunların təmas xəttində baş
vermiş hadisələrlə bağlı erməni tərəfinin mövqeyini dəstəkləyən,
Azərbaycana qarşı qərəzli, təxribatçı və iftiralarla dolu
fikirlərlə çıxış etmişdi.
Domeniko Letisiya "Dağlıq Qarabağ məsələsinə aydınlıq gətirərək"
adlı cavab məqaləsində münaqişəni təhlil edib, bölgədəki
gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
beynəlxalq miqyasda tanınmış ərazilərini işğal etməsinin və
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz
və dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 məlum
qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər
beynəlxalq təşkilatların sənədlərinə Ermənistanın məhəl
qoymamasının dayandığını vurğulayıb. Azərbaycanın beynəlxalq
humanitar hüququn normalarına hörmət edən nizami silahlı qüvvələrə
sahib olduğu, əksinə, Ermənistan tərəfindən mülki əhaliyə qarşı
amansızlığı ilə tanınmış "ASALA" erməni terrorçu təşkilatının
nümayəndələrinin döyüşdüyü qeyd edilib. Müəllif erməni mənbələrinin
yaydığı rəsmi məlumata əsasən, 2-5 aprel hərbi əməliyyatları zamanı
83 erməni hərbi döyüşçünün həlak olduğunu, bunun 65 nəfərinin və ya
78 faizinin Ermənistan mənşəli şəxslər olduğunu, bu faktın
Azərbaycan ərazilərinin məhz Ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunduğunu sübut etdiyini bildirib. Daha sonra
D.Letisiya Ermənistanın ölkəmizə qarşı beynəlxalq konvensiyalarla
istifadəsi qadağan edilmiş kimyəvi silahdan (ağ fosfor) istifadə
etməsi və Ermənistanın keçmiş baş naziri, hazırda parlamentin üzvü
Qrant Baqratiyanın Azərbaycanı nüvə silahı ilə hədələməsi
məsələsini də oxucuların diqqətinə çatdırıb.
Müəllif, həmçinin cari il aprelin 25-27-də Bakıda keçirilmiş
BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumundan, bu
tədbirin əhəmiyyətindən, onun mötəbər iştirakçılarından bəhs edib,
onların Azərbaycanla bağlı müsbət fikirlərinə yer verib,
Azərbaycanın multikulturalizm modelinə diqqəti cəlb edib. Bunun
əksinə olaraq, Ermənistanda qeyri-demokratik mühitin, avtoritar
hakim rejimin mövcud olduğu, ötən ilin dekabrında Ermənistanda
hakim rejimin öz hakimiyyətini əbədiləşdirmək üçün konstitusiyaya
dəyişikliklərin edilməsi məqsədilə saxtalaşdırılmış referendum
keçirdiyi vurğulanıb. Həmin konstitusiya dəyişikliklərinin və
referendumun Avropa Şurası tərəfindən pislənildiyini, habelə bu
dəyişikliklərə qarşı ölkədə iğtişaşların baş qaldırdığını qeyd
yazan müəllif əlavə edib ki, Ermənistan hakimiyyətinin məhz məlum
2-5 aprel avantürasına getməkdə məqsədi diqqəti ölkədaxili
problemlərdən yayındırmaq olub.