"Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı Modern.az saytına müsahibə
verib.
Sözügedən müsahibəni təqdim edirik:
-Aynur xanım, "Teleqraf Holdinq"də işlər necə gedir? Hər
şey sizi qane edirmi?
-Allaha şükürlər olsun ki, fəaliyyətimizi davam etdiririk. Amma
bəzi planlarımızı hələ də həyata keçirə bilməmişik. Ona görə də
işlərin məni tamamilə qane etdiyini deyə bilmərəm. Hamı kimi, biz
də qlobal iqtisadi böhranın əziyyətini çəkirik.
Bir müddət əvvəl şirkətdə müəyyən ixtisarlar oldu. Bu,
gözlənilmədən yaranan maddi problemlərlə bağlı idi. İşçilərimizin
bir qismini ixtisar etməyə məcbur olduq, "Gündəlik Teleqraf"
qəzetini bağladıq. Bəzi işçilərimiz də maaşlarının azaldılması ilə
razılaşmadı və işdən getdi. Ancaq hazırkı kollektivlə nə qədər
çətinliklə olsa da, işimizi davam etdiririk. Düşünürəm ki, hazırda
bizimlə çalışan əməkdaşlar sözün əsl mənasında fədakarlıq nümayiş
etdirirlər.
-İqtisadi problemlər həll olunsa, burdan çıxan
əməkdaşları geri qaytarmağı düşünürsünüzmü?
-Əlbəttə. Niyə də olmasın? Biz iş yerimizə öz evimiz kimi
baxırıq. Günün çox hissəsini burada keçiririk. İşdən gedən,
ixtisara düşmüş jurnalistlər mənə doğmadır. Jurnalistin axı getməyə
başqa yeri də yoxdur. Onun işi yazmaqdır. Şərait yaratmaq lazımdır
ki, işləsinlər.
-Reklamlardan lazımi qədər gəlir əldə edə
bilirsiniz?
- Ötən ilin ikinci yarısına qədər reklamlardan böyük gəlir
götürürdük. Hətta bu, bizə yeni media layihələri barəsində
düşünməyə imkan verirdi. Amma sonradan, xüsusilə də ikinci
devalvasiyadan sonra reklam gəlirlərində ciddi eniş müşahidə
olunur...
-Düzdür, mən hansısa media holdinqin rəhbəri deyiləm,
lakin bir jurnalist kimi bilirəm ki, təkcə reklamla media
sütunlarını ayaqda saxlamaq mümkün deyil. Sirr deyilsə, başqa gəlir
qaynaqlarınız haqqında da məlumat verərdiniz?
-Bizim abunədən də gəlirlərimiz var idi. Böyük təşkilatlar həm
bizim qəzetlərə, həm də saytlara abunə yazılmışdılar. Abunə
gəlirləri də üst-üstə toplananda böyük bir rəqəm alınırdı. Bunun
sayəsində işləyə bilirdik.
-Sizi gözləyərkən qapının ağzında Elçin Əlibəylini
gördüm. Deyəsən, yenə öz işinə qayıdıb...
-Bəli, qayıtdı. Bayaq vurğuladığım kimi, biz jurnalistik və
başqa sahəyə ayrılıb getmirik. Bu baxımdan çox tez-tez yollarımız
kəsişir. Xalid Kazımlının gözəl bir sözü var. O deyir ki, biz
bir-birimizin ya keçmiş, ya indiki, ya da gələcək iş yoldaşlarıyıq.
Buna kifayət qədər normal baxmaq lazımdır. Yaxşı jurnalist həm də
yaxşı futbolçu kimidir. Klublar özünə lazımlı oyunçu axtarır,
futbolçular isə ona daha çox dəyər verən nüfuzlu klublarda oynamağa
üstünlük verir. Jurnalist də futbolçu kimi seçim etməlidir. Elçin
Əlibəyliyə gəlincə, o, kifayət qədər tanınmış jurnalistdir, işinin
peşəkarıdır. Düşündüm ki, hazırkı rəqabət gərginliyində və maddi
çətinliklər içində Publika.az saytını ayaqda saxlaya biləcək
şəxslərdən biri də Elçin Əlibəyli ola bilər. Çünki o, əvvəllər də
Publika.az-a rəhbərlik edib, bura onun üçün yad yer deyil. Bu
səbəbdən də Elçin Əlibəylini dəvət etdik. O, artıq Publika.az-ın
baş direktorudur.
-Səhv etmirəmsə, Elçin Əlibəyli kaprizli
insandır.
-Hər bir istedadlı insanın, peşəkarın kaprizləri olur. Bu,
təbiidir. Mən media orqanlarına rəhbərlik etdiyim son 4 il ərzində
qəbul etdim ki, kaprizli, iddialı insanlar təmsil etdikləri media
orqanını yüksəldə bilirlər. Kaprizlər, iddialar, yüksəlmək istəyi
olmayanda nüfuzu da saxlamaq çətinləşir.
-Məndə olan məlumata görə, Aynur xanım çox da kaprizli
bir insan deyil...
-Siz bunu işçilərimizdən soruşsanız, əksini deyərlər. Təbii ki,
mənim də kaprizlərim var...
-"Teleqraf" yeni yarananda sosial şəbəkələrdə sizə qarşı
bir qısqanclıq müşahidə olunurdu. Bu rəqabətin yaratdığı
mübarizədən qaynaqlanırdı, yoxsa başqa səbəblər vardı?
-Burada rəqabət də, qısqanclıq da, bir-birini qəbul etməmək də
vardı. Ancaq düşünürəm ki, bütün bunlar hamısı geridə qaldı. Mən bu
məsələlərə soyuqqanlı yanaşmağı öyrənmişəm. Bu qənaətdəyəm ki,
barlı ağaca daş atanlar çox olur...
-Yəni, sizi sonunda qəbul etdilər?
- Zaman, zəhmət, gecə-gündüz işimiz və oxucularımız öz sözünü
dedi. Faktı qəbul etməmək olmaz.
-Sizcə, holdinqinizdəki maliyyə problemlərinə görə
rəqibləriniz sevinirlər?
- İnanmıram, burada seviniləcək bir şey yoxdur. Çünki medianın
problemləri eynidir – çətinliyimiz də, imkanlarımız da.
-Mediada sizin rəhbərlik etdiyiniz saytlara rəqib
görürsünüz, yoxsa siz də digərləri kimi "bizim sayt öndədir"
deyəcəksiniz? İstərdim daha obyektiv cavab verəsiniz.
- Heç vaxt demərəm ki, bizim rəqibimiz yoxdur. Doğrusu,
məsələlərə bir az geniş baxanda, ölkənin maraqlarını nəzərə alanda,
görürsən ki, "rəqib" və "rəqabət" müstəvisi tamam başqadır.
Məsələn, dördgünlük müharibə zamanı biz gördük ki, rəqibimiz, tutaq
ki, "Reqnum" agentliyidir. Bu sayt öz oxucularına yalan məlumat
çatdırmaqla, erməni təxribatlarını yaymaqla məşğul oldu. Həmin
zaman bütün diqqətimizi rus və ingilis versiyalarımıza yönəltdik və
bir də baxdıq ki, yanımızda olanlar, yəni eyni hədəfə vuranlar elə
özümüzük. Bu məqamda hansısa uğurlu təbliğat da hamımızın adınadır,
səhvlər də. Ona görə də oturuşmuş, ölkədə nüfuzu olan media
qurumlarının rəqib anlayışları və rəqabət meydanı da dəyişib artıq.
Ötənlərdə yaşananlar artıq bitib, o mərhələni çoxdan adlamışıq. Bu
baxımdan deyə bilərəm ki, fəaliyyət göstərdiyimiz müddətdə
qarşımıza qoyduğumuz məqsədlərə çatmışıq. Hansı dəyərləri əlimizdə
bayraq edib mediaya qayıtmışdıqsa, o dəyərlərə sadiqliyimizi
axıradək nümayiş etdirmişik. İstedadımızla və sədaqətimizlə
çalışırıq. İnandığımz siyasi qüvvənin yanındayıq.
-Amma agentliklərdə olduğu kimi, sizin saytlarda da
müəyyən kateqoriyadan olan özəl xəbərlərə rast gəlmək
olmur...
-Siz konkret olaraq hansı xəbərləri nəzərdə tutursunuz?
-Məsələn, hüquq-mühafizə orqanlarından verilən
məlumatlar.
- Yuxarıdakı fikrimə bir daha qayıtmağa zərurət görürəm. Əgər
biz geniş mənada yanaşırıqsa, təsdiq olunmayan məlumatların mümkün
qədər işıqlandırılmamasına çalışmalıyıq.
Təəssüf ki, bəzən sorğularımızın cavabları gecikir və yaxud
bizim rəsmi sorğularımızın cavabının tamam ayrı xəbər portallarına
göndərildiyinin şahidi oluruq. Bu hal əvvəllər dəqiqləşdirilmədən
məlumat yaymağa bizi təhrik edirdisə, indi fərqli yöndən yanaşırıq.
Təkrar müraciətdə, qoyduğumuz konkret suallara cavabların fərqli
məkana göndərilməsinin səbəbini soruşduqda bəzən deyirlər: "bizə
filan media orqanlarıyla işləmək tapşırığı verilib".
Bu ayrı-seçkilik ümumi işimizə mane olur, ancaq bu mərhələ də
artıq geridə qalmaqdadır. Hazırda xəbərin rəsmi təsdiqi üçün
imkanlar da genişlənib, rəsmi qurumların bir çoxunun saytı çox
operativləşib. Ona görə də "özəl" adı ilə verilən təsdiqlənməmiş
xəbərlərin də sayı azalıb.
-Siz 2010-cu il parlament seçkilərində deputatlığa
namizədliyinizi versəniz də, sonradan geri götürdünüz. Bunun səbəbi
nə idi?
-Bu, şəxsi problemlərimlə bağlı idi. Sadəcə, fiziki baxımdan
imkanım çatmadı ki, seçki prosesində sonadək iştirak edim. Bu
baxımdan da seçkidə iştirakımı dayandırdım...
-İsa Qəmbərlə üz-üzə gəlsəniz, salamlaşıb görüşərsiniz,
yoxsa?..
- Doğrusu, üz-üzə gəlmirik və gələcəyimizə də inanmıram. Amma nə
zamansa olarsa, niyə də görüşməyim?! Biz normal, demokratik bir
ölkədə yaşayırıq.
-Yerli televiziyaları izləyirsiniz?
-Yerli televiziyaları izləməyə nə vaxtım, nə də həvəsim var.
Çünki məni maraqlandıran xəbərləri gün ərzində internet vasitəsilə
alıram. Buna görə də işdən sonra evdə televiziyanı izləməyə ehtiyac
olmur. Bu, o demək deyil ki, mən TV izləməyi sevmirəm.
Sadəcə, yerli televiziyalarda məni cəlb edən bir şey yoxdur.
Müəllif verilişləri həddən ziyadə bəsitdir. Türkiyə
televiziyalarına baxıram. Orda müəllif verilişlərinin aparıcıları
daha intellektualdırlar. Bizdəki verilişlərin səviyyəsi aşağıdır və
təəssüf ki, bu proses mənfiyə doğru getməkdə davam edir. Düşünürəm
ki, güclü bir yenidənqurma, müdaxilə olmasa, Azərbaycan
televiziyalarının durumu daha da pisləşəcək.
-3 övladınız var. Yəqin, onlar da sizin vaxtınızı xeyli
məhdudlaşdırır...
-Əlbəttə. Onsuz da gün ərzində onları çox az görürəm. Axşamlar
çalışıram ki, övladlarıma vaxt ayırım. Həyat onlarla
gözəldir...
-2020-ci ildə növbəti parlament seçkiləri keçiriləcək. O
zamana qədər salamatlıq olsun, uşaqlarınız da böyüyəcək. O zaman
deputatlığa namizədliyinizi verəcəksiniz?
-Qismət olarsa, bu barədə düşünərik. İndidən bu barədə danışmaq
tezdir.
-Vaxtınız məhduddur. Amma hər halda, arada hansısa
kitabı vərəqləməmiş olmazsınız. Qısası, sözü sizin mütaliəniz
üzərinə gətirmək istəyirəm.
- İnformasiya texnologiyalarının yaratdığı informasiya bolluğu
print medianı – qəzet-jurnal, hətta kitabı – klassik kitabı sürətlə
sıradan çıxarır. İnternet büsbütün həyatımıza, məişətimizə daxil
olub. İmkan olan kimi oxumağa çalışıram. Daha çox tarixi ədəbiyyat
oxuyuram. Xüsusən "Möhtəşəm yüz il" serialından sonra Osmanlı
tarixinə güclü marağım yaranıb. Bu mövzuda əlimə nə keçsə,
oxuyuram. Hər dəfə Türkiyəyə yolum düşəndə tarixdən bəhs edən xeyli
kitab alıram. Haqqında oxuduğum tarixi yerləri ziyarət etmək də
mənimçün çox maraqlıdır. Hazırda oxuduğum kitabsa Orxan Pamukun
"Qırmızı saçlı qadın" romanıdır.
-Azərbaycan yazarlarını bəyənmirsiniz?
- Niyə bəyənmirəm?! Kamal Abdulla, Anar, Rüstəm Behrudi, Ramiz
Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Salam Sarvan, Pərviz
Cəbrayıl, Qulu Ağsəs, Xanəmir və s. çox sevdiyim, hörmət etdiyim
yazıçı və şairlərdir. Vaqif Səmədoğlunun da adın çəkmək istərdim –
baxmayaraq ki, dünyasını dəyişib. Yəni hazırda aramızda yaşayanları
nəzərdə tuturam. Gənclərin də yaradıcılığını izləyirəm. Aqşin
Yenisey, Şərif Ağayar çox istedadlı yazarlardr, Seymur Baycanın
əsərləri də maraq dairəmdədir. Amma təəssüf edirəm ki, Seymur
Baycan yazdığı əsərlər üzərində çox işləmir. Onun əsərlərini
oxuyanda mənə elə gəlir ki, o, sanki tələm-tələsik köşə yazısı
yazıb, redaktorun üzərinə atıb gedib. Azərbaycanda iki zümrə yazar
var: ya istedadının, ya da mütaliəsinin gücünə yazanlar. İkisi bir
arada olanlar barmaqla sayılacaq qədərdir.
-Əkrəm Əylislinin əsərlərini necə qiymətləndirirsiniz?
Amma mən istəməzdim ki, sırf ideoloji prizmadan qiymət
verəsiniz.
-Sırf yaradıcılıq baxımından Əkrəm Əylisli çox istedadlı yazıçıdır.
Amma təəssüf ki, son yazdıqları ilə özünü bitirdi. Mənə elə gəlir,
niyə belə etdiyi onun özünə də aydın deyil.
-Bəs musiqi zövqünüzü necə dəyərləndirmək
olar?
-Musiqi zövqüm qarışıqdır. Bəzən xalq mahnılarını həddindən
artıq çox dinləyirəm, bəzən də rok musiqilərini. Bu, daha çox
ovqatla bağlıdır.
-Heç çalışıblarmı ki, "Teleqraf Holdinq"i sizin
əlinizdən alsınlar?
-Xeyr. Bu, heç mümkün də deyil. Bu şirkət mənim adımadır.
Sadəcə, mən bu holdinqi sata bilərəm, çünki şəxsi mülkiyyətimdir.
Satmaq niyyətim isə yoxdur.
-Şəxsi mülkiyyətiniz olduğuna görə, bəlkə də bu sualı
verməyim etik olmaz. Amma güman edirəm bir jurnalist kimi başa
düşərsiniz. Öz vəzifənizi başqasına həvalə etməyi
düşünürsünüzmü?
-Başqa bir fəaliyyət sferasında çalışmalı olsam, buna məcbur
olsam, əlbəttə ki, siz dediyinizi edərəm. Bizim güclü komandamız
var. Elə əməkdaşlarımız var ki, mən burda olmasam belə, bu şirkəti
çox böyük bacarıqla, ustalıqla idarə edə bilər.
-Mətbuat Şurası ilə bağlı birmənalı fikirlər yoxdur.
Tənqid edənlər daha çoxdur. Bu barədə siz nə deyə
bilərsiniz?
-Azərbaycanda real vəziyyətdən sui-istifadə edən o qədər media
orqanı var ki... Düşünürəm ki, Mətbuat Şurasının əlində inzibati
üsullar olsa, bunların qarşısını ala bilər. Ölkə mediası yekrəng
deyil. Siyasi yönümü fərqli olanlardan başqa, bir də ümumiyyətlə,
nə cür fəaliyyət göstərdiyi məlum olmayan bir dəstə var. Onlara ad
qoymaqda çətinlik çəkirəm. Bunun qarşısını almaq yalnız Mətbuat
Şurasının səlahiyyətində olan məsələ deyil. Hesab edirəm ki,
Mətbuat Şurası, o cümlədən KİV DF medianın inkişafı üçün
səlahiyyətləri daxilində mümkün olanları edirlər. Əlbəttə, biz bəzi
məqamlarda MŞ-dən daha sərt addmlar da gözləyirik! Düşünürəm ki,
mediaya aid qanunlara müəyyən əlavələrin edilməsi, bəzi müddəaların
bir qədər sərtləşdirilməsi üçün də təkliflər hazırlana bilər.
-Sizin rəhbəri olduğunuz holdinq iqtidar mediasına
yaxındır, yoxsa müstəqildir? Özünüzü hansı müstəvidə
görürsünüz?
- Bizim media holdinqə daxil olan saytlar xəbər portallarıdır,
ölkədəki sosial, ictimai-siyasi həyata aid xəbərlər yayırıq.
Ölkənin siyasi həyatında isə bir aparıcı qüvvə var – YAP.
Müxalifətin fəaliyyəti yoxdursa, onun hansı xəbəri yayılmalıdır
ki?! Ancaq bilirsiniz, bütün dünyada media holdinq rəhbərlərinin
şəxsi siyasi baxışı olur, mənim də Prezident İlham Əliyevə siyasi
simpatiyamın olduğunu təkrarlamağa ehtiyac yoxdur. Əlbəttə ki, bu
siyasi yönümüm təbliğatda özünü göstərir.
-Bu, qərəzli olmağa gətirib çıxarmır?
-Xeyr. Əgər işimizi peşəkarlıqla görə biliriksə, hansısa
qərəzdən söhbət gedə bilməz.
-Mən yenə fikrimin üzərində israrla dayanıram. Bu
məsələdə sırf jurnalistika prinsiplərindən yanaşsaq, balans
pozulur.
- Mən də bayaqkı fikrimi təkrarlayıram: siyasi arenada rəqib və
rəqibin fəaliyyəti yoxdursa, hansı müxalif xəbəri verməliyik? Media
baş verənlərə Əlahəzrət Fakt prizmasından yanaşmalıdır.
-Mənə çay təklif etdiniz, təşəkkür edirəm. Amma sizə çay
verilmədi. Deyəsən, orucsunuz.
-Bəli, oruc tuturam.
-Ümumiyyətlə, nə zamandan oruc tutmağa
başlamısınız?
-Son illər hər Ramazanda oruc tuturam. Bu, dinimizdən irəli
gələn çox gözəl ritualdır. İnsanın öz nəfsini qoruya bilməsi üçün
gözəl ayindir. Orucluq insanın sağlamlığı üçün də çox önəmlidir.
İldə 1 ay bu rituala əməl etmək insanda çox gözəl hisslər,
əhval-ruhiyyə yaradır. Adama elə gəlir ki, öz gücünü təkrar
sınaqdan keçirə bilirsən...
-İbadət də edirsiniz?
-Xeyr. Hələ özümü buna hazır görmürəm. Bəlkə nə zamansa namaz
qılaram.
-Deyirlər qadından yaş soruşmazlar. Mən isə bu
stereotipi qırmışam. Neçə yaşınız var?
-Çox təəssüflər olsun ki, mən də artıq yaşlanıram, artıq 41
yaşım var.
-Amma gənclik təravətini qoruyub-saxlayırsınız. Halbuki,
stress, gərgin iş rejimində belə qalmaq çətin olur.
-Təşəkkür edirəm. Heç bir xüsusi səbəb yoxdur. Hər bir qadın
özünə fikir verməlidir. Bunlar kifayət qədər normaldır.
Peyğəmbərimiz buyurur ki, insanlar 3 şeydən zövq ala bilər: gözəl
qadın, gözəl qoxu, bir də ibadət. Demək ki, qadınlar gözəl
görünməyə həm də borcludurlar...
-Bir ara rusdilli saytınız da vardı. Fəaliyyətini niyə
dayandırdınız?
- Bəli, "İzvesyiya.az" rusdilli publika üçün nəzərdə tutulmuşdu.
Sonra biz onun formasını dəyişdik. Axar.az saytının hazırda rus və
ingilisdilli versiyaları var.
-Bir jurnalist kimi siz hansı növ yazılara üstünlük
verirsiniz? Xəbər, müsahibə, reportaj, yoxsa köşə
yazısı?
-Ümumiyyətlə, jurnalistikanı bunlarsız təsəvvür etmək mümkün
deyil. Xəbərlər əsasında təhlillər olur, müsahibələr alınır. Bu
baxımdan hamısına üstünlük verirəm. Amma bir yazar olaraq mənim
üstünlük verdiyim köşə yazısıdır.
-Yoldaşınız çox dəstək olur sizə?
-Bəli, həyat yoldaşım hər işimdə mənə dəstəkdir. Holdinqidin
yaradılmasında, kollektivin formalaşdırılmasında mənə arxa olub.
Onun dəstəyi sayəsində rahat işləyə bilirəm.