Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə
Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
VIII Ali Səviyyəli toplantısı bu gün işini panel iclaslarla davam
etdirib.
Komitənin mətbuat xidmətindən Axar.az-a bildirilib ki,
"Gələcəyin siyasi xəritəsi" mövzusunda keçirilən panel iclasda
regional təmsilçilik, müxtəlif bölgələrədəki münaqişələr,
idarəçilik, qloballaşan dünyada dövlətlərin rolu, siyasətin
regionallaşması və iqtisadiyyatın qloballaşması kimi məsələlərlə
bağlı geniş fikir mübadiləsi aparılıb.
İclasda Ərəb Liqasıının sabiq Baş katibi Əmr Musa, Azərbaycan
Respublikasının Prezident Adminstrasiyası Rəhbərinin müavini,
Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Latviyanin sabiq
Prezidenti Valdis Zatlers, Gürcüstanın sabiq Baş nazirinin müavini
Eka Tkeşelaşvili və Rumıniyanın sabiq Prezidenti Emil
Konstantinesku çıxış edib.
Paneldə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı çıxış edən Novruz Məmmədov bildirib ki, Varşava Paktı və
SSRİ-nin süqutundan sonra meydana gələn konfliktlər beynəlxalq
münasibətlərdə ədalətin yoxluğu səbəbindən baş verib:
"Azərbaycan müstəqillik illərində sabitliyini, təhlükəsizliyini
və davamlı inkişafını təmin edə bilib. Ancaq qonşu ölkəylə olan
problemimiz ölkənin gələcək inkişafına mane olur. Münaqişənin
həllində beynəlxalq hüquqa əməl edilmir, BMT-nin 4 qətnaməsi yerinə
yetirilmir. ATƏT-in Minsk Qrupuunun həmsədrləri 25 ildir effektiv
iş ortaya qoya bilməyib. Bütün bu proseslər geosiyasi maraqlara
qurban verilir. Münaqişə davam edir, lakin əməli iş görülmür.
Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla işğal olunan 20
faiz Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş şəxslərin
hüquqlarından danışılmır, BMT TŞ-nin qətnamələrindən
danışılmır".
Daha sonra bu ilin aprelində Ermənistan silahlı qüvvələri
tərəfindən Azərbaycan ordusu ilə təmas xəttində həyata keçirilən
hərbi təxribatlara toxunan N.Məmmədov diqqətə çatdırıb ki, aprel
döyüşlərində Ermənistan tərəfi fosfor bombalarından istifadə edib,
diplomatik korpusun hərbi attaşeləri də bunun şahidi olub.
N.Məmmədov ermənilərin Azərbaycana nüvə bombası ilə hədə-qorxu
gəldiklərini də vurğulayıb.
O, bildirib ki, Metsamor Atom Elektrik Stansiyasının
bağlanmasının zəruriliyini diqqətə çatdırıb və bildirib ki,
beynəlxalq cəmiyyət bu cür məsələlərə vaxtında reaksiya
göstərməlidir, lakin işğalçı Ermənistana heç bir təzyiq
göstərilmir, sanksiya tətbiq edilmir:
"Azərbaycan Avropanın enerji xəritəsini dəyişdirmək üçün hər
şeyi edən bir ölkədir. Azərbaycanın təşəbbüsü və istəyi ilə
reallaşdırılan TAP layihəsi də bunun parlaq göstəricisidir. Son 25
ildə Azərbaycanın daxili və xarici siyasəti səmimi, qarşılıqlı və
faydalı əməkdaşlığa istiqamətlənib. Azərbaycan İslam və Xristian
dünyalarının sərhəddində, Şərq və Qərb, Şimal və Cənub arasında bir
ölkədir. ABŞ və Avropa ölkələri ilə uğurlu və hərtərəfli əməkdaşlıq
qurur".
Toplantı çərçivəsində bu gün baş tutan digər bir paneldə isə
tarixən demokratiyaya təhlükə törədən hökümətlər, totalitar
rejimlərin xalqların həyatındakı buraxdığı izlər, ABŞ-dakı siyasi
vəziyyət, miqrant problemi, qloballaşan dünyada iqtisadi
dəyişikliklər kimi mövzularda fikir mübadiləsi aparılıb. Paneldə
Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, Ukraynanın sabiq
birinci xanımı Katerina Yuşşenko, Serbiyanın sabiq Prezidenti Boris
Tadiç, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili
çıxış edib.
Andorrada keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII
Ali Səviyyəli toplantısı bu gün işini yekunlaşdıracaq.