Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin
təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Brüsselə
getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey
deyil.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev
bildirib.
"Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika
parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof,
yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl
Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və islamafob
baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal
olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz
şəxslər siyahısına daxil edilib. Azərbaycan Respublikasının Belçika
Krallığında səfirliyinin etirazına cavab olaraq, Belçika parlamenti
və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi
xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib",
- o vurğulayıb.
H.Hacıyev bildirib ki, Ermənistanın diplomatik pasportu ilə
hərəkət edən B.Saakyan adlı şəxs Şenqen vizasının alınması
prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış
bilgi verir:
"Narazılıq doğuran hal odur ki, Şərq Tərəfdaşlığı proqramında
iştirak edən digər ölkələrin halında Şenqen vizasının alınması
prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi
halda saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə
baxmayaraq, Bako Saakyana Şenqen vizası rəsmiləşdirilir. Bu bir
daha onu sübut edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin
iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən
sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və
qəbuledilməz olan "status-kvo"nun dəyişdirilməsi üçün addımlar
atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə
münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə
çalışır".