Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı
çərçivə sazişi ilə bağlı anlaşmanın əldə edilməsi üçün
perspektivlər mövcuddur.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk
Qrupunun rusiyalı həmsədri İqor Popov "İnterfaks" agentliyinə
müsahibəsində deyib.
İ.Popov bildirib ki, Vyanada prezidentlər əsas məsələlər üzrə
danışıqlar prosesinin yenilənməsinə dair razılığa gəliblər.
"Ümid edirəm ki, konstruktiv yanaşma üstün gələcək.
İnsidentlərin araşdırılması mexanizmi üzərində işin tamamlanması
ilə bağlı məsələdə ən yüksək səviyyədə razılıq əldə edilib və
hazırda ATƏT mütəxəssisləri bu məsələnin həlli ilə məşğuldur. Ötən
həftə bu məsələ ilə bağlı ekspert qiymətləndirmələrini Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinə vermişik. Tərəflərin
cavablarını gözləyirik".
İ.Popovun sözlərinə görə, sülhməramlıların göndərilməsi ilə
bağlı məsələ ancaq Dağlıq Qarabağ münaqişəsi üzrə əsas razılıqların
əldə edilməsindən sonra mümkün ola bilər.
Səfir həmçinin bildirib ki, müəyyən mərhələdə Dağlıq Qarabağın
danışıqlar prosesində iştirak etməsi imkanı nəzərdən keçirilə
bilər: "Güman edirəm ki, çərçivə sazişinin imzalanmasından sonra
onların danışıqlar masasında qayıtması imkanı nəzərdən
keçiriləcək".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi
1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi
iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın
Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında
şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20
faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı
Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın
və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü
ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında
imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu
məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24
martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri
Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa,
İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət
həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz
çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa
fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o
cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və
qurumların qətnamələri mövcuddur.