Dünya Azərbaycanlılarının IV Qurultayı iyunun 4-də işini
panel iclaslarla davam etdirir. İlk paneldə
"Cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak" mövzusunda
müzakirələr aparılıb.
Azərtac xəbər verir ki, panel iclasın
moderatoru, Türkiyənin Giresun Universitetinin tarix kafedrasının
müdiri, professor, Dünya Türkləri Konqresinin üzvü Aygün Attar
azərbaycanlıların məskunlaşdıqları ölkələrin ictimai-siyasi
həyatında fəal iştirakına mane olan amillər və onların aradan
qaldırılması yolları, yerli cəmiyyətlərə inteqrasiyanın şərtləri və
çətinlikləri barədə müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Bildirilib ki, bu gün Azərbaycan icmasının yaşadığı ölkədə ona olan
ictimai etimadın gücləndirilməsi, yerli ictimai mühit və siyasi
münasibətlər sisteminin yaratdığı maneələrin dəf edilməsi
yollarının müəyyənləşdirilməsi, Azərbaycan diasporunun cəmiyyətə
inteqrasiyasının və siyasi fəallığının artırılması üçün vahid
konsepsiyanın hazırlanması mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının
Qafqazşünaslıq İnstitutunun direktoru, tarix elmləri doktoru,
professor Musa Qasımlı çıxışında Azərbaycan diasporunun yaranma
tarixindən, milli diasporumuzun formalaşmasında mühacirət
hərəkatının rolundan danışıb. O, dövlətin diaspor təşkilatlarına,
yoxsa diaspor təşkilatlarının dövlətə yardım etməsi məsələsinin
hazırda aktual mövzu olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın
diaspor təşkilatları dövlətin onlara göstərdiyi fəal dəstəyi yüksək
qiymətləndirməlidir. Prezident İlham Əliyevin qurultayın açılış
mərasimindəki nitqində diaspor təşkilatları qarşısında mühüm
vəzifələr qoyduğunu xatırladan Musa Qasımlı bildirib ki, bu
qurultay Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin yeni
istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol
oynayır.
Ukrayna Milli Avrasiya Universitetinin beynəlxalq hüquq
kafedrasının professoru, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar
Təhsil İşçisi, Ukrayna Azərbaycanlıları Alimlər Şurası ictimai
təşkilatının sədri Arif Quliyev yaşadığı ölkədə diaspor
təşkilatlarının fəaliyyətindən, ictimai-siyasi həyatda iştirak üçün
mövcud vəziyyətdən və qarşıda duran problemlərdən danışıb. O,
Azərbaycanın diaspor təşkilatlarının dövlət və xalq qarşısında
hesabat verməli olduqlarını diqqətə çatdırıb. A.Quliyev diaspor
təşkilatlarının vahid amal, şüar və ideya ətrafında sıx birləşərək
əlaqəli şəkildə fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.
Ukraynada xeyli sayda Azərbaycan məktəbinin fəaliyyət göstərdiyini
diqqətə çatdıran Arif Quliyev təkcə Kiyevdə 5 belə məktəbin
olduğunu deyib. O, Ukraynada təhsil alan azərbaycanlı tələbələrin
potensialından daha geniş istifadə edilməsinin vacibliyini
vurğulayıb.
İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri
Səfər Qaraqoyunlu rəhbərlik etdiyi təşkilatın diaspor
fəaliyyətindən danışıb. O, Azərbaycan diaspor təşkilatlarının
yaşadıqları ölkələrdə cəmiyyətə inteqrasiyasında mədəniyyət
mərkəzlərinin və kitabxanaların açılmasının önəmini qeyd edib.
Niderlandda Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın
Avropa ölkələrində diaspor təşkilatlarının fəaliyyətində qarşıda
duran çətinliklərdən danışıb. O, erməni diasporunun güclü olduğu
Avropa ölkələrində, xüsusən Niderlandda Azərbaycan diaspor
təşkilatlarının uğurlu fəaliyyəti üçün səylərin birləşdirilməsinin
önəmini vurğulayıb.
Ümumrusiya Azərbaycan Konqresinin Çuvaşiya regional bölməsinin
sədri Əziz Bədirov təmsil etdiyi qurumun fəaliyyətindən söhbət
açıb. O, Çuvaşiyadakı Azərbaycan diasporunun erməni lobbisinə qarşı
uğurla fəaliyyət göstərdiyini, onların qondarma "erməni soyqırımı"
ilə bağlı tədbirlər keçirmək cəhdlərinin qarşısını aldığını
xatırladıb. Ə.Bədirov məhz Ümumrusiya Azərbaycan Konqresinin
fəaliyyəti nəticəsində xalqımızın dahi şairi Nizami Gəncəvinin
xatirəsinin Çuvaşiyada əbədiləşdirilməsi istiqamətində işlər
görüldüyünü, buradakı stadionlardan birinə dahi mütəfəkkirin adının
verildiyini bildirib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin (UABK) sədri
Rövşən Tağıyev təmsil etdiyi təşkilatın üzvlərinin Ukraynanın bir
sıra dövlət, hökumət və qanunvericilik qurumlarında, məhkəmə-hüquq
orqanlarında rəhbər vəzifələrdə çalışdığını diqqətə çatdırıb. O,
UABK-nın Ukraynanın yüksək dövlət qurumları, hətta sabiq və hazırkı
prezidentləri ilə sıx münasibətlərinin olduğunu qeyd edib. O,
Konqresin təşəbbüsü ilə ermənilərin iki dəfə Ukrayna parlamentində
qondarma "erməni soyqırımı" məsələsinin qəbul olunması cəhdlərinin
qarşısını aldığını bildirib. R.Tağıyev diaspor təşkilatının uğur
qazanması üçün xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin
dilini öyrənmələrinin, ictimai-siyasi xadimləri ilə sıx
münasibətlər qurmalarının, bu ölkələrin dövlət dilini
öyrənmələrinin önəmini qeyd edib.
Qlobal Kariyera İnstitutunun direktoru Orxan Həsənoğlu, tanınmış
türkoloq alim, Moskva Dövlət Linqvistika Universitetinin
professoru, "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Tofiq
Məlikli, "Azər-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı,
Rusiya Azərbaycanlı Gənclər Birliyinin əməkdaşı Alim Hüseynov,
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və digər çıxış
edənlər də Azərbaycanın müstəqilliyin bərpasından sonra özünü
dünyada tanıtmaq istiqamətində ilk addımlarından birinin diaspor
təşkilatlarının fəaliyyətinin canlandırılması olduğunu bildiriblər.
Çıxış edənlər diaspor təşkilatlarının xalqımızın ümummilli lideri
Heydər Əliyevin ideologiyası əsasında formalaşmasının və fəaliyyət
göstərməsinin önəmini diqqətə çatdırıb, bu istiqamətdə həyata
keçirilməli olan addımlardan danışıblar.