Anntv.az-nin əməkdaşı Rasim Əliyevin döyülərək
öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı
Cavid Hüseynov barəsində olan hökmdən apellyasiya şikayəti
verib.
Bu barədə Axar.az-a C.Hüseyovun vəkili Adəm Məmmədov məlumat
verib.
Onun sözlərinə görə, məhkəmədən bəraət hökmü çıxarılması tələb
olunacaq:
"Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı elan olunan ittihamın
heç bir əsası yoxdur. Cavid Hüseynovun qohumu Elşən İsmayılovla
Votsap yazışması istintaq materiallarında var. Orada gördüyünüz
kimi, Cavid qohumlarının görüşə getməyinə qarşı çıxır. Onlar da söz
verirlər, amma bu sözün üstündə durmurlar. C.Hüseynovun əməlində
cinayət tərkibi yoxdur. Hüquqlarını müdafiə etdiyim şəxsə qarşı
elan olunan ittihamı əsaslandrmaq mümkün deyil. Cavidin bu işdə
günahı olsaydı, 15 il iş verərdilər".
Apellyasiya şikayətinə yaxın günlərdə baxılacaq.
Xatırladaq
ki, bir neçə gün öncə Cavid Hüseynovun qohumu Elşən İsmayılovla
Votsap yazışması yayılıb. Mesajlarda Cavidin bibisi oğlu
E.İsmayılovun R.Əliyevlə görüşə getməsinə təkidlə mane olmağa
çalışdığı əks olunub.
Cavid Hüseynov Rasim Əliyevi "söz ilə yerinə oturdacağnı", onun
artıq üzr istədiyini, görüşə ehtiyac qalmadığını bildirir.
E.İsmayılov təkid etdikdə isə görüşə özünün də gəlmək istədiyini
yazmasından görünür ki, o, sona qədər insidentin baş verməməsinə
çalışıb.
Qeyd edək ki, Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust
ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs
tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi
Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bununla bağlı Bakı Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü
(qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə
səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən
İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir
Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən,
"Qəbələ" klubunun sabiq kapitanı C.Hüseynov da R.Əliyevin döyülərək
qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs
qismində saxlanılıb.
Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı
keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və
S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa
ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda),
E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci
(oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi
üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.
2016-cı il aprelin 1-də keçirilən iclada hökm oxunub. Məhkəmənin
hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il,
S.Mustafayev, K.Mədətov 9 il, Cavid Hüseynov isə 4 il müddətinə
azadlıqdan məhrum edilib.