Azərbaycan Təhsil Nazirliyi tələbələrin narazılığına
səbəb olan "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları" ilə
bağlı açıqlama yayıb.
"Axar.az" Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki,
Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli
qərarı ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura
səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"
Azərbaycanın qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə
uyğun hazırlanıb.
Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən
xaric olunmasını aradan qaldırır və tələbə universitetin
kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma
prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan
qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən
tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan
kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin
toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu
olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir: "Bu ödəniş
illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir.
Lakin yeni qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən
bəzi hallarda bu şərt narazılığa səbəb olub. Bununla əlaqədar qeyd
olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin
qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında
Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə əməl etmir,
daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində
akademik borcların artımına gətirib çıxarır. Digər hallarda isə ali
təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün
tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq
kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin
ödənilməsi tələbinə səbəb olur".
Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi
qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan
bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilib. Ali
təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin
qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların
tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla)
yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla edilə bilər. Qeyd
olunan halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən
bütün ali təhsil müəssisələrinə müvafiq tapşırıq və tövsiyələr
verilib.
Eyni zamanda, Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil
müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların
tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə
düzgün və aydın şəkildə şərh edilməlidir: "Bununla yanaşı, tələb
olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının
sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı
olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır
və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq
təcrübəyə əsaslanmır.
Təhsil Nazirliyi bildirir ki, ali təhsil sahəsində aparılmış
islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə
muxtariyyətı əldə etmişlər. Belə olan təqdirdə ali təhsil
müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən
kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və
sair) təhsil haqqlarının ödənilməsi məqsədilə öz büdcələrində
xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər.
Qeyd edək ki, 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə
bağlı, o cümlədən Qaydaların tətbiqi ilə bağlı bütün suallar
nazirliyin facebook səhifəsində operativ şəkildə
cavablandırılacaq.