Ağ Ev Administrasiyası
Azərbaycan ərazisinin 20%-ni işğal edən Ermənistan qoşunlarının
geri çəkilməsini tələb edən və baxımsız qalmış Sərsəng bəndinə görə
humanitar fəlakətlə üzləşə biləcək yüz minlərlə vətəndaşın
vəziyyətini vurğulayan petisiyaya rəsmi cavab verib.
APA-nın Ağ Evə
istinadən verdiyi məlumata görə, cavabda ATƏT-in Minsk Qrupu kimi
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllinə
dəstək ifadə olunub.
Cavabda bildirilir ki, Ağ ev Sərsəng su anbarı ilə bağlı AŞPA-da
qəbul edilən 2085 saylı qətnamə ilə tanışdır, lakin AŞPA üzvü
olmamasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllində maraqlı olan istənilən tərəflə fikir mübadiləsi aparmaq
imkanlarını yüksək qiymətləndirir: "Biz tərəfləri təmkinlik
göstərməyə, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın
nəzarətinə qaytarılmasını və Dağlıq Qarabağın statusunun
müəyyənləşdirilməsini özündə əks etdirən hərtərəfli sülh sazişi
üzərində dərhal danışıqlara başlamağa çağırırıq. Tərəflərlə davam
edən dialoqun bir parçası olaraq biz humanitar məsələlərlə bağlı
müzakirələrin də aparılmasına çalışırıq və çalışacağıq. Sərsəng su
anbarının idarə olunması və istismarı bunlardan biridir. Biz
tərəflərdən olan texniki ekspertlərin idarə olunma və bənd
yoxlanmasını müzakirə etməklə bağlı görüşünü alqışlayırıq.
Həmsədrlər bu kimi görüşlərə təkan verməyə hazırdır. Uzun sürən bu
münaqişənin həlli Azərbaycan və Ermənistan prezidentlərinin siyasi
iradəsindən asılıdır. ATƏT-in Minsk qrupu ölkəsi kimi biz regionda
sülh və rifahın təmin olunmasında səylərimiz davam
etdirəcəyik".
Bununla bağlı açıqlama verən petisiyanın müəllifi Azərbaycanda
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti
Elxan Süleymanov ABŞ Administrasiyasının petisiyada Sərsəng su
anbarının hazırkı durumu səbəbindən baş verə biləcək humanitar
fəlakətin qarşısının alınmasına yardım edilməsi ilə bağlı hissəyə
etinasızlıq göstərməsindən təəssüfləndiyini bildirib. Onun
sözlərinə görə, petisiyada faktiki olaraq işğala məruz qalmış
rayonlarda, xüsusilə Sərsəng ərazisində yaşayan əhalinin insan
hüquqlarının vəziyyəti vurğulanır, Ağ Evin cavabı isə daha çox
Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə yönəlib: "Bu
mənada bir faktı təqdir edirik ki, ABŞ Administrasiyası öz
mövqeyində Dağlıq Qarabağın separatçı həll yolunu dəstəkləmir və
qanunsuz olaraq öz müqəddəratını təyin etməyə imkanı yaratmır. Ağ
Ev cavabında Sərsəngin hazırkı vəziyyətinin qurbanları olan
insanların əsas hüquqlarına dair mühüm məsələdən yayınır, lakin ABŞ
Administrasiyasının Ermənistanın ritorikasına qoşulmamasını yüksək
qiymətləndiririk. Şübhəsiz, biz də ən qısa vaxtda Dağlıq Qarabağ
ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasını və
Ermənistan qoşunlarının geri çəkilməsini istəyirik. Bundan əlavə,
ABŞ Administrasiyasının Ermənistanı açıq-aydın təcavüzkar və
işğalçı adlandıran bu ifadə formasını təqdir edirik. Dağlıq
Qarabağın gələcək statusuna gəldikdə, qeyd edirik ki, həqiqətən də
bir çox Avropa ölkəsində olduğu kimi, yerli muxtariyyət səviyyəsi
müəyyən edilə bilər. BMT-nin bir sıra qətnamələrində və AŞPA-nın
2085 (2016) saylı qətnaməsində təsdiqləndiyi kimi, Dağlıq Qarabağ
işğal edilmiş ətraf rayonlarla birlikdə Azərbaycanın bir hissəsidir
və bu, həmişə belə olacaq. ABŞ Administrasiyası da beynəlxalq
qətnamələrə hörmət etdiyindən, Obama Administrasiyası Dağlıq
Qarabağın statusunun müəyyənləşdirilməsini müzakirə edərkən,
açıq-aydın Azərbaycanın suveren sərhədləri çərçivəsində yerli
muxtariyyət səviyyəsini nəzərdə tutur".
AVCİYA prezidenti əlavə edib ki, Ermənistanın təcavüzkar,
Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan
silahlı qüvvələrinin nəzarətində olması, Sərsəng bəndinə görə
humanitar fəlakətin qaçılmazlığı faktları iki aydan artıq müddətdə
Ağ Evin rəsmi saytında qeyd edilib: "İyirmi ildən artıqdır ki,
qərəzli beynəlxalq mətbuat tərəfindən yanlış məlumatlandırılan
bütün dünyadan olan milyonlarla insan iki aydan artıq vaxtda bu
sayta daxil olaraq ölkəmizə qarşı törədilmiş ədalətsizlik və
vətəndaşlarımıza təhdid yaradan konkret təhlükələr və
torpaqlarımızın işğalı barədə düzgün məlumat əldə edib. Bu səbəbdən
bu petisiya ərazilərimizin işğaldan azad edilməsinə aparan yolda
olduqca mühüm və əhəmiyyətli fəaliyyətdir. Bu, Azərbaycanın
intellektual mübarizədə mühüm qələbəsidir".