Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və ailəsinin böyük sərvətə sahib olduğu iddia edilir. Araşdırmaya görə, təkcə Volodinin bank hesablarında 1 milyard rubla yaxın vəsait var, onun 90 yaşlı anasının hesablarında isə daha 750 milyon rubl saxlanılır.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondunun (FBK) araşdırmasında bildirilir.
FBK-nın məlumatına görə, Vyaçeslav Volodin təkcə 2025-ci ildə təxminən 258 milyon rubl gəlir əldə edib. Araşdırmaçılar Dövlət Duması sədrinin müxtəlif bank hesablarında ümumilikdə 1 milyard rubla yaxın vəsaitinin olduğunu bildirirlər.
Lakin araşdırmada ən çox diqqət çəkən məqamlardan biri Volodinin 90 yaşlı anası Lidiya Barabanovanın sərvətidir. Vaxtilə kənd müəllimi işləmiş Barabanovanın hazırda 10-dan çox şirkətə sahib olduğu bildirilir. FBK-nın iddiasına görə, həmin şirkətlər dövlətdən yüz milyonlarla rubl həcmində maliyyə dəstəyi alıblar.
Araşdırmaçılar 90 yaşlı qadının bank hesablarında təxminən 750 milyon rubl olduğunu da müəyyənləşdirdiklərini bildirirlər.
Volodinin digər qohumlarının adına rəsmiləşdirilmiş daşınmaz əmlak da araşdırmaya daxil edilib.
FBK-nın məlumatına görə, onun qayınatası Yuri Polyakin Gelencik yaxınlığında təxminən bir hektarlıq torpaq sahəsində böyük malikanə tikdirir.
Tikilməkdə olan iqamətgahın sahəsinin 700 kvadratmetr olduğu, kompleksdə ayrıca hovuzun da nəzərdə tutulduğu bildirilir.
Beləliklə, FBK-nın açıqladığı məlumatlara əsasən, təkcə Volodin və anasının bank hesablarında ümumilikdə təxminən 1,75 milyard rubl vəsait mövcuddur. Bura ailənin şirkətlərinin və daşınmaz əmlakının dəyəri daxil deyil.